Kərəm Həsənovu necə ələ saldılar? - təfsilat

Komitə sədrinə departament müdirliyi təklif olunub, o da rədd edib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır. Prezidentin son fərmanından sonra bütün özəlləşdirmə prosesindən kənarda saxlanılan Kərəm Həsənova hakimiyyət dairələri yeni vəzifə təklif ediblər. Çünki onun rəhbəri olduğu komitənin də ləğvi məsələsi artıq qətiləşib.
Politika.Az xəbər verir ki, yaxın günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilərək, İqtisadiyyat Nazirliyi daxilində departamentə çevriləcək. Belə ki, qurumların birləşdirilməsi həyata keçiriləcək. Elə mərəkə də bu zaman başlayıb. Məlumatlara görə, komitə departamentə çevrildikdən sonra onun başında Kərəm Həsənovun durmasını istəyiblər hakimiyyət dairələri. Lakin Həsənov bu təklifi rədd edib. O, bunu özünə təhqir hesab edib. Hətta bəzi dairələrdə deyib ki, hakimiyyətə yetərli qədər xidmət göstərdiyi halda, bu vəziyyətə salınmasını qəbullana bilmir.
Mənbə vurğulayır ki, Kərəm Həsənovun belə duruma düşməsində Eldar Mahmudovun və müxalifət düşərgəsiylə yaxın əlaqələrə malik olması da göstərilir. Politika.Az-a verilən məlumata görə, son devalivasiyadan sonra Cəlilabad ƏSMM-in qarşısında əhalinin etiraza qalxmasının təşkilatçısı da elə komitə sədri özü olub. İddialara görə, o, özünün yaxın adamları vasitəsiylə əhalini qızışdıraraq, ƏSMM-in binasının önünə göndətdirib.
Xatırladaq ki, Komitə sədrinin adı bir müddət əvvəl Sabirabadda baş verən iğtişaşlarda da hallanırdı. Və bunu özünün ən yaxın adamı olan, AXCP-nin əsas fiqurlarından sayılan Davud adlı şəxsin əliylə həyata keçirdiyi vurğulanırdı. Qeyd edilirdi ki, Davud Kərəm Həsənovun qara mühasibatlığını həyata keçirir və komitə sədrinin tapşırığıyla AXCP sədrinə pul ötürüb. Eyni zamanda, Sabirabadda baş verən iğtişaşları da tapşırıq əsasında maliyyələşdirib.