​Kopenhagendə bizi nə gözləyir? - ŞƏRHÇİLƏR DANIŞIR

 
Dünən “Qarabağ" futbol klubu Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Danimarkanın "Kopenhagen" komandası ilə qarşılaşıb.
Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşən matçın 25-ci dəqiqəsində Mahir Mədətovun vurduğu qolla Danimarka təmsilçisinə qalib gəlib.
Publika.az tanınmış şərhçilərin oyun haqqında təəssüratlarını öyrənib.
“CBC sport” telekanalının şərhçisi Emin Abbasov “Qarabağ”ın qələbəsinin Azərbaycan futbol tarixində bir ilk olduğunu dedi:
 
 
“Bu gün “Qarabağ”ın gəldiyi nöqtə Azərbaycan futbolunun tarixi uğurudur. Çünki Azərbaycan heç vaxt Çempionlar Liqasına düşməyib. Bu hər zaman bizə xəyal kimi görünürdü. Lakin indi biz qrup mərhələsinin bir addımlığındayıq.
İlk oyunda əsas məqsəd qol buraxmamaq idi. Çünki evdə buraxılan qol daha sonra komandaya baha başa gələ bilərdi. Məncə, ötən gün komandamız Danimarka təmsilçisinə qarşı bu günədək ən mükəmməl oyununu sərgilədi. Dünənki matçın diqtə edən tərəfi məhz “Qarabağ” oldu.
Əvvəlki matçlardan da müşahidə etdiyimiz bir məqama diqqət çəkmək istəyirəm. Bu “Qarabağ” oyunçularının hava mübarizəsində uğursuz nəticə göstərməsidir. Dünənki matçda da 2-3 belə epizod oldu. Komanda cərimə və künc zərbələri kimi standart vəziyyətlərdə daha diqqətli olmalı və qüsursuz performans sərgiləməlidir ki, bu səhvlər qola çevrilməsin.
Belə standart vəziyyətlərdə Mahir Mədətov və Dino Ndlovu kimi futbolçuların üzərinə daha böyük yük düşür. Çünki onlar rəqibin təhlükəli zərbələrini əks hücuma çevirməyi ustalıqla bacarır.
Komandamızın üstünlüyü isə qısa paslar həyata keçirə bilməsidir ki, biz Danimarka təmsilçisində bu qabiliyyəti görmədik. Məhz bu üstünlük bizə cavab matçında daha çox avantaj qazandıracaq.
Burada kiçik bir nüansı qeyd etmək istəyirəm ki, Danimarka təmsilçisi Çempionlar Liqasında bu vaxta qədər iki səfər oyunu keçirib və bu oyunların hər ikisində məğlub olub. Daha sonra evində keçirdiyi görüşlərdə qələbə qazanıb və mərhələni adlayıb.
“Qarabağ”ın məşqçilər korpusu bu nüansı araşdırmalı və cavab matçına çox ciddi hazırlaşmalıdır. Növbəti matçda komandamızın inamlı oyun sərgiləyəcəyinə və nəhayət, azarkeşlərinə Çempionlar Liqasının qrup mərhələsi həyəcanını yaşadacağına çox böyük ümidlərim var.
Liqanın qrup mərhələsinə adlamağımız maliyyə baxımından da çox uğurlu nəticələr verəcək. Əgər “Qarabağ” qrup mərhələsinə düşsə, təxminən 16-17 milyon avro gəlir əldə etmək imkanı olacaq. Bununla da, komanda özü-özünü maliyyələşdirəcəyi səviyyəyə gəlib çatacaq və uğurlu transferlər həyata keçirə biləcək”.
Şərhçi Gündüz Abbaszadə dünənki oyunun onu çox təəccübləndirdiyini bildirdi:
 
