“Kürd dövləti”nin hədəfləri: regional-etnik müharibəyə doğru - TƏHLİL

Təxirə düşəcək gözləntiləri boşa çıxdı və bu gün Şimali İraq Kürd Muxtariyyətində referendum keçirilir. Nəticə böyük ehtimalla bəllidir: qutularda “bəli” cavabı çıxacaq. Çünki nə Ərbil, nə də Bərzaninin arxasında dayananlar “yox” cavabının olacağı referenduma getməzdilər. Bölgədə demoqrafik vəziyyət də Ərbilin referendumdan istədiyini alacağını göstərir. Hər hansı fors-major situasiya baş verməsə, sabah, bəlkə də bu günün sonunda “müstəqil Kürdüstan” dünya xəritəsində yerini tutacaq, hətta referendumun nəticələrini heç kim tanımasa belə... Lakin hər şey nə göründüyü qədər romantik, nə də “kürdlərin azadlıq sevdası”ndan ibarət deyil. Bölgə (bəlkə də elə dünyanın özü) geridönüşü olmayan yola qədəm qoyur və beynəlxalq müstəviyə qədər gedib çıxacaq toqquşmalar başlanır.
 
 
Kürd referendumunun kölgəsində gizli qalan siyasi planların analizi olduqca mürəkkəbdir. “Nə baş verir”, “Kimlər hansı oyunu oynayır” kimi çoxsaylı suallar cavab gözləyir. Amma hər şeyin – referendumun siyasi hədəfinin nə olduğunun, kim(lər)in hansı oyunlar oynadığının cavabı bir və əsas sualda birləşib: “NİYƏ İNDİ?”.
 
100 il öncəsinə qayıdaq: Amerikanın demokrat prezidenti Vurdo Vilson kürdlərə müstəqillik vədini hələ 1920-ci ildə Sevr müqaviləsində vermişdi. O zaman, kürdlər Osmanlının tərkibində qalmağı və türklərlə birgə döyüşməyi üstün tutdu. Bu, bir dam altında yaşayan kürd-türk ailəsinin tarixi seçimi idi, həm də Amerika planının baş tutmaması. Lakin bu, planın rəfə qaldırıldığı demək deyildi. Amerika “Böyük Kürdüstan” xülyasını kürdlərin şüurlatına yeritmək üçün 50 il gözlədi. 1970-ci illərdə artıq onlar müstəqillik xəyallarına düşmüşdülər. Elə həmin dövrdə İraqdakı kürdlərə muxtariyyət verildi. Daha sonra bu status ləğv edilsə də, kürdlər İraqda muxtar çərçivələrdən də daha yüksək səviyyədə hərəkət etmək imkanını birdə 2003-cü ildə Amerika işğalından sonra əldə etdilər. Əslində bölgənin taleyində qara günlər də həmin vaxtdan başlandı. Budur, uzun illərdir kürdlərdən daha çox Qərb dairələrinin xəyalları olan gün yetişib. Kürdüstan dövləti yaradılır.
 
Təbii ki, referendumda bülletenləri Amerika yox, kürdlər qutuya atacaq. Amma müstəqillik heç də 70 yaşlı Bərzaninin “ölmədən dadmaq istədiyi” nemət deyil. O da deyil ki, iqtisadi baxımdan güclənən, de-fakto müstəqil olan, mərkəzi Bağdad hökuməti ilə neft üstündə zaman-zaman toqquşan kürdlər bunu de-yure formaya salırlar. Heç Bərzani ilə İbadinin bir dam altında yaşamağa məcbur olan günülər sayaq tez-tez küsüşməsinin də bura dəxli yoxdur. Doğrudur, kürdlər illərdir dövlət olmağı arzulayır, hətta bunun üçün terrordan belə çəkinmir, Bərzaninin bayrağı altında toplananların isə belə şansı həmişə daha yüksək olub. Hesab etmək olar ki, illərdir gözlənilən müstəqillik arzusu üçün şərait yetişib. Lakin unutmaq olmaz ki, Amerika (İsrailin istəyi də burada böyük rol oynayır) icazə verməsəydi, bu, elə arzu olaraq qalacaqdı.
 
