“Kəpəz” hücumçusunu bütöv mövsümlük itirdi

“Kəpəz”in hücumçusu Dario Federiko Junior Topaz Premyer Liqasının cari mövsümündə bir də meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu mövsümü bağlayıb.
 Təxminən 5 aydı zədədən əziyyət çəkən Juniorun apreldə sıraya dönəcəyi gözlənilirdi. Lakin “sambaçı”nın zədəsini sağaltması prosesi gecikir. “Kəpəz”lə müqaviləsini yeniləyən Dario ən yaxşı halda, gələn ay Bakıya qayıda bilər. Bununla belə, onun ölkə çempionatının son turlarında da meydana çıxması mümkün olmayacaq.
 Məlumatı “Kəpəz”in baş məşqçisi Şahin Diniyev də təsdiqləyib: “Darionun həkimi ilə danışdıq. Dedi ki, vaxtından əvvəl meydana çıxsa, zədəsi daha da ağırlaşa bilər. İndiki məqamda Azərbaycana qayıtmasının xeyri yoxdu. Onsuz da, ölkəsində fərdi qaydada hazırlaşır, trenajor məşqləri edir. Mayda qayıtsa belə, cari mövsüm onun üçün bağlanıb. Çünki 5 aydı oynamır, fiziki vəziyyəti yaxşı deyil. Formasını bərpa etməsi üçün vaxt lazımdı. Belə demək mümkündüsə, Junior növbəti mövsümə hazırlaşır”.
 Qeyd edək ki, Dario Junior sonuncu dəfə XII turda AZAL-la matçda meydana çıxıb.