​Kürdlər bir-birilərinə qarşı səngərdə: Silahları, döyüşçüləri və pulları ilə...

 
 
Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində baş tutan müstəqillik referendumu bir sıra maraqlı məqamlarla yadda qaldı.Diqqət çəkən məqam supergüclərin - ABŞ, Rusiya, İngiltərə, Almaniya və digər ölkələrin bu referenduma etiraz etməsi oldu.İri dövlətlərdən fərqli olaraq, PYD və PKK kimi kürd terror təşkilatlarından referenduma tamam fərqli formada mövqe bildirildi.PYD Şimali İraqda yaşayan kürdlərin öz gələcək müqəddaratlarını təyin etmək təşəbbüslərini dəstəkləsə də muxtariyyətin başçısı Məsud Bərzaniyə qarşı sərt mövqeyini ortaya qoydu, onun bütün kürdlərin lideri olmaq iddiasına qarşı dolayı yolla savaş elan etdi.PKK-nın da mövqeyi bundan kənarda deyildi.
 
Ekspertlər Məsud Bərzani kimi “müstəqil Kürdüstan” ideyasını dəstəkləyən PKK və PYD-nin bu ziddiyyətli mövqelərinin arxasında bir sıra məqamların dayandığını istisna etmirlər.Söhbət son vaxtlar Bərzaniyə qarşı çevrilən kənar qüvvələrin və müttəfiqlərinin yeni “kürd oyunu”ndan gedir.
 
Demokratik Birlik Partiyası
 
Demokratik Birlik Partiyası (PYD), 2003-cü ildə kürdlər tərəfindən Şimali Suriyada qurulmuş siyasi təşkilatdır. Liderləri Şahoz Həsən və Hevi Mustafa olan PYD-nin hazırda 65 min silahlı canlı qüvvəsi var. Suriyanın Kobani, Afrin və Cinderis şəhərləri, Haseke əyalətinin Amudə, Derik, Efrin bölgələri, Əl-Darbasiyə şəhəri və Türkiyə ilə sərhəddə yerləşən Rəsulayn şəhəri, Tirbəsipiyə qəsəbəsi və Raqqa vilayətinin Təl-Əbyad şəhəri PYD silahlılarının nəzarəti altındadır. Bəşər Əsəd rejiminə qarşı olan PYD-nin silahlı qanadı YPG Suriya Azadlıq Ordusu ilə birlikdə Əsəd ordusu və radikal islam təşkilatlarına qarşı ittifaqa girib.
 
PYD-nin PKK terror təşkilatının siyasi qanadı olduğu iddia edilir.PKK lideri Abdullah Öcalanın qardaşı və keçmiş PKK üzvü Osman Öcalan 2013-cü ildə PYD-nin bu təşkilata bağlı olduğunu açıqlayıb. O, PYD-nin hazırkı PKK rəhbəri Murad Karayılan tərəfindən qurulduğunu da bildirmişdi. Osman Öcalanın iddiasına görə, ilk dəfə təşkilatın qurulması işi də ona tapşırılmışdı.PYD isə bu iddianı rədd edir və 2003-cü ildə bunun siyasiləşmiş kürd birlikləri tərəfindən qurulduğunu bildirib. Lakin ABŞ Terrorizmlə Mübarizə İdarəsinin (NCTC) 2013-cü il hesabatında PYD-nin PKK-nın Suriya qolu olduğuna dair faktlar yer alır. 2015-ci il hesabatında isə bu ifadə götürüldü. 2016-cı ildə Avropa Polis Ofisi (EUROPOL) tərəfindən yayımlanan “Avropa İttifaqı: Terrorizmin vəziyyəti və trendi” adlı hesabatında PYD və bu təşkilatın silahlı qanadı YPG-nin PKK-ya bağlılığı qeyd olunur.
 
 
 
YPG terror təşkilatı
 
60 min döyüşçüsü olan YPG canlı qüvvələrinin sayını 100 minədək artırmağı planlaşdırır.Təşkilatın sözçüsü Redur Xəlil “Röyters”ə açıqlamasında bu barədə yayılan məlumatları təsdiq edib.Mənbə YPG-nin bu planını Türkiyədə ciddi narahatlıq yaradan kürd bölgələrini daha da gücləndirəcəyini bildirib.
 