Referendum qərarında Amerika izi: Bərzani illərlə gözlədikdən sonra referendum tarixini may ayında açıqladı. Bu, sıradan yazın son günləri kimi görünə bilər. Amma məhz həmin tarixdə prezident Donald Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner ABŞ-ın Birləşmiş Baş Qərargahlar Komitəsinin sədri, general Cozef Danfordla birlikdə Ərbildə Bərzani ilə gördüşdü. Görüşün qapalı tərəfinin detalları açıqlanmasa da, yayılmış bir fotoda Bərzaninin Kuşner və Danfordla birlikdə masadakı xəritə üzərində müzakirə apardığı görünürdü. Xəritədə nə var idi? Bu suala dəqiq cavab vermək mümkün deyil, amma indiki məqamda hesab etmək olar ki, kürd muxtariyyətinin lideri amerikalılara “Kürdüstanın” sərhədlərini göstərirmiş. Həmin görüşdən dərhal sonra kürd partiyalar Ərbildə toplandı və sentyabrın 25-nə referendum təyin edildi. İndiyə qədər çoxları referendumun təxirə düşəcəyini hesab edirdi, xüsusilə Ankara, Bağdad, eləcə də Tehranın sərt mövqeyinin vəziyyəti dəyişəcəyi ehtimalı böyük idi. Digər tərəfdən, ABŞ-ın Ərbilə rəsmi şəkildə geri çəkilmək çağırışları da ziddiyyətli situsiya yaradır, fikirləri qarışdırırdı. Lakin sentyabrın 20-də Vaşinqtonun 650 xüsusi təyinatlı əsgəri Ərbilə göndərməsi referendumun keçirilməyəcəyi ehtimalını alt-üst etdi. Amerika ikili oynayırdı. Həm referendumu dəstəkləmədiyini, İraqın bölünməsini istəmədiyini deyir, həm də Ərbilə əsgər göndərməklə mümkün kənar müdaxilə təhlükəsini azaldır.
 
Və proseslərin inkişafı “NİYƏ İNDİ?” sualının birdən çox cavabını verir.
 
Dünya xəritəsini göz önünə gətirəndə, ABŞ-ın Çin, Rusiya və İranla (Türkiyə ilə dolayısı) açıq müharibəyə başladığı görünür. Və çox maraqlıdır ki, hər biri ilə öz sərhədlərinin dibində üz-üzə gəlir. Əslində Trampın gəlişindən sonra dəyişən Amerika strategiyası bunu özündə ehtiva edir: rəqib meydanında oynamaq.
 
Koreya yarımadasında təəccübləndirəcək qədər qəfil gərginlik yarandı və Çin öz sərhədlərinin dibinə çəkildi. Suriyada amerikalılarla kəllə-kəlləyə gələn rusların sıxışdırılması başlandı və hazırda Şərqi Avropada, Rusiya sərhədlərində yeni toqquşmaya hazırlıq gedir. (Saakaşvilinin Ukraynaya Napoleonun Paris qapılarından girdiyi sayaq gəlişi heç də təsadüfi deyil – A.N). Yəni indiki məqamda nə Çin, nə də Rusiya Yaxın Şərqdə ABŞ-a əngəl törədəcək vəziyyətdə deyil. Yerdə Türkiyə və İran qaldı. Əsas rəqiblərini neytrallaşdıran, yaxud buna tədricən nail olan ABŞ “müstəqil Kürdüstan” gedişi ilə də bu iki ölkəni vurur və Böyük Yaxın Şərq Planında ilk qazanclı gedişini edir.
 
