​Krım əvəzinə Dnestryanı? - Rusiya Kiyevin PLANINI AÇIQLADI

 
Kiyev Dnestryanı ərazinin zəbt edilməsini planlaşdırır.
Publika.az xəbər verir ki, bu haqda “Peyk” radiosunun efirində politoloq Aleksey Martınov deyib.
“Poroşenko Krımın itirilməsinə əvəz olaraq Dnestryanı ərazinin Ukraynaya birləşdirilməsi imkanlarını istisna etmir. Əlbəttə, bu, Ukrayna və Moldovanın münasibətlərini kəskinləşdirəcək, amma Moldovanın fikri heç kəsi, həmçinin prosesin moderatorları maraqlandırmır. Mən Amerika hərbçilərini nəzərdə tuturam”, - Martınov bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq hücuma hazırdır:
“Bunun müxtəlif nəticələri ola bilər. Hər şey ondan asılıdır ki, Dnestryanı əraziyə kim daha sürətlə girəcək. Ukraynalılar nədənsə düşünürlər ki, onlar daha yaxın olduğu üçün bunu daha tez edəcəklər. Buna görə də son həftələr Ukrayna öz qoşunlarını - zenit-raket divizionları və Hava Hücumundan Müdafiə sistemlərini sərhəd boyu yerləşdirir”.
Qeyd edək ki, tanınmamış quruma faktiki olaraq hazırda Rusiya nəzarət edir. Moldova parlamenti ötən ayın 21-də sülh kontingentinə daxil olan Rusiya hərbçilərinin ölkə ərazisindən çıxarılması haqqında bəyannaməni təsdiq edib.
Ötən ayın əvvəlində həmçinin NATO Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin başçısı İrina Friz bildirib ki, Rusiya Dnestryanı ərazidəki hərbi bölmələrini ən yeni silah nümunələri ilə təchiz etməyə başlayıb. Onun sözlərinə görə, Rusiya tanınmamış respublikanın ərazisinə (Dnestryanı ərazinin cənubi-qərbində Ukraynanın Odessa vilayəti yerləşir - red.) hücum yeri kimi baxır.
2017-ci ildə tanınmamış “Dnestryanı Moldova Respublikası”nda sülh əməliyyatının başlanmasından 25 il keçir. Münaqişə zonasında yerləşdirilən sülh kontingentinin tərkibinə 402 Rusiya, 492 Dnestryanı, 355 Moldova hərbi qulluqçusu, həmçinin Ukraynadan on hərbi müşahidəçi daxildir.
Xatırladaq ki, əhalisinin 60 faizdən çoxunu rus və ukraynalıların təşkil etdiyi Dnestryanı ərazisi hələ SSRİ-nin süqutuna qədər Moldovanın tərkibindən çıxmışdı. Bildirilir ki, Dnestryanı ərazinin bu qərarı Moldovanın Rumınıyaya birləşməsi ehtimalı ilə bağlı olub. Kişnyov 1992-ci ildə problemi güc yolu ilə həll etməyə çalışsa da, bu cəhd uğursuzluqla nəticələnib. Bundan sonra Dnestryanı ərazi tamamilə Kişnyovun nəzarətindən çıxıb.
Ömər Dağlı

Загрузка...
Загрузка...