“Kremldə fantastik səfehlər oturub” – Mixail XODORKOVSKİ

 
 
Turaninfo.org bildirir ki, Rusiyanın tanınmış oliqarxlarından, hazırda Avropada mühacir həyatı yaşayan Mixail Xodorkovski Almaniyanın “Der Spiegel” qəzetinə maraqlı müsahibə verib.
 
Xodorkovski Putin, Rusiyanın gələcəyi, ABŞ-ın tətbiq etdiyi sanksiyalar mövzusunda fikirlərini bölüşüb. Jurnalist Bencamin Biderin hazırladığı materialda Xodorkovskinin Rusiyanın liberal intellektual kəsimində gənclər içində populyar sayılan Aleksey Navalnıdan daha çox rəğbət gördüyünü vurğulayır.
 
ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara toxunan Mixail Xodorkovski burada günahın ilk növbədə Rusiyayda olduğunu bildirib. Xodorkovskinin fikrincə, Amerikanın addımları olduqca müvafiq və qaçılmaz olub. Eks-oliqarx məsələnin kökündə həm də iqtisadi mənafelərin durduğunu təsdiqləyir: “Şübhəsiz ki, burada iqtisadi maraqlar da var. Mayeləşdirilmiş təbii qaz ehtiyatlarına malik amerikalılar onu Avropa bazarına çıxarmaq istəyir və bu yöndə başlıca əngəli- Rusiyanı aşmaq istəyirlər”.
 
Ləğv edilən “YUKOS” şirkətinin keçmiş sahibi sanksiyaların Rusiya üçün heç bir yaxşı perspektiv vəd etmədiyini qeyd edir. Onun rəyincə, texnologiya ixracatına gətirilən qadağalar Rusiyanın Arktika şelfində rentabelli layhiələrinin üstündən xətt çəkmiş olacaq. Bu, Rusyanın qazma sənayesini azı 10 il arxaya ata bilər.
 
Xodorkovskinin söylədiyinə görə, Rusiya ABŞ-dakı siyasi proseslərə qarışmaqla sanksiya bəhanəsini Vaşinqtonun əlinə özü verib. Eks-oliqarx buna görə Putin və onun ətrafını günahlandırıb: “Hansı axmaq ABŞ-dakı seçkiqabağı kampaniyaya burnunu soxar. Kremldə əsl fantastik səfehlər oturub”.
 
Buna rəğmən, Mixail Xdoorkovski indiki situasiyanın Putin rejiminə siyasi mənada divident gətirdiyini də istisna etməyib: “Bu cür cərimə tədbirləri Rusiya cəmiyyətinin “amerikan imperializminin simasında əbədi düşmənə” qarşı birləşdirilməsinə şərait yaradır”.
 
Alman jurnalist keçmiş oliqarxdan Moskvanın Almaniyadakı seçkilərə müdaxilə imkanları barədə soruşub. Xodorkovski Kremlin bunun üçün olduqca yaxşı hazırlanmış və bu işdən külli miqdarda pul qazanan kadrlarının olduğunu dilə gətirərək, bunun olduqca yüksək ehtimal olduğunu bildirib. Xodorkovksi Putinin iqtisadi siyasətini də tənqid etməyi unutmayıb. Onun fikrincə, hazırda Rusiya iqtisadiyyatında ciddi surətdə yanlış dövlətləşdirmə siyasəti aparılır.
 
“Putin bu yolu daha düzgün hesab edir. Ona görə ki, məhz belə olan halda iqtisadiyyatın idarə olunması imkanları, o cümlədən Kremlin təsir vasitələri artır. Lakin bu iqtisadiyyatda effektivliyi və innovativliyi tamamilə heçə endirir”, – Xodorkovksi qeyd edib.
 
Mixail Xodorkovski Putin rejimi dövründə demokratik islahatlar barədə danışmağın yersiz olduğunu bildirb: “Putinin təfəkküründə “azadlıq” xaos, dağıdılmış küçələr, yandırılan evlər deməkdir. Bu, əsl sovet dövlət adamının hərbi düşüncə tərzidir. Bir şeyi anlamaqda fayda var ki, Putin rusiyalılara nəyisə təlqin etdirmir. Tam əksinə, onun özü kütlələrin təfəkkür tərzinin ifadə formasıdır”.
 
Xodorkovksi bu məsələdə Rusiya gəncliyinə böyük ümid bəslədiyini qeyd edib. Onun fikrincə, indiki gənclik Putin kimi düşünən valideynlərindən xeyli fərqlənir: “Gənc insanlar məişət azadlıqlarından daha əmin şəkildə istifadə edə bilirlər. Onlar dövlətin nəyisə, oxumağı və ya baxmağı yasaqlamasını qəbul edə bilmirlər”.
 
Buna rəğmən, Xodorkovki rejimin gənc insanları Qərbə qarşı təhrik siyasəti apardığını bildirir. “Rusiya dövləti ancaq uydurma hekayələrlə gənc nəslin başını doldurmaqla məşğuldur – “Rusiya hər yerdən düşmənlə əhatələnib”, “ölkə tarixində heç bir qara ləkə yoxdur” kimi… Bizim əsas vəzifəmiz bu əsatirlərərə qarşı mübarizə aparmaq və insanlara hazırkı kursa alternativlərin olduğunu çatdırmaq olmalıdır”, – Xodorkovski vurğulayıb.
 
Sürgündə olan iş adamı vətənində dövlətin təbliğat vasisətləri ilə demokratiyaya olan münasibətin qəsdən neqativ yöndə dəyişdirildiyini bildirib: “Demokratiya bizdə söyüş kəlməsinə dönüb. “Liberal” sözü ciddi həqarət sayılır. Eyni məntiqlə “azadlıq” da hansısa şübhəli anlayışa bərabər tutulur… Rusiyada bu 3 məfhum başqa insanları nəzərə almadan hər hərəkəti törətmək anlamında təsrif olunur…”. /musavat.com/

Загрузка...
Загрузка...