Köçəri Nağıbəyli -50: savaşlarda keçən ömür...

Milli Azadlıq Hərəkatının tanınmış və fədakar iştirakçılarından, Qərbi Azərbaycanlıların Deportasiya Mərkəzinin sədri Köçəri Nağıbəylinin 50 yaşı tamam oldu.
Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda illərlə mübarizə aparmış, savaşmış K. Nağıbəyli yarım əsrlik ömrünü şərəflə yaşayan, hər hansı şərtlər altında ölkəsinin, dövlətinin, bayrağının təəssübünü çəkən və bunların uğrunda ölümə belə hazır olduğunu dəfələrlə sübut etmiş vətən fədaisidir. Eyni zamanda, onun yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyəti öz üzərinə götürmək kimi, liderlik xüsusiyyətləri də var.
Zaman -  zaman siyasətin ən müxtəlif nöqtələrində fərqli postlarda olub. Lakin Köçəri bəy üçün dəyişməz kredolar var ki, onlar hər zaman onunla qalıb: heç kim və heç bir şərt onu doğru bildiklərini etmək və söyləməyə mane ola bilməz; özünə və tərəfdaşlarına şəffaf davranış tələbi; dostluqda bütövlük, təmənnasızlıq; milli dəyərlərə, türkçülük ideallarına, milli azadlıq hərəkatının lideri Elçibəyə sonsuz sayğı və sədaqət...
Qərbi Azərbaycandan didərgin düşən soydaşlarımızın təmsilçisi kimi K. Nağıbəyli hər zaman onların da hüquq və haqlarının qorunması üçün əlindən gələni edib, edir.
Qərbi Azərbaycanlıların Deportasiya Mərkəzinin sədri Köçəri Nağıbəyli Ermənistanın təcavüzkar siyasətinin ilk qurbanlarından olan 100 minlərlə Qərbi Azərbaycan türkünün böyük davasının layiqli təmsilçisidir.
Hərəkata gənc yaşlarından başlayan Köçəri bəy 28 ildir ki, mübarizələrdə, səngərlərdə, savaş və siyasət meydanlarındadır. Dəfələrlə həbsxanalara düşüb, orada da təmsil etdiyi davanı layiqincə sürdürüb.
Ən çətin anlarımızda “Yeni Müsavat”ın yanında olan Köçəri bəyə siyasətdəki və qəzetimizdəki dostları adından təbrik mesajımızı çatdırırıq. Azərbaycanın bu fədakar övladının yubileyini ürəkdən təbrik edirik, ona uzun, bərəkətli, sağlıqlı ömür, gözəl, bütöv Azərbaycanda yaşamaq qisməti arzu edirik.