Kreml Saakaşvilinin önünü oğru dünyası ilə kəsmək istəyir

 
Rusiya kriminal avtoritetləri Gürcüstana niyə göndərib?

Ötən gün Gürcüstanın ana müxalifət partiyası – Vahid Milli Hərəkat paytaxt Tiflisdə möhtəşəm aksiya keçirib. Müşahidəçilər bir neçə saat davam edən yürüş-mitinqi vətəndaşın son 4 ildə müxalifətə verdiyi ən güclü dəstək adlandırır.
 
Rəsmi qaynaqlar, o sıradan İctimai Televiziya iştirakçıların sayını 45 min kimi göstərsə də, müxalifət iddia edir ki, bu, real rəqəmdən 2 dəfə azdır.
 
Mitinqdən sonra aksiyanı İmedi-2 kanalından dəyərləndirən müxalif liderlər vətəndaş fəallığını “Gürcü arzusu”nun hakimiyyətini  antidemokratik yolla uzatmaq istəyinə layiqli cavab adlandırıb.
Anlaşılan odur ki, mitinqdən bir gün öncə Vahid Milli Hərəkatdan millət vəkili Givi Tarqamadzenin avtomobilinin partladılması (deputat sağ qalsa da, partlayış bir neçə nəfərin yaralanmasına səbəb olub), müxalifətdən olan namizədlərə bölgələrdə hücumlar təşkil edilməsi, o sıradan Qoridə təbliğat kampaniyası aparan keçmiş müdafiə naziri İrakli Okruaşviliyə atəş açılması tamamilə əks effekt verib, vətəndaşlar ölkədə kriminala yaşıl işıq yandırılmasına dərhal müxalifətə açıq dəstək verməklə reaksiya verib.
 
Gürcüstan Daxili İşlər Nazirliyi sözügedən faktlarla bağlı cinayət işi başlatsa da, hələlik nə təşkilatçıların, nə də icraçıların adı açıqlanıb. Rəsmilər susqundur, amma müxalifət bu haqda iddialı danışır – baş verənlər hakimiyyət kürsüsü ciddi şəkildə laxlayan “Gürcü arzusu”nun əməlləridir.
 
Müxalif düşərgə iddia edir ki, Rusiya Gürcüstanı qarşıdakı 4 ildə də nəzarətində saxlamaq üçün prosesə oğru dünyasını cəlb edib. Bu ilin ilk aylarında Moskvada Gürcüstan əsilli qanuni oğruların toplantısı keçirilib. “Sxodka”da nəyin bahasına olursa-olsun, payızda keçiriləcək seçkidə “Gürcü arzusu”na dəstək verilməsi qərara alınıb. Bu məqsədlə Gürcüstana 2 qanuni oğru göndərilib. Tiflisdə baş tutan ikinci “sxodka”da isə iş bölgüsü aparılıb. Qanuni oğrulardan biri müxalifət liderləri ilə kontaktlar yaradaraq onları müxtəlif vasitələrlə, o sıradan silahlı basqınlarla aktiv mübarizədən çəkindirməyi üzərinə götürüb. Digər komanda isə iş dünyasının ünlü isimlərinin “boğazına çökmək” – xərac toplamaq görəvini üstlənib. Beləliklə, son iki ildə Ukrayna böhranına görə ciddi iqtisadi problemlər yaşayan Rusiya keçən seçkidə real vəsaitlə dəstəklədiyi “Gürcü arzusu”na bu dəfə “daxili imkanlar hesabına” yardımçı olmaq üsulunu seçib.
 
Moskvadakı “sxodka”da Şakro Molodoyun (Zaxari Kalaşov), Otari Bədəlovun, Vaxa Marneulsikinın (Vaqif Süleymanov) birbaşa və ya dolayısı ilə (onlardan bəziləri “içəri”dədir) iştirak etdiyi deyilir. Əldə etdiyimiz informasiyalarda o da bildirilir ki, Gürcüstan əsilli azərbaycanlı qanuni oğruların əsas rəqibləri Rövşən Lənkəranski ilə haqq-hesabı çürütmək məsələsi də Tİflisdə gündəmə gəlib.
 