ABŞ-ın “Kürdüstan” hədəfləri: Hələ Sevr müqaviləsində ortaya atılan “Böyük Kürdüstan” planı İraq, Türkiyə, İran (xüsusilə Cənubi Azərbaycan əraziləri) və Suriyanın müəyyən ərazilərini əhatə edirdi. Günün sonunda “müstəqil Kürdüstan”ın yaranması, “Böyük Kürdüstan”nın yaranması olmayacaq, amma bu, başlanğıcdır və ABŞ məhz cari hədəflərinə bu başlanğıc üzərindən nail olmağı hədəfləyir.
 
“Kürdüstan” elan olunarsa:
 
SURİYADA; şimal bölgəsini işğal edən PKK/PYD-nin nəzarət etdiyi ərazilər de-fakto “Kürdüstan”a daxil edilir və beləliklə, Aralıq dənizinə çıxacaq “kürd dəhlizi”nin yaranması an məsələsi olur.
 
1. Amerika Şimali İraqdan Aralıq dənizinə qədər kürdlərin nəzarət etdiyi dəhliz yaratmaq istəyir. Suriyanın şimalında PYD-nin gücləndirilməsi buna hesablanıb. İki il öncəyə qədər İraq sərhədindən başlamış Kobaniyə qədər bölgə PYD-nin əlində idi. Kobanidən başlamış Türkiyənin Öncüpnar sərhəd-keçid məntəqəsinə qədər ərazi İŞİD-in, Öncüpnardan Afrinə qədər olan kiçik ərazi Türkiyənin, Afrin isə yenə PYD-nin nəzarətində idi. Lakin İŞİD şüurlu şəkildə, daha doğrusu, ABŞ-ın istəyi ilə heç bir güllə atmadan Suriyanın mərkəzinə - Rakkaya doğru çəkildi və PYD-nin irəliləməsinə şərait yaratdı. Həmin vaxt Türkiyə “Fərat qalxanı” əməliyyatı ilə Əl-Baba girdi və PYD-nin Fərat çayından keçməsinə imkan vermədi. Beləliklə, “terror dəhlizi” adlanan layihənin qarşısını aldı.

 
Lakin Tramp Obamadan miras qalan bu layihəni rəfə qaldırmadı, hətta bir az da irəli gedərək, Suriyanın şimalında Türkiyə üçün böyük təhlükə olan PKK/PYD terror təşkilatına 900 TIR-dan artıq silah-sursat verməklə güclü ordu yaratmaq istiqamətində addımlar atdı. Bu, Suriyanın şimalında güclü orduya çevrilən PYD və İraqın şimalında “Kürdüstan”ın Türkiyənin cənub sərhədlərinə sədd çəkməsi deməkdir.
 
“Kürd dəhlizi”nin hədəfi:
 
a) Şimali İraqdan Aralıq dənizinə çıxış əldə edilir və beləliklə, Ərbilin nəzarətində olan neft bu dəhlizdən keçərək, Aralıq dənizinə, oradan da Avropaya çıxarılır. Ərbilin keçirdiyi referendumun türkmanların tarixi torpağı olan Kərkükü əhatə etməsinin səbəbi də budur.
 
Kərkükün neft ehtiyatları 8,7 milyard barel miqdarında hesablanır. İraqın Bəsrə bölgəsi ilə yanaşı, ən zəngin təbii sərvətlərə malik şəhəridir. Hesablamalara görə, İraq neftinin 40 faizə qədəri məhz Kərkükdə yerləşir. Şəhər türkmanların tarixi torpaqlarıdır, lakin hazırki demoqrafik vəziyyət kürdlərin xeyrinədir və təbii ki, bu, zaman-zaman süni şəkildə yaradılmış problemin nəticəsidir. 2005-ci ildə hazırlanmış İraq konstitusiyasında Kərkükün statusu müəyyən edilməyib. Status məsələsinin 2007-ci ildə həll ediləcəyi gözlənilsə də, yenə də baş tutmadı və nə təsadüf ki, həmin vaxt Bərzani Kərkükün “əslində kürd torpağı” olduğunu açıqladı. O, bir də referenduma sayılı günlər qalanda “Kərkük bizimdir” sözlərini deyəcəkdi. Son 15 ildə Kərkükün addım-addım işğalı baş verir və güman ki, de-yure işğal günün sonunda baş tutacaq.
 
