Kəşfiyyatçımız şəhidlik məqamına yüksəldi!

Lənkəran daha bir şəhidi ilə vidalaşıb.
Erməni silahlı qüvvələrinin ötən gecə qoşunların təmas xəttində təxribat xarakterli hucumunun qarşısı alınan zaman şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, 26 yaşlı Rusif İbrahim oğlu Ağayevin cənazəsi bu gün doğulduğu Lənkəran rayonuna gətirilib.
Şəhidlə vida mərasimi doğulduğu Hirkan qəsəbəsində keçirilib. Minlərlə sakinin iştirak etdiyi dəfn mərasimində yaşından, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq  bütün rayon ictimaiyyəti, döyüşdüyü hissənin əsgər və zabit heyəti iştirak edib.
Şəhid giziri qəsəbə qəbristanlığına qədər böyük insan seli müşaiyət edib. Ömrünün 11 ilini vətənə hərbçi kimi xidmət edən, kəşfiyyatçı kimi qatıldığı son döyüşdən də şəhid kimi qalib ayrılan Rusif uğrunda qurban getdiyi torpağa tapşırılıb.
Azərbaycan bayrağını şəhidin atasına xidmət etdiyi hərbi hissənin zabiti tərəfindən əmanət edilib. Şəhidin atası İbrahim Ağayev oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu dilə gətirib.