Kremlin Qarabağ planında mühüm detal – prosesə Türkiyə də qoşulur!

Danışıqlar üzərindəki sirr pərdəsi açılır; Sergey Lavrovun İrəvan səfəri ilə bağlı ilginc nüanslar var; işğalçı tərəf Türkiyə amilinin məsələyə artan təsirindən narahatdır; erməni politoloq: “Biz yenə rus çəkici ilə türk zindanı arasında qalacağıq, Moskva İrəvanla bundan sonra daha az hesablaşacaq...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Güney Qafqaz regionuna İrəvandan başlayan səfəri təhlilçilərin diqqət mərkəzindədir. Öncəliklə də Lavrovun Qarabağ mövzusunda apardığı danışıqlarla bağlı gözləntilər maraq kəsb edir. Rusiya diplomatiyasının “ağır topu”nun münaqişəli bölgəyə nə ilə gəlməsi ilə bağlı müxtəlif rəy və fikirlər mövcuddur.
 
“İyulun 4-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçirilən toplantısı zamanı Sergey Lavrovun erməni tərəfi ilə apardığı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olub”. Bu haqda Lavrovu müşayiət edən Rusiya nümayəndə heyətindəki mənbə “İzvestiya” qəzetinə bildirib (Virtualaz.org).
 
Məlumata görə, Lavrov xarici işlər nazirlərinin toplantısı çərçivəsində erməni tərəfi ilə qeyri-rəsmi görüşlər keçirib. Diplomatik mənbə deyib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması prosesi olduqca aktiv, ancaq hədsiz tələskənliyə yol verilmədən gedir. “Rusiyanın mövqeyinə görə münaqişənin elə bir həlli zəruridir ki, bütün iştirakçılar, o cümlədən Dağlıq Qarabağ bu böhrandan maksimum ağrısız çıxa bilsin” - mənbə bildirib.
 
Mənbənin dediyinə görə, Rusiyanın tərəflərə təqdim etdiyi həll planda Ermənistanın sərhədlərinin təkcə Azərbaycan tərəfindən deyil, eyni zamanda Türkiyə tərəfindən də açılması nəzərdə tutulub. Planda habelə ağlıq Qarabağ bölgəsini də əhatə etməklə kommunikasiya xətlərinin açılması yer alır.
 
 
 
“İzvestiya” qəzetini məlumatlandıran diplomatik qaynaq onu da deyib ki, Ərdoğanın üzrxahlıq məktubundan sonra Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir edə bilər.
 
***
Xatırladaq ki, bugünlərdə Ermənistanda Putinin tərəflərə təqdim etdiyi Qarabağ planının bir çox detalları açıqlanıb. Bu haqda ilk olaraq “Yeni Müsavat” yazıb. Həmin plan münaqişənin mərhələli həllini nəzərdə tutur. Plana görə, Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarından 5-ni azad edir, Dağlıq Qarabağ isə “möhkəm aralıq status”a malik olur. Yekun hüquqi statusun müəyyən edilməsinə dair referendum isə qeyri-müəyyən müddətə saxlanılır.
 
 
 
Əvəzində nə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması, nə də yaxın gələcəkdə müstəqilliyə malik olması nəzərdə tutulur. Kəlbəcər və Laçın məsələsi də qeyri-müəyyən vaxtadək təxirə salınır. Ancaq Azərbaycan tərəfi bu planla razı deyil və Dağlıq Qarabağın formal da olsa Azərbaycanın tərkibində yer almasında israr edir.
 
Yəni “Putin planı” və ya “Lavrov planı” adlanan bu model   əslində ən çox Rusiyanın maraqlarını ehtiva edir və onun münaqişəyə nəzarət imkanlarını saxlamağa hesablanıb.      
***
Erməni tərəfi isə həm bu məqama, həm də Türkiyənin konfliktin həllinə artan təsirinə və sülh prosesinə qoşula biləcəyinə görə narahatdır. Məsələn, İrəvandakı Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Aqasi Yenokyan hesab edir ki, “əgər Rusiya dayandırılmasa və o, tək buraxılsa, o zaman Kreml problemi nə Azərbaycana və Ermənistana, nə də Avropa Birliyinə və ABŞ-a sərf edən formada nizamlayacaq”.
 
Onun sözlərinə görə, hazırda Qərbin səyləri həm də ona yönəlib ki, proses Kremlin maraqlarına xidmət eləməsin. “Rusiya üçün bu, çox mühümdür, ancaq ona konflikti öz bildiyi kimi həll etməyə imkan verməzlər” - erməni ekspert deyib.
 
 
 
Türkiyə-Rusiya barışığından sonra Ankaranın Qarabağ sülh danışıqlarına mümkün təsirlərinə gəlincə, Yenokyan narahatlıqla bildirib ki, Moskva-Ankara arasında anlaşma prosesi olduqca dinamik gedir və bundan “yaxşı bir şey gözləməyə dəyməz”. “Biz yenə də rus çəkici ilə türk zindanı arasında qala bilərik və Ermənistana təzyiqlər güclənə bilər. Barışıqdan sonra Moskva İrəvanla daha az hesablaşacaq” - erməni analitik narahatlıqla qeyd edib.
 
***
Bu arada Lavrovun Cənubi Qafqaza səfərinin ikinci hissəsi - Azərbaycana səfər belə görünür ləngiməkdədir. Yada salaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin S.Lavrovun İrəvandan Bakıya gələcəyini bildirmişdilər. Hələ ki səfərin ləngiməsi ilə bağlı rəsmi izahat verilməyib.
Bir şeyi dəqiqliklə yazmaq olar ki, səfər mütləq reallaşacaq. Bunu ən azından, Qarabağ məsələsində son vaxtlar özünü göstərən dinamika və müharibə riskini cilovlamaq imperativi diktə edir.
 
Analitik xidmət (musavat.com)