​Kürdüstan kartı: Bu məkrli oyunda udan ABŞ, İsrail, uduzansa Türkiyə və İran olacaq...

Baxış sayı: 
242
0  
0  

 
 
Orta Şərqdə dünya və regional güclərin yeni düzən qurma siyasətini şərtləndirən səbəblərin başında  kürd millətinin mübarizəsi  və bu mübarizənin önündə gedən liderinin olması gəlir. Bu vacib şərt olmasaydı, onu süni şəkildə yaratmaq mümkün deyildi və yeni düzən quruluşuna “Ərəb baharı” da kömək etməyəcəkdi. Həmin dünya güclərinin hədəfində İran da var və Güney Azərbaycan türkləri konkret tarixi əraziyə malik olmasına  və əhali sayının da kürdlərdən 5 dəfə çox olmasına baxmayaraq İkinci dünya müharibəsindən sonra milli azadlıq hərəkatı Güney Azərbaycanda bir daha yaranmadı, hətta şah rejimi devriləndə də  tarixi şəraitdən yararlanmaq üçün nə milli  lider oldu, nə siyasi mübarizə aparıldı. Və təsadüfi deyildi ki, Cavad Heyət kimi ziyalı o dövrdə nəşr etdiyi “ Varlıq” jurnalının üz qabığında iki rəsm vermişdi: bir tərəfdə İran kürdlərinin sayı -3 milyon və liderinin şəkli, digər tərəfdə  Güney Azərbaycan türklərinin sayı-15 milyon, amma liderin şəkli yox idi.
 
Əlbəttə, İran İraq deyil, daha güclü dövlətdir, amma tarixi şərait bəzən güclüləri də müəyyən müddətə zəif salır. İran rejimi də dünya güclərinin - ən azı bu gün Kürdüstan dövlətinin yaranmasında baş rol oynayan ABŞ və İsrailin hədəfindədir və milli faktor kimi soydaşlarımızın müstəqillik uğrunda mübarizəsi, bu hədəfi müəyyənləşdirən güclərin siyasətində vacib amil ola bilərdi. Açığı zaman-zaman bu istiqamətdə dünya gücləri tərəfindən fəaliyyət də aparılıb,  gizli daxili güclər də yaradılıb, amma təəssüf ki, milli münarizənin və onun başında dayanan liderin olmaması səbəbindən istənilən səviyyəyə gəlib çatmayıb.., hələ ki...
  
Yəni, kürdlərin mübarizəsi və Bərzaninin özünün dediyi kimi 16 yaşından (atası Mustafa Bərzani bu mübarizənin başında duranlardan olub)  bu məqsəd uğruna dava aparması əsas şərtdir. Son 27 ildə Kürdüstan dövlətinin qurulması siyasəti artan xətt üzrə inkişaf edib  bu nöqtəyə çatdı və Səddam Hüseynin devrilməsindən sonra gücləndi. Amma bölgənin güclü dövləti Türkiyənin sərhədlərində onun   torpaq bütünlüyünə və təhlükəsizliyinə zərər vura biləcək müstəqil kürd dövlətinin yaranmasına ABŞ-Türkiyə, Avropa Birliyi-Türkiyə, İsrail-Türkiyə münasibətlərinin AKP hakimiyyətinə qədər balanslı qurulması siyasəti belə bir dövlətin yaranmasına imkan verməmişdi. Son 10-12 ildə Ərdoğanın apardığı anti-Qərb siyasəti və Bərzani ilə münasibətlərini  mərkəzi İraq hakimiyyətinin iradəsi əleyhinə qurması, dəfələrlə onu Türkiyəyə dəvət edib Kürdüstan bayrağının aeroportda qaldırılmasına göz yumulması, Diyarbəkirə aparıb öz vətəndaşlarına xüsusi bir statusla təqdim etməsi bu nəticəni verən ikinci əsas amildir.
 
Üç gündür Habur sərhəddində “hərbi təlim” adı ilə kiçik bir hərbi dəstə tərəfindən şumluqda tankların ora-bura sürülməsi göstəridən o yana deyil. Türkiyə bilir ki, qarşısında Kürdüstan yox, ABŞ durur, İsrail durur. Düzdür, Türkiyə regional təhlükəsizliyini öz sərhədlərindən kənarda - Suriyada, İraq ərazilərində aparır və doğru siyasətdir, amma sonunda görünən real nəticə - kürd dövlətinin qurulması Türkiyə daxilində PKK-nın fəaliyyətini, separatçıları daha da şirnikləndirə bilər.
 
Iranın İraq üzərində təsirinin tamam yox edilməsi prosesi bundan sonra sürətlənəcək. Zəif mərkəzi İraq hakimiyyətinə qarşı tezliklə müxalif qüvvələr geniş fəaliyyətə başlayacaq. Onların hakimiyyətə gəlməsinə elə ABŞ kömək edəcək və şərt də belə olacaq: Kürdüstan dövlətinin yaranmasında lazımi köməyi göstərə bilməyən İran hədəfə alınmalı, münasibətlərin kəskinləşməsi istiqamətində elə addımlar atılmalıdır ki, İran uzun müddət  narazılığını sürdürməklə bu bölgədə ilişib qalsın. Hakimiyyətə gətirdiyi yeni qüvvə isə ilk olaraq Kürdüstanın müstəqilliyini qəbul edib, bölgədə sülhün vacibliyi naminə adı ilə onu tanıyacaq.., ardınca da bütün dünya. Düzdür, bu proses bir xeyli zaman sürəcək, Türkiyə, İran tezliklə yaranmış vəziyyətlə barışa bilməyəcək, hətta qanlı toqquşmalar da istisna deyil.  Amma, elə bu vəziyyətin özündən Qərb dairələri yararlanacaq, bu siyasətin özü  İsraildən, bütövlükdə Suriya problemindən İranı uzaqlaşdırmaq,  Qətər kimi körfəz ölkələrinə də İranın tərəfində durmağın acı nəticəsini sübut etmək siyasətidir. Türkiyə də öz acı dərsini almış olacaq...
 
ABŞ Ərbildə 600 milyon dollar dəyərində konsulluq tikir. Konsulluqdan çox, hərbi, siyasi, kəşfiyyat, antiterror  və digər vacib funksiyaları yerinə yetirən mütəxəssislər bazası  desək daha doğru olar. Kürdüstanın  tezliklə ayaq üstə duran dövlət olması çox çətin olacaq və Amerika bunu bilir, ona görə də gizlətmədən yeni dövlətin çətinliklərini ordakı mütəxəssislərinin rəyləri ilə həll etməyə çalışacaq.
Rusiya isə Kürdüstana indiyədək ən çox investisiya qoymuş ölkədir, neft-qaz sənayesinə indiyədək 4 milyard dollarlıq  yatırım qoyub ki, bu da investisiya qoyan dövlətlər arasında ən yüksəyidir.
Azərbaycan separatizm nəticəsində torpaq itkisinə məruz qalmaqda davam etdiyi üçün İraqın ərazi bütövlüyünü tam dəstəkləməli, Şimali İraqda keçirilən müstəqillik referendumunu tanımamalıdır. Rəsmi mövqeni bildirməkdə də gecikmək olmaz.
 
Moderator.az-ın Analitik qrupu

Загрузка...
Загрузка...