Kreml İrəvanı yerində oturtmağa məcburdur – Səbəb

 
Qarabağ problemi regionda uzunmüddətli layihələr üçün əsas əngəldir.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. Onun sözlərinə görə, Türkiyə və Rusiyanın bölgədə iqtisadi maraqları siyasətin önünə keçəcək:
 
“Türkiyənin Qafqaz siyasətindən danışarkən ilk növbədə Ərdoğanın anons şəklində səsləndirdiyi bəyanatı göz önünə gətirmək lazımdır. O, Azərbaycan-Rusiya-Türkiyə üçlü mexanizminin yaradılmasının mümkünlüyündən danışdı. O, hətta bu formatın prezidentlər tərəfindən bəyənildiyini də dilə gətirdi. Bu, müəyyən dərəcədə regionda gedən proseslərə təkan verəcək. Həmin fikir Türkiyə və Rusiyanın regionda daha sıx əməkdaşlığına şərait yaradacaq. Belə bir format baş tutsa, bu, Azərbaycanın da xeyrinə olacaq. Azərbaycan bir müddət öncə Rusiya-Türkiyə münasibətlərinin düzəlməsində vasitəçi rolunu oynadı və bu, uğurlu alındı. İndi də Bakı əməkdaşlıq məsələsində vasitəçi rolunu oynaya bilər. Ona görə ki, hər iki ölkənin bölgədəki fəaliyyəti təkcə siyasi maraqlar yox, həm də iqtisadi maraqlar üzərində qurulub. Hər iki ölkə Qafqazdan mənfəət gözləyir. İran-Azərbaycan-Rusiya formatı göstərir ki, bu mənfəəti əldə etmək olar. İstənilən ölkə iqtisadi layihələrə başlayarkən onun təhlükəsiz şəraitdə reallaşdırılmasını istəyir. Həm Ankara, həm Moskva istəyir ki, başlatdığı layihələr uzunmüddətli və əlverişli şəraitdə həyata keçirilsin. Qarabağ münaqişəsi bunun üçün əsaslı əngəldir. Eyni zamanda bu konflikt siyasi münasibətlərin davamlılığına problem yaradır. Ona görə də hər iki tərəf münasib şəkildə bu münaqişəni həll etmək istəyir. Əsasən isə Ermənistanın mövqeyi buna əngəl yaradır. İri iqtisadi layihələr siyasəti məcbur edəcək ki, format buna uyğunlaşdırılsın”.