 
“İlk növbədə bu tarixi qələbə münasibətilə “Qarabağ”ı, onun əzmkar azarkeşlərini və onların simasında bütün Azərbaycan xalqını təbrik edirəm.
Dünən “Qarabağ” gözlədiyimdən də ağıllı futbol oynadı. “Kopenhagen”lə bundan başqa variantda və taktikada mübarizə aparmağı dşünmürdüm. Həm topa nəzarət, həm də oyunun tempi tamamilə komandamızın nəzarətində idi.
Bu matç cavab oyunu öncəsi bizi nikbin düşünməyə vadar etdi. Fikrimcə, komandamız səfər oyununda da dünənki oyunda sərgilədiyi əzmkarlığı, göstərdiyi diqqəti təkrarlasa, “Kopenhagen” komandasının məğlubiyyəti qaçılmaz olacaq.
Baxmayarq ki, qolun müəllifi Mahir Mədətov oldu, ancaq dünənki matçın adamı Dino Ndlovu idi. Lakin ümumilikdə “Qarabağ” baş məşçisindən tutmuş, inzibatçısına qədər tam hazır vəziyyətdə idi və möhtəşəm oyun sərgilədi.
Azərbaycan klublarının əksəriyətində belə bir ənənə var: ilk matçdan sonra səhvlərindən dərs çıxarıb növbəti matçda eynisini təkrar etməmək. Biz bunu “Qəbələ”də də, “Neftçi”də də, “Qarabağ”ın özündə də dəfələrlə müşahidə etmişik. Məhz bu səbəbdən “Qarabağ”ın səfərdə yaxşı performans sərgiləyəcəyinə əminəm.
Düzdür, bizə 1:2 hesablı məğlubiyyət da sərf edir. Lakin mən “Qarabağ”ın səfərdə qələbə qazanacağına əminəm”.
“CBC sport” telekanalının şərhçisi Pərviz Musayev komandamızın rəqibi düzgün analiz etdiyini qeyd etdi:
 
 
“Meydanda göstərilən oyun hesabda kifayət qədər öz əksini tapdı. Hətta mən deyərdim ki, komandamız 2:0-lıq hesaba layiq oyun nümayiş etdirdi. Bu “Qarabağın layiqli qələbəsi idi. Oyunun gedişində komandamızın rəqibini düzgün analiz etdiyi və taktikalarını mənimsədiyi açıq-aydın hiss edilirdi. “Qarabağ”ın müdafiə xətti, xüsusilə, standart vəziyyətlərdə peşəkar oyun nümayiş etdirdi. Komanda üzvlərinin eyni anda təzyiq göstərməsi rəqibin çaşqınlığına və oyundankənar vəziyyətinə səbəb olurdu.
Düşünürəm ki, rəqib cavab oyununda fərqli oyun taktikası seçəcək. Çünki səfər oyununda seçdiyi oyun tərzi onlara sərf eləmədi. Ancaq əminəm ki, “Qarabağ” yenə də fərqli oyun ortaya qoyacaq və rəqibi neytrallaşdırmağı bacaracaq.
Cavab matçında rəqib yüksək templə oyuna başlamağa çalışacaq. Çünki bu bir qaydadır. İlk matçda uduzan tərəf ikinci matçda daha təzyiqli oyun nümayiş etdirir. Komandamızın baş məşqçisi də, futbolçular da bu ehtimalı nəzərə alacaq və daha əzmkar oyun nümayiş etdirəcəklər. Cavab matçının ilk 15-20 dəqiqəsi yüksək tempdə keçəcək. Əgər bu dəqiqələrdə rəqibə təzyiq göstərilsə, oyunun nəticəsi bizim xeyrimizə başa çatacaq.
Dünənki start heyəti də baş məşqçini yanıltmadı. Bu Qurban Qurbanovun əvəzləmə etməməsindən də bəlli idi. Yəqin ki, cavab matçında da eyni heyətlə matça başlanacaq. Çünki belə bir deyim var: qalib heyət dəyişilməz.
Dünənki matçın adamı, şübhəsiz ki, Dino Ndlovu idi. İlk dəqiqələrdə zədələnməsinə rəğmən, matç boyunca əzmkar və məhsuldar oyun nümayiş etdirdi. Ancaq bir şeyi də qeyd edim ki, dünənki oyun bütün komandanın əsəri idi. Buna görə hər birinə ayrılıqda təşəkkür düşür”.
Şərhçi Səyavuş Əliyev cavab matçında rəqibin 2 qol vuracağını ehtimal edir:
 
 
“Danimarka təmsilçisi ilə keçirilən matç “Qarabağ”ın Avrokubok oyunları içərisində göstərdiyi ən yaxşı və inamlı performansı idi. Bu həm onların stimulunun, həm də yavaş-yavaş formaya düşməsinin nəticəsidir. Bu matçda “fərqlənən ayaqlar” isə hücumda Dino Ndlovu, müdafiə xəttində isə Yakub Jezniçek oldu.
Cavab matçında Danimarka təmsilçisinin 1 və ya 2 qol vuracağını gözləyirəm”.
Zümrüd

Загрузка...
Загрузка...