Kosmosa gedəcək ilk türk: “Müəllimim azərbaycanlıdır”

 
Xəlil Qayıqçı İstanbul Texniki Universitetinin Kosmos Mühəndisliyi fakültəsinin sonuncu kurs tələbəsidir. O, kosmosa çıxan ilk Türkiyə vətəndaşı olacaq. Beynəlxalq müsabiqədə iştirak edən və yüksək bal toplayan Kayıkçı Amerikada 1 həftə astronavt təhsili alıb.
 
Xəlil Qayıqçı azvision.az-ın əməkdaşı ilə söhbətində maraqlı məqamlara toxunub. O, azərbaycanlı müəllimdən dərs aldığını deyib.
 
– Siz kosmosa uçan ilk Türkiyə vətəndaşı olacaqsınız. Necə oldu ki, belə bir şansı əldə etdiniz?
 
-Təhsil aldığım ilk illərdə sınaqla bağlı maraqlı məlumatlar əldə etdim. Bununla əlaqədar Amerikaya gedib, ilkin sınaqlarda iştirak etdim. Sınaqlarda iştirak etmək üçün dünyadan 2 milyondan çox müraciət daxil olmuşdu.
 
Amerikada bir həftəlik kosmos mühəndisliyi üzrə təhsili aldım. Orada 60 ölkədən 107 nəfər iştirak edirdi. Bizim aramızda kosmosun şərtlərinə dözümlülüyü yoxladılar. Kosmos şəraitində döyüş təyyarələrindən istifadə edirdik. Bundan əlavə fiziki testlərdən keçdik. Hətta həqiqi bir raketin kosmosa göndərilməsi anının canlı şahidi olduq. Daha sonra komanda şəklində işləməklə bağlı bir sıra testlərdən uğurla keçdik. Bundan sonra testlərdə yüksək bal toplayan 23 nəfərin adı açıqlandı. Həmin şəxslərdən bir də mən oldum.
 
– Kosmosa getməyi çoxdan arzulayırdınız?
 
– Kosmosa getmək mənim uşaqlıq arzumdur. Nəhayət, bu arzum həyata keçəcək.
 
Biz 2017-ci ilə planlaşdırılan uçuşda kosmik sərhədi keçib, 103 kilometrədǝk qalxaraq, dünyanı kürə şəklində görüb yenidən yerə qayıdacağıq. Bu prosses təxminən bir saat davam edəcək. Cəmi 15 dəqiqəyə qədər Kosmosda qalacağıq.
 
– Sizin uğurunuza azərbaycanlılar da sevinir. İndiyədək Azərbaycanda olmusunuzmu?
 
-Təəssüf ki, Azərbaycana gedə bilməmişəm. Azərbaycan bizim vətənimizdir. Siz bizim qardaşımızsınız. Bakıya gəlmək istəyirəm. Azərbaycanlılar çox istiqanlı, mehriban olurlar. Biz dost, qardaşıq.
 
Uşaqların xəyal qurma qabiliyyətləri çox güclü olur. Qardaşlarımıza demək istəyirəm ki, daha da böyük xəyallar qursunlar. Xəyallarını həyata keçirmək üçün əmək sərf etməlidirlər. Əlbəttə, bir gün müvəffəqiyyət qazanacaqlarına inanıram.
 
-Bizim ölkəmizdə dostlarınız varmı?
 
-Azərbaycandan çoxlu mesajlar alıram. Buna görə çox sevinirəm. Təbii ki, çoxlu sayda azərbaycanlı dostlarım var. Hətta müəllimlərindən biri azərbaycanlıdır. Həmin müəlllim Moskvada təhsil alıb, Çində və Amerikada işləyib. O, çox savadlı insandır.
 
-Siz kosmosa gedən ilk türk kimi tarixə düşəcəksiniz. Bunun sizin üçün anlamı nədir?
 
-Bu, mənim üçün çox şərəfli və məsuliyyətlidir. Mən həm Türkiyəni, həm də Azərbaycanı təmsil edəcəyəm. Hər şeydən öncə çalışmaq lazımdır. Qarşıya çıxan problemləri dəf edəcəyik.
 
Biz gənclər yaxşı təhsil almalı, ölkəmizin inkişafına çalışmalıyıq. Bunun üçün təhsil hər şeydən önəmlidir. Hesab edirəm ki, təhsil ön böyük sərvətdir.
 
Bizim elektro-texnologiya sahəsində müəyyən çətinliklərimiz olur. Bu sahədə güclü təhsil almalıyıq.
 
-NASA-da işləmək istərdinizmi?
 
-Mən nə vaxtsa Türkiyədə Kosmosla bağlı agentlik yaradılarsa, orada çalışmaq istəyirəm.