Kərim Kərimovdan Maksim Musayevə gözlənilməz cavab — QALMAQAL BÖYÜYÜR

 
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov qocaman YAP üzvü Maksim Musayevin partiya haqqında söylədikləri fikirlərə münasibət bildirib.
 
YAP rəsmisi K.Kərimov Ölkə.Az saytına açıqlamasında əvvəlcə bu məsələ ilə bağlı danışmaq istəmədiyini desə də, daha sonra bildirib ki, onun və Maksim Musayevin kifayət qədər çox yaşı var:
 
“Nə mənim, nə də Maksim Musayevin yaşı az deyil. İndi onun haqqında nə isə söyləmək mənim üçün doğru çıxmazdı. Eyni zamanda mən Maksim Musayevə də bu cür hərəkətləri yaraşdırmıram. Mən Maksimlə dost olmasam da, ancaq həmyaşıd sayılırıq. Ona görə də çox istəyirəm ki, arada hörmət saxlanılsın. Ancaq elə insanlar var ki, olmayan şeyləri də öz adlarına yazırlar. Maksim “91-lər”dən olmaya-olmaya, deyir ki, mən “91-lər”dənəm. Mən bununla bağlı onun fikirlərini oxumuşam. Özünü “91-lər”dən olan YAP-çı kimi təqdim edir. Əslində, o “91-lər”dən deyil. İnsan gərək şəxsi məsələsinə görə partiyadan istifadə etməyə çalışmasın. Deyir ki, obyektimi söküblər və sairə. Mənə də maraqlıdır ki, onun obyektlərinin YAP-a nə aidiyyəti var? İcra başçısı nə etdiyini yaxşı bilir”.
 
Xatırladaq ki, keçmiş deputat, YAP üzvü Maksim Musayev musavat.com-a müsahibəsində “91-lər” və YAP-ın quruculuğunda yaxından iştirak etdiyini söyləyib.
 
Həmçinin, o Xızıda tikdirdiyi idman otağının sökülməsi ilə bağlı ölkə Prezidentinə, Daxili İşlər Nazirliyinə (DİN), Baş Prokurorluğa və Ombudsmana teleqram vurduğunu bəyan edib.