​“Kürdüstan projesi Kremlin Türkiyəyə qarşı istifadə etdiyi kartdır”

Əli Əliyev: “Rusiya Yaxın Şərqə qayıtmaq planını həyata keçirməkdədir”
 
 
İraq hökuməti kürd muxtariyyəti ilə neft müqaviləsi bağlamamaqla bağlı bütün ölkələrə xəbərdarlıq edib. Hansı ki, Rusiya artıq belə bir müqavilə bağlayıb və kürd muxtariyyəti ərazisindəki neft yataqlarına müəyyən sərmayə də qoyub.
 
Maraqlıdır, Rusiya öz maraqları naminə yaxın gələcəkdə Türkiyə ilə razılaşmadan bir bəhanə ilə imtina edərək kürd muxtariyyətinə dəstək ola bilərmi? Mümkündürmü ki, Moskva enerji maraqlarını təmin etmək üçün kürdlərin müstəqilliyinə yardımçı olsun?
 
Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev regionda vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğuladı:
 
“Rusiya artıq “Rosneft”in timsalında kürd muxtariyyəti ilə neft sazişi imzalayıb. Bu saziş iqtisadi olmaqla yanaşı, həm də siyasi müqavilədir. Rusiya Yaxın Şərqə qayıtmaq planını həyata keçirməkdədir. Suriyada möhkəmləndikdən sonra, Liviya, indi də İraqda mövqelərini möhkəmləndirmək fikrindədir. Etiraf edək ki, Suriyada istədiyini əldə edə bilər. Hələlik Əsəd rejimi qorunub, Əsədin istefası gündəlikdən çıxarılıb. Bu bölgədə Rusiya İran, ABŞ, AB, nəhayət Türkiyə ilə rəqabətdədir. Suriya məsələsində Rusiyanın qazandığı ən böyük uğur Qətər qazının Türkiyə üzərindən Avropaya çıxarılmasının qarşısını almağıdır. İraqda da iqtisadi çıxarlarla yanaşı, geopolitik istəkləri var.
Ərbil ABŞ layihəsidir. Muxtariyyət referendumundan sonra Rusiyanın fəallığına səbəb bölgədə ABŞ və İsraillə yaxınlaşmaq, digər tərəfdən bölgədə hegemonluğa can atan Türkiyə və İrana qarşı müttəfiq tapmaqdır. Bu yolla ruslar münasibətləri gərgin olan Tramp administrasiyası ilə əlaqə qurmağa səy göstərirlər. Alınmasa belə bölgədə təsir vasitələrinə malik olmaqla, başqa məsələlərdə danışıq predmetinə sahiblənmək istəyirlər.
Kərkükün İran xüsusi təyinatlı qüvvələri tərəfindən azad edilməsi hələlik muxtariyyəti qeyri-müəyyən edir. Bağdad qüvvələri də Türkiyənin təsiri və patronajı altında hərəkət edir. İndidən nəyi isə söyləmək çox çətindir. Amma kürd hərəkatı Kremlin əlində ikinci Cahan savaşından sonra bölgədəki rəqiblərinə, xüsusilə Türkiyəyə qarşı istifadə etdiyi kartdır. Lakin bununla hədəflədiyi nəticəyə müvəffəq olacağına inanmıram”.

Загрузка...
Загрузка...