Moskvanın Gürcüstan məsələsində oğru dünyasını qullanması təsadüf deyil. Sovet İttiifaqı dönəmində də, birlik dağılandan sonra da gürcü və Gürcüstan əsilli qanuni oğrular bu məkanda “at oynadıblar” – kimlərisə vəzifəyə təyin etdiriblər, onların vasitəsilə biznes imkanlarını genişləndiriblər, bəzən hətta siyasi qərarlara təsir imkanları əldə ediblər. Gürcüstanda hakimiyyət-kriminal işbirliyinə məhz eks-prezident Mixeil Saakaşvili son qoyub. O, hakimiyyətə gəldiyi ilk günlərdə canlı efirdə belə demişdi: “Kriminal avtoritetlərə 48 vaxt verirəm, Gürcüstanı tərk edin”.  
 
Nə qəribədir ki, o günlərdə təcili Gürcüstandan çıxmalı olan kriminal avtoritetlərin bir hissəsi Mixeil Saakaşvilinin indi qubernatoru olduğu Odessa vilayətinə yerləşdi. Saakaşvili eyni siyasəti Odessada da təkrarladı – qubernatorluğunun ilk günlərində vilayətin bütün rəhbər heyətini toplayaraq konkret əmr verdi: “Sizin kriminal dünya ilə əlaqələrinizdən xəbərdaram. Onların bəziləri mənim bir zamanlar Gürcüstandan qovduğum şəxslərdir. Sizdən onlarla işbirliyinə son verməyinizi tələb edirəm. Kim Odessada vəzifədə qalmaq istəyirsə, bu andan həmin əlaqələri dayandırmalıdır. Kriminallara isə yenə 48 saat verirəm – Odessadan çıxın”.
 
Əslində oğru dünyasına aid şəxslərin məkan dəyişdirməsi tez-tez baş verir. Ancaq bu yerdəyişmənin hakimiyyətin tələbi şəklində ortaya çıxması düzənin pozulması, bəlli bir müddətdə hazırlanan planların yarımçıq qalması, böyük rəqəmlərlə ifadə olunan maddi itkilər deməkdir. Bu səbəbdən təqib olunan avtoritetlərin bir qismi Mixeil Saakaşvilini şəxsi düşməni sayır və ona qarşı birliklərdə təmsilçilikdən imtina etmir. İndi Qafqazın strateji mərkəzlərindən olan Gürcüstan uğrunda Qərb-Rusiya savaşında ikinci bu faktordan istifadə etməkdədir.
 
Deyilənlərə görə, rəsmi Tiflislə kriminallar arasında bağı keçmiş futbolçu, sabiq nazir Kaxa Kaladze qurur. Rəsmən hakimiyyətdən getsə də, iqtidarın “xaç atası” rolunu davam etdirin Bdzina İvanişvili ilə avtoritetlər arasında danışıqlar məhz Kaladzenin vasitəsilə aparılır. Kaxa 5 il Tiflis “Dinamo”sunda, 3 il Kiyevin “Dinamo” klubunda oynayıb, 2000-ci ildə isə İtaliyanın “Milan” klubuna transfer olub. 5 sezon İtaliyanın idman şəfərini qoruyandan sonra İngiltərənin “Çelsi” klubu ilə danışıqlara başlayıb. Ancaq bu sevda baş tutmayıb və Kaladzenin aktiv idman karyerası başa çatıb.
 
Daha sonra Gürcüstanın müxalifət komandasına dəstək verən Kaxa Kaladzenin əməyi hakimiyyət dəyişikliyindən sonra yüksək qiymətləndirilib – o, energetika və təbii ehtiyatlar naziri və baş nazirin müavini postuna gətirilib. Budəfəki seçkidə də adı 41-lərin – hakimiyyət komandasının siyahısından birincidir. Onun bu posta təyinatından sonra idman dünyası ilə hakimiyyət arasında isti münasibətlər yaranıb. Gürcüstanda hər kəs deyir ki, əgər keçmiş iqtidarın əsas dəstəkçiləri xaricdə yüksək təhsil alan gənc kadrlar idisə, “Gürcü arzusu”nun dəstəkçiləri ölkənin idman ictimaiyyətidir.
 
