Komitə sədri: "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin yenidən işlənilməsinə ehtiyac var"

Layihənin ilkin variantını 4 dəfə oxumuşam
Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitənin payız sessiyasında görəcəyi işlər müzakirə olunub.
Turaninfo.az məlumatına görə, iclasda çıxış edən komitə sədri İsa Həbibbəyli deyib ki, sessiya müddətində yeni "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması əsas hədəfdir.
Onun sözlərinə görə, qanun layihəsinin ilkin variantı hazır olsa da, üzərində yenidən işlənilməsinə ehtiyac var: "Layihənin ilkin variantını 4 dəfə oxumuşam. Hesab edirəm ki, hələ də onu ilkin variant kimi qəbul etmək olmaz. Ona görə də Qurban bayramı ərəfəsində layihənin ilkin variantı üzərində yenidən işlənilməli və sonra rəsmi qurumlara göndərilməlidir. Son müzakirələrdən sonra noyabr ayında Milli Məclisin plenar iclasına ən azından dinləmə keçirilməsi üçün təqdim edə bilərik".
İ. Həbibbəyli eyni zamanda, payız sessiyasında "İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsinin hazırlanmasının təşkil etmək üçün noyabr ayında İşçi qrupunun yaradılması məsələsi də təmin olunmalıdır.