Xatırlatma:
 
- 2003-cü ildə ABŞ İraqı işğal edərkən, kürdlər Kərkükdə əhalinin qeydiyyat idarəsini yandırdılar, heç bir sənəd tapılmadı. Bu, ABŞ-ın istəyi ilə bu günlər üçün hazırlanan planın bir parçası idi.
 
- 2014-cü ildə İŞİD İraqa girdi. Dünya yezidi kürdlər üçün ayağa qalxsa da, bölgədə ən çox zərər çəkən və köç yaşayan türkmanlar oldu. Türkmanların kompakt yaşadığı Mosul, Telafer və Kərkükətrafı bölgələrdən yüzminlərlə insan Türkiyəyə və İraqın iç bölgələrinə köç etdi. Onların yerini isə əsasən kürdlər doldurdu.
 
- Kürdlərin çoxluğu təmin ediləndən sonra Kərkükə vali olaraq Necmettin Kerim adlı kürd təyin olundu. Kürd vali fəaliyyəti dövründə türkmanlara süni problemlər yaradaraq, onların evini kürdlərə verməklə məşğul olub. Bu da kürdləşdirilmə prosesinin bir hissəsi idi. Referendumdan aylar öncə Kərkükdə kürd bayrağı qaldırıldı. Bağdad və Ankaranın sərt reaksiyalarından sonra, bayraq endirilsə də, əslində kürdlər mesajlarını vermişdilər və bu gün referendumda təkcə kürdlər müstəqil olmur, həm də Kərkük işğal edilir.
 
Kərkük türkmanları referendumu boykot edirlər, çünki nəticənin nə olacağını bilirlər. Boykot nəticəni dəyişdirməyə qadir olmasa da, sonrakı prosesdə irəli sürülə biləcək yeganə arqument ola bilər. Lakin işğal təkcə Kərküklə yekunlaşmayacaq. Referendumdan sonra böyük ehtimalla Mosulun da “Kürdüstana” qatılması prosesi başlanacaq. Bərzani 2014-cü ildə bu günə hesablanmış bir açıqlama vermişdi və güman ki, bu gün həmin sözlər unudulub.
 
“Referendum məsələsinə Mosulun İŞİD-dən azad edilməsindən sonra baxacağıq”, demişdi Bərzani. Bu əslində Mosulun da “Kürdüstana” qatılmasının ilk mesajı idi. Daha sonra ABŞ Türkiyəni yaxına buraxmadan Mosulun İŞİD-dən azad edilməsi əməliyyatına başladı. Əməliyyatda türklər iştirak etsəydi, Ankaranın bölgəyə iddiası daha asan olacaqdı. İndi ABŞ-ın Mosulda “haqqı” daha çoxdur və bölgənin Kərküklə birgə kürdlərə verilməsi istisna deyil. (Burada incə bir məqam da diqqətdən qaçmır: Mosul referenduma daxil edilməyib. Ehtimal ki, referendumdan sonra Ərbil Mosula iddiasını ortaya qoyacaq, Bağdad isə buna qarşı çıxacaq. Bunu Vaşinqton bilir, bəs nədən oyunu bu qədər çətinləşdirir?! Mosul ABŞ-ın bölgədə başlatmaq istədiyi ETNİK SAVAŞIN səbəbi ola bilər – bu haqda bir az sonra...).
 
