“Konstitusiyanın müdafiəsi üçün etiraz aksiyalarının keçirilməsi gündəmdədir” - ÖZƏL

 
 
Gözəl Bayramlı: “Hakimiyyət xalqa başqa şans tanımadı”
 
Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi konstitusiya dəyişikliyi ilə bağlı referenduma "hə" dedi. Maraqlıdır, xalqın qərarı nədən ibarət olacaq? Xalq bu dəyişikliklərə "yox" deyə biləcəkmi? Əgər deyə bilməyəcəksə nəticədə nələrə qatlaşmalı olacaq?
 
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı xalqın Konstitusiyanın müdafiəsinə qalxacağına inandığını vurğuladı:
 
“Təəssüflər olsun ki, Konstitusiya Məhkəməsi belə bir addım atdı və Azərbaycanda monarxiya quruluşunun tətbiq edilməsinə yaşıl işıq yandırdı. Onsuz da Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmadığını bilirdik, bir daha təsdiq olundu ki, məhkəmələr dövlət başçısının iradəsindən kənar hər hansı addım atmağa qadir deyil. Demokratik ictimaiyyət Konstitusiyaya ediləcək bu mürtəce dəyişikliklərə qarşıdır və bunun başqa alternativi də yoxdur. Konstitusiya Məhkəməsinin rəyindən sonra xalq olaraq Konstitusiyanı müdafiə etmək üçün etiraz aksiyalarına, mitinqlərə başlamağın vacibliyi gündəmə gəldi. Çünki hakimiyyət xalqa başqa şans tanımadı.
 
Düşünürəm və inanıram ki, xalqımız Azərbaycanda monarxiya quruluşunun rəsmiləşdirilməsinə imkan verməyəcək. Hakimiyyətin mənbəyi xalqdır və bu düsturu dəyişməyə cəhd edənlər qarşılarında xalqın iradəsini, əzmini görməli olacaqlar. Azərbaycan xalqı öz iradəsini 20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik cümhuriyyət qurmaqla, 20-ci əsrin sonlarında yenidən Azərbaycanın müstəqilliyini qazanmaqla ortaya qoyduğu kimi, Konstitusiya dəyişikliyinə “yox” deməklə də bu iradəni ortaya qoyacaq və demokratiyaya, demokratik prinsipilərə sadiqliyini bir daha sübut edəcək...”