Kredit borcu olanlar boğulma həddində - təfsilat

Elman Rüstəmov isə bankların hüquqlarını müdafiə komitəsi yaratmağa hazırlaşır
Son devalivasiyadan sonra banklara olan kredit borcları ilə əlaqədar olaraq durum dəhşətli şəkil almağa başlayıb. Politika.Az xəbər verir ki, hal hazırda belə borcların miqdarı 1 milyard dollara yaxındır. Xüsusən də dollarla krediti olanlar çıxılmaz vəziyyətə düşüblər.
Aldığımız son məlumatlara görə, banka dollarla borcu olanlar artıq ödəniş məsələsində boğulmağa başlayıblar. Banklar tərəfindən sıxışdırılan vətəndaşlar nə edəcəklərini bilmirlər. Bu şəkildə davam edərsə, bir çoxlarının girov qoyduqları əmlakları belə əllərindən çıxacaq. Bu isə həmin şəxsləri psixoloji cəhətdən sarsıntıya məruz qoymaqla yanaşı, intihar etmələrinə də şərait yarada bilər.
Politika.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı isə yaranmış vəziyyətdən çıxış yolu olaraq heç bir tədbir görmür. Elə bu səbəbdəndir ki, AMB rəhbəri Elman Rüstəmov daha çox bankların hüquqlarını müdafiə komitəsinin sədri kimi çıxış edir. Onun fəaliyyətsizliyi, üstəlik, banklara qahmar çıxması vətəndaşların daha da qəzəblənməsinə gətirib çıxarıb.
Bəzi məlumatlara görə, kredit borcları olan şəxslər nəinki onu ödəmək fikrindədirlər, hətta qapılarına gələn bank rəsmilərini qovmaq, onlara təzyiq etmək fikrindədirlər. Çünki son sığınacaq yerləri olan əmlaklarının əllərindən alınmasını qəbul etmək istəmirlər. Əgər itirərlərsə, daha aqressiv olacaqlarına da şübhə yoxdur.
Belə olan vəziyyətdə Elman Rüstəmovun təcili olaraq addımlar atması şərtdir. Amma görünən odur ki, AMB rəhbəri yerindən belə tərpənmək fikrində deyil.