Beləliklə: Kərkük “Kürdüstan”a daxil edilir; Ərbil Bağdada heç bir haqq ödəmədən ABŞ-ın dəstəyi ilə bölgənin zəngin neft ehtiyatlarını “kürd dəhlizi” üzərindən Aralıq dənizinə çıxarır; Bağdadın Kərkük nefti də daxil olmaqla karbohidrogen ehtiyatlarını Türkiyə üzərindən Avropaya çıxarmaq istəyi alt-üst olur; Və ən böyük zərbələrdən biri də Türkiyənin özünə dəyir.
 
b) “Kürd dəhlizi” planı təkcə neftlə yekunlaşmır. Bu, “Böyük Kürdüstan”ın Suriya torpaqlarına aid olan ərazisinin əldə edilməsi deməkdir. Parçalanma növbəsi İraqdan sonra Suriyadadır. Türkiyənin cənub sərhədlərində üfiqi istiqamətdə uzanan “kürd dövləti” artıq “uzaq xəyal” deyil.
 
c) Türkiyənin cənubunda “kürd dövləti” yaranarsa, Böyük Yaxın Şərq Planının ən vacib elementlərindən biri həyata keçirilmiş olacaq. Bununla, Türkiyənin ərəb dünyasına çıxışı bağlanacaq və Ankaranın 2023-cü ildən sonra “Yeni Türkiyə” planına hesablanan ərəb siyasətinin önündə keçilməz baryer yaranacaq. Bu, həm də Türkiyənin Yaxın Şərqə müdaxiləsini dayandırmaq və indiki mərhələdə regional güc potensialını sıradan çıxarmaq gedişidir.
 
2. “Kürd dəhlizi”nin əsas hədəflərindən biri təbii ki, Suriyada davam edən müharibədir. ABŞ İraq neftinin demək olar ki, yarısını Bağdadın nəzarətindən kənar, təhlükəsiz şəkildə Avropa bazarına çıxarır, Türkiyə qarşısında onun əvəzinə döyüşəcək “dövlət” yaradır, həm də Suriyanı parçalayır. Referendumdan sonra “müstəqil Ərbil”dən dəstək alan PYD ABŞ-ın verdiyi slahlarla həm Türkiyə sərhədlərində türk ordusuna, həm də Suriyada Türkiyə-İran-Rusiya üçlüyünə qarşı döyüşəcək. Belə demək mümkünsə, ABŞ Suriyada apardığı “vəkalət müharibəsində” oyunçuları dəyişdirir: PYD İŞİD-i əvəzləyir. İŞİD bölgədən tədricən çıxarılacaq və çox güman ki, Asiyaya doğru hərəkətə keçəcək. Yaxın Şərqdə ABŞ-ın “vuran əli” kürdlər olacaq.
 
TÜRKİYƏDƏ; “Kürdüstan”ın yaranması Türkiyəyə təkcə cənub sərhədlərində deyil, sərhədlərin içində də problem yaradacaq, daha doğrusu mövcud problemi artıracaq. Çünki “kürd dövləti” Suriyadakı kürdlərə qol-qanad verdiyi kimi, Türkiyənin cənub bölgəsində yaşayan və özlərini “kürdüstan dövləti”nin nümayəndəsi hesab edən kürdlərə də “işıq” olacaq. Təbii ki, həmin bölgədə terrora dəstək verməyən kürdlər çoxluq təşkil edir, amma “Kürdüstan”ın yaranması müəyyən mənada onlara da təsir edə bilər. Hətta mövcud vəziyyət dəyişməsə belə, “kürd dövləti” PKK-nın Türkiyə daxilindəki hücumlarını artırmasına və separatçılıq meyllərinin güclənməsinə səbəb olacaq. Hədəfdə Türkiyənin daxildən vurulması da var.
 
