Köçkünlər səfalət içində,”Qaçqınkom” evləri məmurlara peşkəş edib - Tükürpədici faktlar

 
 
Prezident məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün daim dövlət dəstəyini verməkdədir
 
Politika.Az xəbər verir ki, ölkə başçısı göstərdiyi qayğı və diqqəti heç zaman əsirgəmir.
 
Amma köçkünlər üçün nəzərdə tutulan mənzillərin bəzi hallarda sarayları, malikanələri olan vəzifəli şəxslərə verildiyi barədə məlumatlar meydana çıxır. Məlum olur ki, prezidentlə qaçqın və məcburi köçkünlər arasında körpüləri yandıranlar var və şəxsi mənfəət üstün tutulur.
 
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən bu iddialar təkzib olunur.
Amma faktların dili ilə istinad edəndə susqunluq nümayiş etdirilir.
 
Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən yerli dövlət çinovniklərinə, məmurlara ev çatıb.
 
Siyahıya görə, Ağdamın icra başçısının müavini Arzu Rəhimovaya, Ağdam Uşaq Xəstəxanasının həkimi Həqiqət Süleymanovaya, Ağdam Musiqi Kollecinin direktoru Laura Ağayevaya, Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımova, Ağdamın sabiq prokuroru, hazırda Qaxda bu vəzifəni daşıyan İslam Qasımova "hədiyyə" edilib.
 
Məcburi köçkünlər üçün tikilən evlərdən "hədiyyə" alanlar arasında iş adamları, polis rəisləri, ayrı-ayrı vəzifələrdə çalışan məmurlar belə varmış.
 
"Qaçqınkom" sədri Əli Həsənovun isə ev bölgüsü zamanı adı keçən şəxslərin də siyahıda yer almasına göz yummasının iki cavabı var: ya öz maraqları təmin olunub, ya da yerli idarəçilikdə olan məmurlar məsələni komitə sədrindən gizlətməyə nail olub.
 
İstənilən halda ortada ciddi cinayət faktı var və araşdırılmasına zərurət yaranıb. Çünki prezident İlham Əliyevin fəaliyyətində vətəndaşların, xüsusilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması prioritet məsələdir.
 
Politika.Az xəbər verir ki, yüzlərlə məcburi köçkün bu gün evsiz-eşiksiz qalıb, acınacaqlı şəraitdə yaşayır, növbəsini gözləyir, amma nə komitə, nə yerli icra hakimiyyəti strukturları müraciətinə baxır.
 
Dəfələrlə bu insanların mənzil şəraiti foto, video faktlarla təqdim olunub, yararsız bir evdə yaşadıqları, uçuq-sökük daxmaya sığındıqları qeyd edilib.
 
Onlardan biri də Politika.Az-ın direktoru Xəyyam Salmanzadədir. Xəyyam Salmanzadə məcburi köçkün olmaqla yanaşı şəhid qardaşıdır.
 
Onun mənzil şəraiti barəsində bir neçə dəfə məlumat vermişik. Rütubətli, şəraitsiz bir vəziyyətdə yaşayan baş redaktor hələ də məcburi köçkün kimi evlə təmin olunmayıb. Özünün, həyat yoldaşının və iki övladının səhhətində ciddi problemlər var. Bu barədə özü də açıqlamalarında qeyd edib.
 
Amma buna baxmayaraq Xəyyam Salmanzadə problemlərini özü həll etməyə çalışır. Erkən yaşda valideynlərini itirən Xəyyam Salmanzadə öz gücünə təhsil alıb, işləyib ailəsini dolandırır.
 
Ancaq məcburi köçkünə, şəhid qardaşına nəzərdə tutulan evlərdən verilmir. Görünür, komitə sədri Ə.Həsənov hesab edir ki, bir neçə evi olan məmurların Xəyyam Salmanzadədən daha çox mənzilə ehtiyacı var.
 
Kim bilir, bəlkə də bunun səbəbi Əli Həsənovun komitədəki qohumu olan Elman İsmayılovun mənzil bölgüsünü əsl biznesə çevirməsidir. Bu şəxsin əməlləri barədə mətbuatda çoxsaylı faktlar dərc olunub.
 
Onun mənzilləri ayrı-ayrı şəxslərə müxtəlif məbləğlərə satdığı da bu faktların sırasındadır. Media bu faktları göydən götürməyib. Mənzil növbəsində olan məcburi köçkünlər özləri bu barədə müxtəlif media orqanlarına məlumat veriblər.
 
