Kredit büroları haqqında qanun qəbul edildi-nə gözləyək?

 
Ekspertlərin fikrincə, bürolarının yaradılması vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək
 
Bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında “Kredit  büroları haqqında” Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərindədir. Komitə sədri əlavə edib ki, problemli kreditlərin həcminin artmaması və  maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.
 
Onun sözlərinə görə, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir. Z.Səmədzadə bildirib ki, millət vəkillərinin qanun layihəsinə etdiyi təkliflər nəzərə alınıb: “Kredit bürolarının fəaliyyətinə tələb olunan səviyyədə nəzarət qanun layihəsinin əhatəsinə salınıb. Kredit bürolarının fəaliyyətə başlaması ölkəyə investisiya cəlb olunması baxımından mühüm rol oynayacaq”.
 
Deputat Musa Quliyev bildirib ki, kredit bürolarının fəaliyyəti ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək. Millət vəkili Vahid Əhmədov isə vurğulayıb ki, qanunun icra mexanizmi düzgün qurulsa, bank sektorunda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalacaq. 
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov qeyd edib ki, hər hansı təşkilat fəaliyyətə başlayanda üçillik strategiya müəyyənləşdirilməlidir: “Bu baxımdan strategiyanın 1 ili əhatə etməsi məqsədəuyğun deyil”.
 
Qeyd edək ki, qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır. Kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilib. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
 
Qeyd edək ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq: “Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir”. Sonda qanun layihəsi səsə qoyularaq III oxunuşda qəbul edilib.
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, kredit bürosu borc verənə borc alanın kredit tarixçəsini bildirən qurum anlamına gəlir: “Bu qanun layihəsinin son variantını görməmişəm. Dərc ediləndən sonra tam fikrimi bildirəcəyəm. Amma ümumən mənası və məramı aydındır. Kredit bürösu üzvlərindən borclular haqda məlumatı toplayır və üzvlərinə lazım olanda onlara verir. Belə ki, banklar, bank olmayan kredit təşkilatları, lombardlar, lizinq şirkətləri, nisyə mal satan dükanlar, mobil operatorlar və digər borc verənlər könüllü olaraq bu büronun üzvü olacaq. Üzv borc verdiyi şəxslər haqda məlumatı büroya ötürəcək. Eyni zamanda borc verərkən büroya müraciət edib potensial borclu haqda məlumat ala biləcək. Məsələn, tutaq ki, mən mebel dükanından nisyə mebel almağa gəlmişəm. Həmin dükan da büronun üzvüdür. Dükan dərhal internetlə büroya müraciət edib mənim borclarım haqda məlumat, yəni borc tarixçəmi alacaq. Yəni kimə borcluyam, nə qədər, borclarımı vaxtında ödəyirəm ya yox və s. Bu məlumatı aldıqdan sonra dükan mənə nisyə mal satmaq, yəni faktiki borc vermək haqda qərar verəcək. Eyni ilə banklar və yuxarıda sadaladığım digər borc verənlər də potensial müştərinin borc tarixçəsini büro vasitəsilə yoxlamaq imkan əldə edəcək. Məsələn, görsələr ki, borcum çoxdur, ya da az da olsa, onları vaxtında ödəmirəm, təbii, mənə borc verməyəcəklər. Yəni kredit bürosu borc verənə borc alanın kredit tarixçəsini bildirən qurumdur. Tarixçə kreditora göstərir ki, borclu çox yüklənməyibmi və ya intizamlıdırmı və sair.
 
Ekspertin sözlərinə görə, bu sistem etimad doğurmayan borclulara kredit verməyin və gələcəkdə problemli borcların yaranmasının qarşısını almağa yönəlib: “Özü-özlüyündə müsbət addımdır. Amma xeyli gecikib. Bu qanun azı hələ 10 il əvvəl qəbul olunmalı idi və o vaxt belə təklif də var idi. Amma nəzərə alınmadı. Alınsaydı, indiki problemli kreditlərin həcmi xeyli az olardı. İndi isə olan olub artıq. Onsuz da indi kredit almaq çətindir. Bu baxımdan çox gecikmişik. Onu da deyim ki, 15 ilə yaxındır ki, ölkədə əslində bir kredit bürosu var. Bu, əvvəllər Mərkəzi Bankın nəzdində, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində olan Kredit Reyestridir. Amma onun üzvləri yalnız banklar və bank olmayan kredit təşkilatlarıdır. Yəni hər bir bank və bank olmayan kredit təşkilatı verdiyi kredit haqda həmin reyestrə məlumat verir və kredit verərkən oradan potensial borclu haqda məlumat alır. Amma təbii, bu məlumat tam deyil, çünki yalnız bankları və bank olmayan kredit təşkilatlarını əhatə edir. Məsələn, xeyli insan var ki, banka və bank olmayan kredit təşkilatına borcu yoxdur, yaxud varsa da, vaxtında ödəyir. Belə məlumat əsasında bank və bank olmayan kredit təşkilatı təbii müştərini müsbət qiymətləndirir. Amma məsələn bilmir ki, həmin şəxsin xeyli başqa borcları da var və bəziləri onları ödəmir: məsələn, dükanlara, mobil operatorlara, lizinq şirkətlərinə və sair. Buna görə də banklar xeyli borcu olan şəxsə kredit veriblər və sonradan problem yaranıb. Düzdür, bəzən banklar hətta borclunun kredit yükünün ağır olduğunu və hətta digər borclarını vaxtında ödəmədiyini də bilərək kredit veriblər, təbii ki, şapka, rüşvət və sair müqabilində. Buna görə də istisna deyil ki, yeni kredit bürosu mexanizmi də tam işlək olmayacaq. Burada nəzarət də böyük rol oynayacaq. Yeni qanunun keyfiyyəti haqda isə danışmaq hələ tezdir. Dərc ediləndən sonra təhlil edib rəyimi bildirəcəyəm”.