Kredit borcuna görə hədələnirsinizsə… - Qanun

 
Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb.
 
Axar.az xəbər verir ki, bu sözləri ekspert Vüqar Bayramov öz Feysbuk hesabında yazıb.
 
“Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar. Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu, sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, qanunvericiliyə ziddir. Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollarla təzyiq edirsə, daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz də pul alın. Bu, həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollarla istəmək vərdişi aşılaya bilər.
 
Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən “hədə” mesajı ilə də tanış olanda bəzi bank əməkdaşlarının “iş prinsipləri” daha aydın bəlli olur”, - deyən ekspert bununla bağlı foto paylaşıb.
 
Bankın təzyiqlərinə məruz qalan Füzuli kişi isə onu işlədiyi yerə xəbərdarlıq məktubu göndərəcəkləri ilə hədələdiklərini bildirib:
 
“1000 manat kredit götürmüşəm. Həmin pulun faizini məndən dollar şəklində qaytarmağı tələb edirlər. Müəyyən qədərini ödəsəm də, üzərinə yenə də faiz gəlib. Problemli şöbəyə düşdüyümü deyən bank əməkdaşları iş yerimə xəbərdarlıq məktubu göndərəcəklərini bildirirlər. Tutaq ki, məni işdən çıxartdılar, borcumu hansı qazancla ödəyəcəyəm?”