Kaxa Kaladze həm də Gürcüstanla-Azərbaycan arasında “qaz anlaşılmazlığı”nın müəllifidir. Gürcüstan illərdir Azərbaycandan yetərincə aşağı qiymətlərlə təbii qaz alır. Bundan başqa, Azərbaycan Gürcüstana Bakı-Tbilisi-Ceyhan üzrə yüklü miqdarda tranzit haqqı ödəyir. 2012-ci ildə vəzifəyə yeni təyin edilən Kaladze gündəmə “Azərbaycandan alınan qaz Gürcüstanın ehtiyaclarını ödəmir” açıqlamaları ilə gəlmişdi və hansısa maraqlara görə əlavə qaz alınmasını SOCAR-la deyil, Rusiya və İranın enerji şirkətləri ilə müzakirə etməyə başlamışdı. Nazir açıq şəkildə deyirdi ki, Ermənistandan keçməklə Rusiyadan və İrandan Gürcüstana qaz xətti çəkilməsinin tərəfdarıdır. Xəbər bomba effekti yaratdı – Tiflislə Bakı arasında gərginlik bir neçə ay davam etdi. Sonradan BTC-nin əsas dəstəkçisi olan Qərb Gürcüstan iqtidarına da, Kremlə də Kaladzenin topu öz qapısına vurduğunu anlatdı – Gürcüstan təbii qaz alışı müqaviləsini yenə də SOCAR-la imzaladı.
 
Ölkənin Rusiya və İranla enerji əməkdaşlığına başlaması təşəbbüsü Kaxa Kaladzenin dilindən səslənsə də bəlli idi ki, ideyanın müəllifi  Bdzina İvanişvili və onun Kremldəki dostlarıdır. Deyilənlərə görə, “Gürcü arzusu” bu ideyanı tamamilə gündəmdən çıxarmayıb. Daha doğrusu, bu ideyanı rəsmiləşdirməyi. Qeyri-rəsmi kanallarla son 4 ildə  İrandan Gürcüstana Ermənistandan keçməklə enerji ehtiyatları daşınır. Rusiya və İrandan gətirilən benzin və metan, propan qazları ölkədə yağışdan sonrakı göbələklər kimi yayılan özəl yanacaqdoldurma məntəqələrində reallaşdırılır. Bu nəhəng biznesə nəzarəti də Kaladzenin kriminal avtoritet olan dostlarının həyata keçirdiyi, hətta zaman-zaman onların arasında hakimiyyətlə daha da yaxınlaşmaq uğrunda kriminal ayırdetmələr verdiyi haqda xəbərlər var.
 
Bu yanacaqdoldurma məntəqələri eyni zamanda “SOCAR-Georgia”nın əsas rəqibləridir. SOCAR Gürcüstanda benzini Azərbaycandakından ucuz satsa da yenə də qiymət siyasətində xırda yanacaqdoldurma məntəqələri ilə rəqabət apara bilmir. Deyilənlərə görə, Azərbaycanın Gürcüstan müxalifəti ilə sıcaq münasibətləri də bu məsələdən qaynaqlanır. Aydındır ki, Saakaşvili komandası yenidən iqtidara qayıtsa, Rusiya və İran enerji ehtiyatlarının Gürcüstan bazarından qısa zamanda sıxışdırılacaq və SOCAR-ın meydanı genişləndiriləcək. Görünür, “Gürcü arzusu” tərəfdarlarının “5 oktyabr mitinqinə təşkilati dəstək verənlər arasında SOCAR da var” iddiasının arxasında bu mətləb dayanır.
 
 
Mitinq isə gerçəkdən möhtəşəm alınmışdı. Yəqin, “5-lər”i dəstəkləyən minlərlə vətəndaşın 5 oktyabr mitinqində keçmiş prezidentin şərəfinə səsləndirdikləri “Mi-şa, Mi-şa” şüarları seçki gününə qədər iqtidar mənsublarının qulaqlarından getməyəcək. 5 rəqəmi Saakaşvili komandasının uğur rəqəmidir. Eks-prezident bütün kampaniyalarını bir şəkildə 5-ə bağlayıb. Görək, 8 oktyabr seçkisi Gürcüstanı yeni “əla dönəm”ə çıxara biləcəkmi?