Köçəryan azərbaycanlılardan üzr istədi - Video

Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri şəhərdə baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər.
 Bu barədə ANS-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) sədrinin birinci müavini Murad Cəfərov məlumat verib.
 Lvov vilayətinin polis idarəsinin akt zalında keçirilən brifinqdə Ukraynadakı Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri iştirak ediblər. Brifinq Lvov vilayətinin Polis İdarəsinin rəis əvəzi general Dmitri Zagariyanın idarəçiliyi ilə keçib.
 Brifinqdə iştirak edən UABD-nin Lvov vilayəti üzrə nümayəndəsi Məcid Nuxiyev deyib ki, erməni diasporunun sədri Nikolay Köçəryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.
 “Nikolay Köçəryan bir daha belə halların baş verməyəcəyini deyib”, - deyə Məcid Nuxiyev bildirib.
 Azərbaycan nümayəndəsi isə deyib ki, Ukrayna bizim ikinci vətənimizdir: "Burada bizim övladlarımız yaşayır. Etnik zəmində provakasiya qurmağa nə ehtiyac, nə də zərurət var”.
 Görüşün keçirildiyini Ermənistan nümayəndələri də təsdiqləyib. Ermənistanın "news.am" saytına açıqlama verən icmanın rəhbəri Nikolay Köçəryan deyib ki, görüş ermənilər və azərbaycanlılar arasında davanın müzakirə edilməsi məqsədi ilə keçirilib. Köçəryan üzr istəmələri barədə heç bir məlumat verməyib.
 "İcma üzvüləri görüşdülər, barışdılar. Onlar gələn həftə də problemləri müzakirə etmək üçün görüşmək niyyətindədirlər. Hal-hazırda hər şey yaxşıdır”, - deyə Nikolay Köçəryan bildirib.
 Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.
 Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. İdmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.
 Daha sonra mayın 16-da ermənilər və azərbaycanlılar arasında yenidən gərginlik yaşanıb.
 Şəhərdə yaşayan ermənilər Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilər hücum zamanı travmatik silahlardan istifadə ediblər. Həmyerlilərimiz arasında 6 nəfər xəsarət alıb.
 Ukrayna Daxili İşlər Nazirliyi də Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya vermişdi. Açıqlamada davada 25-45 yaşda təxminən iyirmi nəfərin iştirak etdiyi bildirilirdi.