KQB agenti, şarlatan, bişərəf - Xəlil Rza

Səməd Vurğunun Məhəmməd Əmin Rəsulzadəyə “şarlatan” deməsi, yəqin, çoxlarına məlumdur. Yəqin, o da məlumdur ki, Rəsulzadə 1950-ci ildə Vurğun haqda yazdığı məqalədə onu yüksək istedad sahibi kimi qiymətləndirir.
 
Yazıçı Kəramət Böyükçölün şair Xəlil Rza Ulutürk haqda yazdığı sözlər də, yəqin, çoxlarına məlumdur. Yəqin, o da məlumdur ki, bir qrup insan Kəramət Böyükçölün dərisini boğazından çıxarmağa hazırdır.
 
Yox, məqsədim şəxslər arasında deyil, tarix arasında müqayisə aparmaqdır.
 
***
 
Kəramət Böyükçöl harada yanlış etdi?
 
1. Əvvəlcə ondan başlayaq ki, Böyükçölün Xəlil Rzanın şeiriyyatına yanaşması kökündən yanlışdır. Xəlil Rza poeziyanın yox, xalqın, meydanın, tribunanın şairi idi. Bu mənada onun şeirlərində Vaqif Bayatlı, Əli Kərim, Füzuli poetikası axtarmaq naşılıqdır. Xəlil Rza üslub və patetikası ilə tam fərqli yaradıcılığa sahibdir, tutaq ki, Mayakovski ilə müqayisə oluna bilər. Xəlil Rza inqilabın, milli kimliyin, azadlığın səsidir, ifadəsidir; Xəlil Rza xalqın həmin dövrdəki düşüncəsidir, fikridir.
 
Xəlil Rza yaşam tərzidir, xalqın oyanış dövrünün simvoludur. Onun şeirində Füzuli poetikası axtarmaq və Xəlil Rzaya o prizmadan yanaşmaq savadsızlıqdır.
 
2. Kəramətin Xəlil Rzanı, bir növ, “KQB agenti” adlandırıb Qarabağ savaşını qızışdırmasında ittiham eləməsi dostumuzun siyasi piyadalığını ortaya çıxardı. Xəlil Rzada siyasi uzaqgörənlik axtarmağın adı hələ tapılmayıb. Sonu düşünən siyasətçilərdir, Xəlil Rza isə qəhrəmandır, onlar sonu düşünməzlər.
 
3. Xalq şairinin oğlu Təbriz Xəlilbəylinin məhz atasının qazdığı quyuya düşməsi fikri... Bu rüsvayçı ifadənin də hələ adı yoxdur. Hər şey bir tərəfə, çoxlarının ölkədən qaçdığı bir vaxtda Təbriz Xəlilbəylinin savaşa qatılaraq, ən ağır döyüşlərdə iştirak etməsi onun və atası Xəlil Rzanın hansı təfəkkürlə, hansı ideallarla yaşadığının göstəricisidir.
 
Axı, bu adam oğluna Azərbaycanın mənəvi paytaxtının – Təbrizin adını qoyub. Axı, Təbriz özünü Qarabağa qurban verib.
 
***
 
Bura qədər tamam. İndi gələk Xəlil Rzanın sevdiyi xalqın (Xəlil Rzanı sevən xalqın yox haa!) Kəramət Böyükçölü edam etmək istəməsinə.
 
Sizcə, Xəlil Rza sağ olsaydı, Kəramət haqda nə deyərdi? İstəyərdimi ki, siz onu bu şəkildə söyəsiniz, təhdid edəsiniz, işdən çıxartdırasınız, səfil gününə salasınız?
 
Kəraməti şaqqalayıb, hər tikəsini nizəyə keçirməyə hazır olanlar, onu sürgün etdirmək, yaxud işdən qovdurmaq istəyənlər, sizin Xəlil Rzadan xəbəriniz varmı? “Davam edir 37”-ni oxumusunuzmu?
 
Kəramətin ailəsini bu işə qatmaqla, onun balasını ac qoymağa çağırış etməklə “37-ni” davam etdirirsiniz.
 
Xəlil Rza bunumu istəyirdi? Guya sizlər Xəlil Rzaya doğru aspektdənmi yanaşırsınız? Xəlil Rzanı dərkmi edirsiniz? Onun yaşadığı və təbliğ etdiyi ideallardan məlumatlısınızmı?
 
***
 
Yekun:
 
Səməd Vurğunun təhqiri Rəsulzadədən heç nə aparmadı, Rəsulzadə heç kimin gözündən düşmədi. Əksinə, daha da böyüdü.
 
Çünki Rəsulzadə Səməd Vurğunda “siyasi uzaqgörənlik” axtarmırdı, bilirdi ki, Səməd Vurğun bu xalqın şirin dili, poetik istedadıdır.
 
Xəlil Rzanı sevirsinizsə, Xəlil Rzadan, Rəsulzadəni sevirsinizsə, Rəsulzadədən nümunə götürün: adamın yanlışını deyin, tənqid edin, öyrədin...
 
Amma bəsdir 500 ildir “37-ci ildə” yaşadığınız! Millətin yetişdirdiyi gənc istedadlara sahib çıxın, tərbiyə edin, özünüzünkü edin, ucaldın...
 
Orqanizmdə bir hüceyrə bir məqamda “yanlış edəndə” onu dərhal kəsib tullamaq üçün əldən-ayaqdan gedirsiniz. Səhiyyəniz də bu “düşüncədədir”.
 
Kəsə-kəsə, amputasiya edə-edə bu milləti şikəst etməyin.
 
Yeri gəlmişkən: Xəlil Rzanın leksikonunda "agent", "şarlatan", hətta "bişərəf" sözü də vardı və tribunadan səsləndirərdi. Ancaq milli düşmənlərin ünvanına...

Загрузка...
Загрузка...