Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi

Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi 25 iyun tarixdə Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı keçirilib.
 
Borçalı ictimai Cəmiyyətinin təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli tərəfindən çağrılan növbədənkənar konfransda 231 nümayəndə iştirak edib. Konfransda həmçinin çoxsaylı qonaqlar, o cümlədən Gürcüstan Türkləri Konfederasiyasının, Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin və Gürcüstan Qarapapaq Türkləri Birliyinin təmsilçiləri, həmçinin Gürcüstan və Türkiyədən qonaqlar iştirak ediblər.
Bu barədə mətbuata Borçalı Cəmiyyətinin təsisçisi Şərif Kərimli məlumat verib.
 
Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı ictimai-siyasi məslələri müzakirə etdikdən sonra təşkilati məsələlərə baxıb.
Konfrans alternativ əsasla, açıq səsvermə zamanı tanınmış tarixçi-antropoloq alim Kərəm Məmmədov Borçalı İctimai Cəmiyyətinin yeni sədri seçilib.
Konfrans həmçinin 21 nəfər tərkibdə Borçalı İctimai Cəmiyyətinin İdarə Heyətini və 3 nəfər tərkibdə Mərkəzi Nəzarət Təftiş Komisiyyasını formalaşdırıb. Cəmiyyətin idarə heyətinə Borçalı əsilli tanınmış ziyalılar və ictimai-siyasi xadimlər seçiliblər.
 
qeyd edək ki, Borçalı İctimai Cəmiyyəti 1993-cü ildə Azərbaycanda yardılıb.
1993-2009-cu illərdə Cəmiyyətə Eyvaz Borçalı, 2009-2016-cı illərdə isə Zəlimxan Məmmədli rəhbərlik edib.
 
Borçalı İctimai Cəmiyyətinin yeni sədri Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 22-də Başkeçid (Dmanisi) rayonunun Gəyliyən kəndində dünyaya göz açıb. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olub.
1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş.
 
1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır.
1995-ci ildən Bakı Dövlət Universititinin Tarix fakultəsində müəllim, 1996-cı ildən BDU Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir.
Zirvə İnformasiya