İRANDA; ABŞ “Kürdüstan” üzərindən hazırda xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilən “İranı vurmaq” gedişlərində də istifadə edəcək. Əslində İraqda yaradılan, Suriyadan torpaq almaq imkanı yüksək olan kürdlərin “Böyük Kürdüstan” xəyallarının Türkiyə və İran hissəsinə nail olacağı çətin görünür. Lakin Amerika üçün indi bu vacib deyil. Vacib olan “Kürdüstan” üzərindən bu iki ölkəni sıxmaqdır. Türkiyə planı məlumdur, İrana gəldikdə isə PKK-nın qolu olan PJAK Tehran üçün ciddi problemə çevriləcək və terror bu ölkənin iliyinə qədər işləyəcək. Təsadüfi deyil ki, referendum ərəfəsində PKK-nın qərargahı olan Qəndil dağının İran hissəsində terrorçuların bayrağı qaldırıldı. Bu, gələcək problemin başlanğıcıdır. Tehran referenduma iki gün qalmış Qəndil dağında terrorçuları bombaladı. Atılan bombalar da üfüqdəki təhlükəni aydın göstərir.
 
İran güman ki, daxildəki hücumlara sinə gəlmək gücündədir. Lakin Tehran üçün ən böyük problem İraq-Suriya-Livan xəttində yaranacaq. Çünki Şimali İraqda ABŞ-ın nəzarətindəki “kürd dövləti” yaranırsa, bu, Tehranın Bağdada çıxışında maneələr yarada bilər. İran İraq üzərindən Suriyaya çıxış əldə edir, oradan isə Livana. İranın bölgədə “əsas gücü” olan Hizbullah Livanda yerləşir və İraq-Suriya xətti Tehranın Hizbullahla yeganə quru yoludur. “Kürdüstan” İranın həm Suriyada lojistik fəaliyyətinə, həm də Hizbullahla əlaqəsinə çətinlik yaradacaq. ABŞ-ın, həm də İranı ciddi təhlükə görən İsrailin istəyi də məhz budur.
 
İRAQDA; Bu ölkə “Böyük Kürdüstan” planında ilk parçalanan hədəfdir. Bağdadın bütün həmlələrinə baxmayaraq, böyük ehtimalla, günün sonunda parçalanma prosesi qaçılmaz olacaq. Amma ABŞ-ın İraq üzərində bu gedişi etməsi də maraqlıdır. Axı 2003-cü il işğalı ilə istədiyinə nail ola bilməyən ABŞ niyə İraq planını yarımçıq saxlayır? İlk baxışda, Amerikanın İraq planından əl çəkdiyi görünə bilər və hesab etmək olar ki, Vaşinqton Bəsrə bölgəsinin zəngin karbohidrogen ehtiyatlarını daha istəmir. Çünki Bağdad “kürd dövləti”nin peyda olmasından sonra, ABŞ-ın heç bir istəyinə “hə” deməyəcək. Əslində isə “Kürdüstan” İraq planında ən böyük həmlədir.
 
- Amerika bu güclə şiə hakimiyyətinin hökm sürdüyü Bağdadı vuracaq;
- “Kürd dövləti” həm də İranın İraqda möhkəmlənməsinə qarşı hərəkət edəcək. Tehranın Bağdaddakı “əllərinin kəsilməsi”, onun üçün həyati əhəmiyyət kəsb edən İraq-Suriya-Livan xəttinin dağılması deməkdir.
- Və ən nəhayət, İraqda kürd-ərəb müharibəsi başalanacaq.
 
