​Korrupsiya aparatına şok: iri qurumlar demontaj edilir - Siyahı

 
Azərbaycanda bəzi iri dövlət qurumlarının ləğvinə hazırlıq gedir
 
Bu barədə iqtidar daxilindəki mötəbər mənbədən Politika.Az-a məlumat daxil olub.
 
Bildirilir ki, hakimiyyət uzun müddətdir bu müəssisələrin ləğvinə çalışır. Amma bəzi siyasi konyukturaya görə mümkün olmurdu.
 
Ölkədə iqtisadi böhranın dərinləşməsi həmin qurumların ləğvini qaçılmaz edib və bəzi qüvvələrin müqaviməti də fayda vermir.
 
Əldə etdiyimiz bilgilərə görə, “Azərenerji” ASC, Standartlaşdırma və Patent Komitəsi, Meliorasiya və Su Təsərrüfatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ləğv edilə bilər.
 
Qeyd edək ki, deputat Zahid Oruc bir müddət əvvəl iri dövlət qurumların ləğvinin anonsunu vermişdi. Deputat təklif etmişdi ki, bəzi qurumlar demontaj olunmalıdır.
 
Sitat: “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilsin. Çünki ölkədə aqrar siyasət KTN hesabına reallaşdırılır.
 
Həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İqtisadi İnkişaf Nazirliyinin bir strukturuna çevrilə bilər. Bir sözlə, idarəçilik təkmilləşdirildikcə neft amilindən nisbətən xilas ola biləcəyik”.
 
Politika.Az xəbər verir ki, Azərbaycanda bəzi nazirlik, dövlət komitələrinin ləğvi və ya birləşdirilməsi məsələsi uzun müddətdir müzakirə mövzusudur.
 
Millət vəkilləri, ekspertlər bu məsələ ilə bağlı konkret adlar çəkərək nazirliklərin sayının azaldılması, bəzi qurumların isə birləşdirilməsi təklifi ilə çıxış ediblər. Vergilər Nazirliyi ilə Maliyyə Nazirliyini birləşdirmək olar.
 
Diasporla İş Üzrə Dövlət Komitəsinin ləğv edilərək, onun funksiyaları Xarici İşlər Nazirliyinə verilə bilər. Bundan başqa, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi də səslənən təkliflər sırasındadır.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti Departamenti və Dövlət Standrtlaşdırma Metrologiya və Patent Komitəsinin də ləğv ediləcəyi iddia edilir. Ehtimal edilir ki, ikincinin funksiyaları ləğv edilərək İqtisadiyyat və Sənaye Nazirliyinə verilməlidir.