​Kriminal aləmin generalının qətli və dəfni

 
 
Yenə medianı danlayırlar, deyirlər, adi bir caninin ölümünə niyə bu qədər diqqət ayırdı, manşetlər, fotosessiyalar verdi.
 
Adam adi cani deyildi, qardaşlar. Heç adi caninin qətl xəbəri bir neçə ölkənin aparıcı tv-lərinin ana xəbər bülletenində gedərmi? Adi caninin nəşi dəfn edilməsi üçün vətənə xüsusi təyyarədə gətirilərmi?
 
Gerçəklik budur: Rövşən Lənkəranski kriminal aləmin generalıydı. Bildiyimiz general. Necə ki, poqonlu generalların əlinin altında çoxlu mayorlar, kapitanlar olur, onun da sərəncamında çoxlu mayorlar, kapitanlar, çavuşlar vardı.
 
Bir mayor qətlə yetiriləndə hüzr yerinə nə qədər adam toplaşar? 300-500. Amma general öləndə, yaxud öldürüləndə, razılaşarsınız ki, dəfnə azı 5 min adam gələr.
 
Həm də Rövşən adi kriminal avtoritet deyildi, kriminal keçmişi olan, ancaq sonradan müəyyən mənbələr hesabına varlanmlış, milyonçuya çevrilmiş, sərəncamında ticarət, iaşə, xidmət müəssisələri olan bir iş adamı idi.
 
Harda görünüb ki, bir milyonçu öldürülə, amma onun dəfninə minlərlə adam yığışmaya?  Mümkün deyil. Çünki belə adamların geniş dostlar, tanışlar, partnyorlar dairəsi olur və onlar da özlərinə borc bilirlər ki, onun son mənzilə yola salınmasında iştirak eləsinlər.
 
Belə görünür ki, Rövşən Lənkəranski nazir kimi bir adam imiş. Özü də bir var maddi ehtiyatlar naziri-filan, bir də var, güc nazirlərindən biri. Təbii ki, bir nazir iş başında vurulsa, onun dəfni də qələbəlik olar. Özü də güc nazirinin dəfni hər halda təbii ehtiyatlar nazirininkindən daha izdihamlı olar. Bu işlər belədir.
 
İndi deyirlər, kriminal avtoritetin qətlinin bu cür ajiotaj doğurması, dəfnə 10 mindən çox adamın gəlməsi, yüz minlərlə insanın maraqlanması kriminal aləmə total rəğbət bəsləmə tendeniyasından (əcəb savadlı cümlə oldu) xəbər verir.
 
Elə də deyil. Tutaq ki, sabah möhtəşəm nazirlərdən biri vurulur (müəllif bu cümlənin ideya kimi qəbulunu qadağan edir), təbii ki, dəfnə 10 mindən çox adam gələcək. Bu o demək olacaq ki, insanlar kütləvi şəkildə məmurlar aləminə rəğbət bəsləməyə başladı? Xeyr.
 
Bu, fərdi məsələdir. Həmin nazirin (və ya kriminal avtoritetin) mənsub olduğu düşərgə başqa, adamın şəxsən qazandığı hörmət-izzət başqa. Elə nazir də var, sabah vurulsa, dəfninə qohum-əqrəbasından, iş yoldaşlarından, kəndçilərindən başqa kimsə gəlməz.
 
Təqaüdçüdən, beş yetim saxlayan dul qadından, qapısında bir qısır inəyi qalmış kasıbdan rüşvət alan məmurlar olduğu kimi, həmin təqaüdçünün pensiyasını bankomatdan çıxarıb mənimsəyən, dul qadına sataşan, kasıbın sonuncu qısır inəyini oğurlayan kriminal ünsürlər də var. Onların hər ikisinin nəyinə rəğbət bəsləmək olar?
 
Yox, heç kəs narahat olmasın, Azərbaycan Siciliyaya dönən deyil ki, orada kriminal strukturlar dövlət strukturundan güclü olsun və xalq da birinciyə daha çox tabeçilik göstərsin.
 
O şey bizdə mümkün deyil. Bu baxımdan bizdə təkhakimiyyətlilikdir və elə də qalacaq.
 
Ötən əsrin 90-cı illərində Rusiyada bir sosioloq demişdi ki, postsovet məkanında yeganə ölkə Azərbaycandır ki, orada reketçilik yoxdur. Sonra adam sözünü belə davam etdirmişdi: “Ona görə ki, orda bu işlə məmurlar özləri məşğuldur”.
 
Bəli, Rövşən Lənkəranskinin qətlinə, dəfninə bu qədər böyük diqqəti cəmiyyətin kriminallaşmasının təzahürü kimi alqılamaq düzgün deyil.
 
Adam gerçəkdən əfsanəydi, barəsində çoxlu hekayələr vardı. Rövşən burdan getdi, ordan keçdi, belə elədi, filankəsi belə “nakazat” elədi, filankəslərə belə mesajlar göndərdi, İrəvanda haqqında hökm verdilər, Tiflisdə ona qahmar çıxdılar və sair və ilaxır. Bu kimi yüzlərlə xəbərlər. Az qala hər gün onun barəsində yeni xəbərlər gəlirdi.
 
Mərhum yavaş-yavaş simvollaşmışdı, ölkənin kriminal avtoritetlərinin ümumi obrazı olmuşdu. Necə ki, dünya futbolunun etalonu Messiydi, Azərbaycan kriminalının etalonu da Rövşən idi. (Onların boy-buxunları və sifət cizgiləri də bir-birinə bənzəyir).
 
İndi sabah Messinin başına bir iş gəlsə, milyonlarla insan heyfsilənməzmi? Heyfsilənər. Amma eyni şey “Real”ın müdafiəçisi Pepenin başına gəlsə, bu, həmin milyonların vecinə də olmaz.
 
Sovet müəllimlərinin sözü olmasın, fikrim çatırmı, nə demək istədiyimi çatdıra bilirəmmi?
 
Yəni demək istəyirəm ki, görünür, Rövşən Lənkəranski dəfninə 10 min adamın yığılmasını haqq eləyən adam olub.