ETNİK MÜHARİBƏ: ABŞ-ın istəyi demokratik, inkişaf etmiş “Kürdüstan” yox, məhz bölgədə etnik müharibəni qızışdıracaq “kürd dövləti”dir. Etnik müharibə İraqda kürdlərlə ərəblər arasında olacaq, artıq Bağdadın reaksiyası bunun çox yaxın olduğunu göstərir. Rəsmi Bağdad dünən yaydığı açıqlamada qonşu ölkələrə Ərbildən neft almamaq çağırışı edib, güman ki, İraqın parçalanmasını istəməyən qonşular bu çağırışa səs verəcək. Yuxarıda qeyd etdiyimiz kimi, Ərbil statusu müəyyən olunmayan Kərkükü öz “sərhədlərinə” daxil etməsi münaqişədə başlanğıc ola bilər. Ardınca Mosul faktoru kürd-ərəb qarşıdurmasını gücləndirəcək. ABŞ-ın Mosulu Türkiyəni yaxına buraxmadan İraq ordusu və Ərbilə tabe olan peşmərgə gücləri ilə təmizləməsi buna hesablanmışdı. Çünki Ərbil və Bağdad Mosulun azad edilməsində pay sahibi olduqlarını əsas gətirərək, iddia irəli sürəcəklər. Bu da qarşıdurmanı daha da gücləndirəcək.
 
İraqdakı etnik müharibə digər üç ölkəyə - Suriya, Türkiyə və İrana da sıçraya bilər.
 
- Suriyada PYD topladığı güclə Əsədə qarşı döyüşəcək, Əsəd isə Suriya ərəblərini ətrafına toplamaq üçün “ölkə parçalandı” tezisini irəli sürəcək. Beləliklə İraqdan sonra bölünəcək Suriyada da kürd-ərəb müharibəsi alovalanacaq.
 
- Əlindəki rıçaqlarla Ərbili sıxmağa başlayacaq İranda PJAK terrorçuları Tehrana qarşı terror aktlarını gücləndirəcək. Bununla yanaşı, İrandakı kürdlərin də mərkəzi hökumətə qarşı çıxması istisna deyil. Bu, daxili toqquşmalara səbəb ola bilər.
 
- Türkiyə də daxilində PKK tərəfdarları ilə eyni vəziyyəti yaşaya bilər.
 
Lakin etnik müharibə ilə yanaşı, REGİONAL MÜHARİBƏNİN başlaması da an məsələsinə çevrilib. Amerika kürd referendumu ilə həm də bu hədəfə də oynayır.
 
Türkiyə-İran-İraq rəsmiləri artıq neçə gündür sıx təmaslar qurur və referendumdan sonra atılacaq addımlar müzakirə olunur. Diqqət edin, müzakirələr referendumdan sonrasına həsr olunub, bu, bölgə ölkələrinin hazırki situasiya ilə razılaşdığı deməkdir. İran Ərbilə ilk embarqoları tətbiq etməyə başlayıb, İraq referendumun nəticələrini tanımayacağını açıqlayır, Türkiyə isə “hesabını soruşacağıq” deyir. Siyasi gedişlərlə yanaşı, ordular da hərəkətə keçib. Türkiyə Silahlı Qüvvələri İraq sərhədinə qoşun yığıb, İraqın baş qərargah rəisi Osman Qənimi sentyabrın 23-də təcili şəkildə Ankaraya gəldi, güman ki, referendum sonrası atılacaq hərbi adımlar müzakirə olunub. İran ordusu isə dünən Ərbilə bağlı olan dağlıq bölgəni bombaladı. Ardınca sərhəddə böyük hərbi təlimlərə strat verdi. Yaranmış vəziyyət regionda genişmiqyaslı müharibənin hər an başlaya biləcəyini göstərir.
 
Və bu, Amerikanı çox sevindirəcək:
 
1. Müharibədə İraqla yanaşı, Türkiyə və İran da iştirak edə bilər. Çin və Rusiyanın başını sərhədlərinin dibində qatan ABŞ bununla Türkiyə və İranı da yeni müharibə ocağına sürükləyir, beləliklə, Ankara və Tehran bu döyüşdə güc itirir, diqqət Suriyadan yayınır, bölgə tamamilə Vaşinqtonun istədiyi hala gəlir.
 