Redur Xəlil keçən ilin sonunda qadın birlikləri (YPJ) də daxil olmaqla 60 minlik canlı qüvvənin 10 yeni taborda birləşdiyini açıqlayıb.Yeni silahlar və modern döyüş taktikaları ilə təchiz ediləcək taborların və canlı qüvvələrin sayının artırılması planlaşdırılır.Afrində yeni hərbi baza qurmağa hazırlaşan YPG-yə Rusiya təlim verəcək. ABŞ-dan silah yardımı alan YPG bir ordunun sahib ola biləcəyi silah invanterinə sahibdir. Zirehli texnikalar və “Javelin” raketlərindən sonra təşkilat arsenalını bu il “4x4 Cougar ZPT” və “MILAN” tipli tank əleyhinə sistemlərlə (raketlər) gücləndirilib. YPG həmçinin Amerika istehsalı “IAG Guardian” PDM və “FGM-148 Javelin” tank əleyhinə raketlərə sahibdir.“Cougar” tipli PDM-lər və “Tomahawk” raketləri də arsenala daxil edilib.
 
2017-ci il ərzində ABŞ-dan YPG-yə 1200 yük maşını silah göndərilib. Təşkilatın hansı hərbi texnikalarla gücləndirildiyi barədə dəqiq məlumat olmasa da bunların bəziləri ictimaiyyətə açıqlanıb.YPG hava hücumundan müdafiə sistemlərinə sahib azsaylı terror təşkilatlarından biridir ki, həmin texnikalar peşəkar orduların imtinaedilməzləri arasındadır.“SPG-9” (733 mm geri çəkilməyən top) bu sistemlər arasındadır.YPG-nin arsenalında kifayət qədər snayper (12.7 mm) və “M70 Osa” tank əleyhinə sistemləri var. ABŞ tərəfindən qurulmuş peşəkar “YAT” adlı xüsusi təyinatlı birlik YPG-nin əsas güc mənbələrindən biridir.“YAT” Amerika xüsusi təyinatlarılarının istifadə etdikləri ən müasir silahlarla təchiz edilib.Digər yandan YPG keçirdiyi hərbi əməliyyatlarda ABŞ-ın bölgədəki birliklərindən hava dəstəyi alır.Başqa bir tərəfdən isə təşkilat məhdud sayda olsa da “A10” və “Apaçi” hücum helikopterlərini arsenalına daxil edə bilib.PYD-yə bağlı olan YPG bu təşkilatın silahlı qanadı, yaxud, ordusu hesab olunur.
 
 
 
“Kürd Fəhlə Partiyası” (PKK)
 
5 il əvvələ qədər PKK terror təşkilatının arsenalında “AK 47 Kalaşnikov” avtomatları, “BKC” (“Bixi”) döyüş silahları, “SVD Draqunov” snayperləri, məhdud sayda “M16 A2/A4” silahları, “RPG-7”lər, məhdud sayda raket əleyhinə sistemlər, gecəgörmə cihazları vardı. Lakin İraq və Suriyadakı müharibələr PKK-ya arsenalını gücləndirmək üçün yeni imkanlar yaratdı.Hazırda demək olar ki, terror təşkilatı peşəkar ordunun sahib olduğu bütün silahlara sahibdir. Bu gün PKK-nın inventarında ən çox tank əleyhinə modern silahlar, top sistemləri, əl bombaları və tank əleyhinə raket sistemləri var. 5 il əvvələ qədər bir qayda olaraq “PG-7VM”, “RPG-7” kimi raket əleyhinə sistemlərdən istifadə edən PKK bu gün “PG-7VM”, “PG-7ML”, “DZGI-40”, “HEI-AP” raketlərindən istifadə edir. Almaniya istehsalı “DM41” və “DM51”, Cənubi Koreya istehsalı “K-413”, ABŞ istehsalı “M26/61” və “M67” əl bombaları terror təşkilatının ən populyar silahlarından sayılır. Bir sıra əməliyyatlarında PKK-nın “Metis” və “Fagot ATGM” sistemlərindən də istifadə etdiyi faktları görüntüyə alınıb. PKK YPG-nin arsenalında olan “MILAN ATGM”-lərə və “M79 Osa” raketlərinə də sahibdir. “9K38 Igla” tipli çiyində daşına bilən hava hücumundan müdafiə raketi (MANPAD) PKK-nın inventarına daxil edilən yeni silahlardandır.
 
