Koalisiya qüvvələri pozetiv dəyərləndirdilər

 Koalisiya nümayəndələri mart ayında bir qrup siyasi məhbusun azadlığa buraxılmasını pozitiv hadisə kimi dəyərləndirib və bu məsələdə ölkə və beynəlxalq demokratik ictimaiyyətin səylərinin xüsusi rolunu qeyd edib.
Azərbaycanda siyasi məhbus probleminin tam və birdəfəlik həllini, bunun üçün zəruri olan islahatlar aparılmasını, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
Siyasi motivlərlə siyasi mühacirlərin siyasi və sosial hüquqlarının bərpası ilə bağlı hazırlanan sənədin müzakirəsi aparılıb. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanlıların son dövrdə ölkəyə buraxılmasının əngəllənməsindən, “qara siyahıların” tərtib edilməsindən narahatlıq ifadə edilib.
“Böhrandan çıxış yolu – koalisyon hökumət ” mövzusunda konfransın hazırlanmasının konseptual və  təşkilati-texniki məsələləri müzakirə olunub. Qərara alınıb ki, konfransın konkret vaxtının və yerinin müəyyən edilməsi sonrakı iclasa saxlansın. Həmçinin Respublika Mitinq Komitəsinin işinin gücləndirilməsi tapşırılıb.
“Kredit tətili haqqında” qanunvericililik xarakterli sənədin hazırlanması barədə məlumat dinlənilib. İşin davam etdirilməsi məqsədəuyğun sayılıb.
Bir sıra nümayəndələr iri vəzifəli şəxslər və kredit oliqarxları tərəfindən xalqdan oğurlanmış on milyardlarla vəsaitin qaytarılması məsələsini qaldırıb  və belə bir qənaət bildirilib ki, bu faktların ört-basdır edilməsi və ikinci dərəcədən şəxsləri məsuliyyətə cəlb etmək yolu ilə bu oğurluğun silinməsi prosesi gedir.
Qeyd edilib ki, əsas məsələ oğurlanmış vəsaitin qaytarılması və belə halları qeyri-mümkün edən dəyişikliklərin, islahatların aparılmasıdır. Məsələnin  ictimai müzakirəyə çıxarılması və bu mövzuda silsilə dinləmələrin keçirilməsi məqsədəuyğun sayılıb.
Antiböhran Koalisiyasının işinin təkmilləşdirilməsi üçün katibliyin yaradılması məqsədəuyğun sayılıb.
31 mart 2016- cı il tarixdə saat 14-00-da türk- müsəlman soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi üçün Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.
İctimai-siyasi vəziyyətə dair digər məsələlər müzakirə edilib. (Musavat.com)