2. Burada ən çox maraqlı olan və qazanclı çıxacaq ölkə İsraildir. Ərəb dünyasını, İranı, eləcə də Türkiyəni özünə təhdid görən Təl-Əviv başlaya biləcək etnik-regional toqquşma ilə bu qüvvələrin zəifləməsində maraqlıdır. İsrailin Bərzanini açıq şəkildə sona qədər dəstəkləməsinin səbəbi də buradan qaynaqlanır. Və təbii ki, burada Trampın seçkidə ona dəstək verən yəhudi gücü qarşısında götürdüyü ödhəliklərini hazırda yerinə yetirdiyi amili də unudulmamalıdır.
 
Burada açıq qalan məqamlardan biri də “ABŞ-ın müstəqil olmasını istəyən Kürdüstanın ilk gündən müharibəyə qoşulmasında niyə maraqlı” olmasıdır. Bu, olduqca mürəkkəb məsələdir. Görünən sadəcə budur ki, regionda böyük və uzun müddət davam edəcək yeni münaqişə ocağı yaranır.
 
Və Amerika-İsrail birliyi bu münaqişə ocağına İranla Türkiyənin qoşulmasını çox istəyir.
 
Açıq hədəf İrandır. Həm İsrail, həm də ABŞ üçün Tehran hazırda ən prioritet problemdir. Lakin Türkiyə ilə bağlı hədəflər daha gizli və daha təhlükəli görünür.
 
Türkiyə müharibəyə necə daxil edilə bilər?: Türk ordusu İraqla sərhəddə hər an müdaxiləyə hazır vəziyyətdə gözləyir. “Kürdüstan”ın yaranmasının hədəflərinin təhlükəsi göstərir ki, 40 ildən artıq müddətdə PKK terroru ilə mübarizə aparan Türkiyənin müdaxilədən başqa yolu yoxdur. Lakin bu müharibə arzuolunmaz bataqlıq da ola bilər. Türkiyənin İraqda müharibəyə qoşulması ssenarisini bu cür təxmin etmək olar: Kərkükdə kürdlər türkmanlara hücum edir və şəhərdə etnik toqquşma başlanır. Ankara sazişinə görə, Kərkükün zamini olan Türkiyə haqlı olaraq müdaxilə edir.
 
Amerikanın mümkün ssenarisi budur. Bu, ssenaridə vaxtilə Kərkük və Mosula girməkdə israr edən Turqut Özalın “İraq savaşına Amerikanın yanında girsək, bir qoyar, üç alırıq” sözləri keçərli deyil, əksinə, Vaşinqton Ankaraya qarşı oynayır. Amma hərbi müdaxilə ilə Türkiyənin gələcək təhlükələrin qarşısını ala biləcəyi perspektivi də görünür və deyəsən, itki nə qədər böyük olursa, olsun, müdaxilədən başqa çıxış yolu yoxdur.
 
Vaşinqton-Təl-Əviv birliyinin hədəfində olan etnik və regional müharibənin ayrı-ayrılıqda yaşanacağını düşünmək sadəlövhlükdür. Əksinə, həm xalqların iştirakı ilə etnik, həm də dövlətlərin iştirakı ilə regional toqquşmalar iç-içə baş verəcək və bu, Suriya müharibəsində də daha mürəkkəb, uzunmüddətli ola bilər.
 
Dünyanın burnuna barıt qoxusu gəlir: Proseslərin analizi “hər şey mümkündür” tezisini gücləndirir. Referendum Bərzaninin istəyi kimi nəticələnməyə də bilər, hərçənd, bu 100/1 ehtimaldır. 100/99 ehtimal “müstəqil Kürdüstan” olacaq və bununla, bölgədə regional-etnik müharibəyə start veriləcək. Versiyalar yetərincə çoxdur, lakin 100/100 ehtimal budur ki; Dünya sabahı bugünkü kimi açmayacaq.
 
Asif Nərimanlı

Загрузка...
Загрузка...