Zobucuqdakı mənzil qalmaqalı yəqin hər kəsin yadındadır. Həmin vaxt məcburi köçkünlər bildirirdi ki, Zobucuqda 5 qəsəbə salınıb, amma buradakı evlərin çoxu yerli məmurlar arasında bölüşdürülüb.
 
Politika.Az xəbər verir ki, nəzərdə tutulan evlərin məmurlara paylanması narazı köçkün ordusu yaradır.
 
Ölkədə iqtisadi böhranın dərinləşməsi, yeni doğulacaq köçkün uşaqlarının yemək pulunun kəsilməsi, müavinətlərin dayandırılması təklifi və digər sosial ağırlıqlar qaçqınları dövlətdən narazı salmağa yönəlikdir.
 
Məmurlar məqsədli şəkildə xalqla, köçkünlərlə ölkə rəhbərliyini üz-üzə qoyub. Belə vaxtda digər tərəfdən də onlara çatacaq mənzillər məmurlara peşkəş olunur.
 
Məsələn, Ağdamın şefinin müavini Arzu Kərimovanın ev alması haqda xəbərin mediada ifşa edilməsi onun daha da qəzəblənməsinə səbəb olmuşdu.
 
Belə ki, icra başçısının müavini Ağdam İcra Hakimiyyətinin binası qarşısında şikayətçi Xəyyam Salmanzadə ilə qarşılaşdığında ona hücum edərək hədələmişdi. Xanım Rəhimova daha da irəli gedərək X.Salmanzadəni sifarişli yazı yazmaqda ittiham etmişdi.
 
Politika.Az rəhbəri qeyd edir ki, bu cür hallarla dəfələrlə qarşılaşıb: “Məmurların bizdən «yedikləri» acı sözlər heç vaxt həzm olunmayıb. Ona görə də, şirnikləndirici vədləri işə yaramayanda, hərbə-zorbaya əl atmağa başlayırlar.
 
Amma bu da bizim araşdırmalarımızın dayanmasına təsir etməyəcək. Çünki daha bir siyahı müəyyən olunub və əməkdaşlarımızın üzə çıxardığı faktlar xeyli ilgincdir. Ona görə ki, siyahıda adları keçən şəxslərin qaçqınlıqla yaxın və uzaqdan heç bir əlaqəsi olmayanlardır”.
 
Onu da deyək ki, «qaçqın» kimi ev almış məmurlardan biri Ağdamın sabiq maliyyə şöbəsinin müdiri Böyükağa müəllim olub.
 
Bir müddət əvvəl işdən çıxarılan müdir hazırda Bakıda yaşayır. Amma Əli Həsənovun ona verdiyi evdən də imtina etməyib. Həmin evin qarşısında qarovulçu əyləşdirilib və aylıq maaş verilir.
 
Digər məmur isə MTN-in Ağdam rayon şöbəsinin sabiq rəisi İlqar müəllim olub.Bildirək ki, İlqar müəllim qaçqın deyil, amma ona Qasımbəyli kəndində inşa edilmiş binadan ev verilib.
 
Şöbə rəisi isə iş yerini dəyişdiyindən başqa bir rayona təyinat alıb və hazırda orada işləyir. Amma kənddəki evini də əlindən almayıblar. Əsinə, sabiq rəisi gedərkən həmin ev sataraq, özü üçün pula çevirib.
 
Xatırladaq ki, Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.
 
Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub. Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara doktor da başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.
 
Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov.
 
Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir. Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb.
 
Siyahıdan aydın şəkildə görünür ki, burada qaçqınları deyil, məmurları nəzərdə tutublar. Əslində isə evsiz-eşiksiz onlarla qaçqın ailələri var. Elə iki uşağı xəstə olan, kirayələrdə yaşayan jurnalist, Ağdam sakini Xəyyam Salmanzadəni nümunə olaraq götürmək olar.
 
Bu adamın heç nəyi yoxdur, ailəsini isə güclə dolandırır. Amma Qaçqınkom onu deyil, hansısa varlı məmuru evlə təmin etməyə üstünlük verir. «Qaçqınkom»dan «hədiyyə» almış digər məmurlarla bağlı araşdırma aparılıb və nəticələri də bu günlərdə bəlli olacaq.

Загрузка...
Загрузка...