Kraskovskaya: “Ümid edirəm ki, danışıqlar Azərbaycan torpaqlarının azad edilməsinə gətirib çıxaracaq”

“Sözsüz ki, danışıqlar prosesi asan olmayacaq. Lakin düşünürəm ki, Azərbaycanın qərarlılığı hamıya bəllidir və bu, vasitəçi dövlətlər tərəfindən nəzərə alınacaq”.
Turaninfo.az APA-nın xəbərinə istinadən , bu barədə Rusiya-Azərbaycan dostluq mərkəzinin rəhbəri Natalya Kraskovskaya “Moskva-Bakı” portalına müsahibəsində bildirib.
 N. Kraskovskaya danışıqların davamlı sülhə gətirib çıxaracağına ümid etdiyini bildirib: “Mən həm də ümid edirəm ki, bu danışıqlar prosesi BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinə gətirib çıxaracaq”.
 Bununla yanaşı, o, Dağlıq Qarabağın erməni icmasının işğal bitdikdən sonra təhlükəsizliklə bağlı tam təminat almalı olduqlarını da deyib: “Bu mövzuda fikirlərini ən yaxşı şəkildə Azərbaycanın Moskvadakı səfir Polad Bülbüloğlu ifadə edib. Heç kim erməniləri Dağlıq Qarabağdan qovmağa hazırlaşmır, orada həm erməni, həm də azərbaycanlı icması olmalıdır və onlar birgə yaşayışı öyrənməlidirlər”.