Terror təşkilatının arsenalında İran istehsalı silahlar da var. 2016-cı ildə ələ keçirilən “M57 RPG”, “RPG-7” raketatan sistemlər, “PG7-A”, “PG-7-AT” və “NR431A1” 60 mm-lik raket başlıqları İran istehsalıdır. “M62P8” mərmiləri isə Serbiyadan əldə edilib. Həmin il ələ keçirilmiş İsveç istehsalı “Saab-Bofors” şirkətinə məxsus “AT4” tank əleyhinə silah isə PKK-nın bu sahədə də çeşidli texnikalara sahib olduğunu göstərir. Türk kəşfiyyatının məlumatına görə, terror təşkilatı son illərdə “M16 A2” və “M16 A4”, “FN FAL 50” tipli silahlara daha çox üstünlük verməyə başlayıb və bu silahların alınmasında artım var. Serbiya istehsalı “M08-00” bomba atan sistemlər də əsas silahlarından sayılır və arsenalda yer alan “Glock” tapançaları da diqqət çəkir. “Specter” markalı və “M16 A2” texnikaları isə PKK-nın gecə və ağır hava şərtləri daxilində döyüşmək gücünü artırmağa hesablanıb.12.7 mm-lik “Kord” tipli snayperlər və “DHSK-Kord” iriçaplı silahlar da artıq təşkilatın standart silah invanterinə daxil edilib.Ən ilginci budur ki, PKK Pilotsuz Uçan Aparatlara (PUA) sahibdir və bir sıra əməliyyatları bu PUA-lar vasitəsilə əldə etdiyi məlumatlar əsasında həyata keçirir. Arsenalında ABŞ istehsalı “RQ-20 Puma” və “DJI Phantom” tipli PUA-lar var. 40 min silahlı canı qüvvəsi olduğu deyilən PKK-nın lideri hazırda həbsdə olan Abdullah Öcalandır. Öcalanın həbsindən sonra təşkilata Murad Karayılan başçılıq edir.
 
 
 
Kürdlər Bərzaniyə qarşı
 
PYD və PKK-nın birləşdirən əsas ideoloji xətt kommunizmdir.Lakin əsas məqsədləri Yaxın Şərq və Türkiyəni əhatə edəcək “Böyük Kürdüstan” ideyası olan terror təşkilatları üçün kommunizm əsas ideologiya deyil.Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumuna o qədər də önəm verməyən bu kürd təşkilatları hazırda bölgədə yaşayan kürdlərin Ərbil (Məsud Bərzani) ətrafında birləşmələrində o qədər maraq göstərmirlər.Bu baxımdan PYD - PKK tandemi ilə Məsud Bərzani arasında bir nüfuz savaşının getdiyi də ehtimallar arasındadır. Hazırkı situasiyada Ərbillə müqayisədə ABŞ, digər Qərb dövlətləri və Rusiyadan, həmçinin bölgənin açar dövləti hesab olunan İsraildən böyük dəstəklər alan PKK və PYD-nin müəyyən zaman daxilində Məsud Bərzanini liderlik kürsüsündən salmaq üçün hərəkətə keçəcəyi də ən çox müzakirə olunan ehtimallar arasındadır. Ekspertlər hesab edirlər ki, Türkiyənin sentyabrın 25-də baş tutmuş referenduma dolayı yolla razı olması da buradan qaynaqlana bilər.Təşkilatların sahib olduqları yüz minlərlə dəstəkləyici elektorat, maliyyə, iqtisadi və silah ehtiyatı da Bərzani hökumətinin əleyhinə işləyən faktorlar sayılır.Üstəgəl istər Türkiyə, istər İraq, istərsə də Suriyada yaşayan kürdlər böyük birliyin PKK, yaxud, bu təşkilatın siyasi qanadı olan PYD ətrafında yaradılmasını istəyirlər. Bölgədə yaşayan kürdlərin və PYD-nin Məsud Bərzanini yox, müstəqilliyə səs verənləri dəstəklədiklərini açıqlamalarının əsas səbəbi də bu ola bilərdi. Görünən də budur ki, Bərzani əleyhinə olan PKK və PYD kürdləri öz tərəflərinə çəkmək üçün böyük potensiala, ideoloji xətt və hərbi gücə sahibdir.
 
 
 
Mənsur Rəğbətoğlu
 
Cebhe.info

Загрузка...
Загрузка...