KƏMALƏDDIN HEYDƏROVUN BİZNES İMPERİYASI ALMANYANIN DÜSSELDORF ŞƏHƏRINDƏ-YENI HOLDİNQ

 
Ölkənin FHN -i Kəmaləddin Heydərovun Almanyanın  Düsseldorf şəhərində, Graf-Adolf Platz 15, 40213 ünvanında yeni holdinqi üzə çıxıb.
 
Beləliklə, internetdə apardığımız araşdırmalar nəticəsində ortaya çıxan məlumatlara görə, Heydərovların biznes-imperiyası “United Enterprises International” adlı holdinqə birləşib.
 
Address: Lindenallee 75, 45127 Essen, Almaniya Phone:+49 211 88242483
 
 
 
Holdinqin internet səhifəsi (ueiholding.com) bu yaxınlarda yaradılıb və belə təqdim olunur: “Bu vebsayt sizə holdinqimiz və ona aid olan şirkətlər barədə məlumat vermək məqsədi daşıyır”.
 
Səhifədə yerləşdirilən məlumata əsasən, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov holdinqin idarə heyətinin sədri, onun qardaşı Nicat Heydərov isə sədr müavinidir. Hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar.
 
Address: Houghton St, London WC2A 2AE, Birləşmiş Krallıq Phone:            
 
+44 20 7405 7686
 
Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Holdinqin Londondakı ofisi 11-12 St James Square ünvanında yerləşir. Almaniyadakı ofis isə Düsseldorf şəhərində, Graf-Adolf Platz 15, 40213 ünvanında qeydiyyatdan keçib.
 
Bakıdakı ofis Nərimanov prospekti ilə Hacı Murad küçəsinin kəsişməsində yerləşir.
Holdinqin tərkibinə daxil olan şirkətlərdən biri Xəzər kürüsünün satışı ilə məşğul olur və “Caspian Sea Caviar” adlanır. Xatırladaq ki, uzun illər ərzində Xəzərin qara kürüsünün ixracının Heydərovun nəzarətində olduğu haqda mətbuat yazırdı, ancaq bu faktı heç kim təsdiqləmək istəmirdi. İndi isə Kəmaləddin Heydərovun oğullarının başçılıq etdikləri holdinqin vebsaytı vaxtilə dolaşan xəbərlərin həqiqət olduğunu göstərir. Saytda həmçinin “Caspian Sea Caviar” Heydərovların şirkəti kimi göstərilir.
 
Şirkətin direktoru olan Şahin Neməti elə “United Enterprises International”ın da direktorudur.
 
“Caspian Sea Caviar” şirkətinin internet saytında on-line kürü mağazası da var. Burada ağ balıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Şirkət Almaniyanın Düsseldorf şəhərində ötən il ilk firma-satış mağazasını açıb. “Caspian Sea Caviar”ın internet saytında göstərilir ki, şirkət müştərilərinə Xəzər kürüsünün bir neçə çeşidini təqdim edir. Şirkət həmçinin nüfuzlu hotel və restoran şəbəkələrindən olan “İnter Continental Hotel & Resorts”la tərəfdaşdır, bu şəbəkəyə aid restoranlara qara kürünü satmaq üçün eksklüziv hüquqa malikdir.
 

Holdinq Azərbaycanda “Qəbələ” Konserv Zavodunun istehsal etdiyi “Jalə” şirələri şirkətinin də sahibidir.
Xatırladaq ki, Qəbələ Konserv Zavodunun və “Jalə” şirələrinin də məhz Heydərova məxsus olduğu uzun müddətdir deyilirdi.
 
 
Bu  şirələrin istehsalı başlayan kimi Azərbaycana idxal olunan meyvə şirələrinə gömrükdə qoyulan “haqq” bir neçə dəfə qaldırıldı və nəticədə onların qiymətində kəskin artım baş verdi. Aydın idi ki, “ fövqəlnazir ” böyük məbləğdə investisiya yatırıb başa gətirdiyi zavodun məhsullarının daxili bazarda inhisarçı mövqeyini bu yolla təmin etməyə çalışır.
Bununla belə, “Jalə” şirələrinin keyfiyyətinin şübhə doğurması, onun tərkibinə insan orqanizmi üçün təhlükəli maddələrin qatılması haqda yayılan məlumatlar bütün inzibati rıçaqların işə salınmasına baxmayaraq onların Azərbaycanda etibarlı qida məhsulu imici qazanmasına kömək etmir. “United Enterprises International”ın saytında qeyd olunur ki, “Jalə” şirələri Azərbaycanda “Gilan Holdinq” tərəfindən istehsal edilir. Əslində Taleh Heydərovun “United Enterprises International” şirkəti həm də “Gilan Holdinq”in beynəlxalq distribyutorudur.
 
Məlumata görə, “Jalə” şirələri artıq Almaniya bazarına çıxarılır və yaxın vaxtlarda İngiltərədə də satışa hazırlanır.
 
 
Belə görünür ki, Avropa bazarlarına çıxarılan “Jalə” şirələri Azərbaycan bazarına çıxarılan şirələrdən tərkibinə və keyfiyyətinə görə fərqlidir. Çünki Avropa İttifaqının xüsusi qida standartları mövcuddur və ittifaq məkanına keyfiyyətsiz, tərkibində zərərli maddələr olan mallar idxal etmək mümkün deyil. “Fövqəlnazir”in malik olduğu inzibati rıçaqlar isə təbii ki, Avropada işləmir. “Jalə” şirələri haqda deyilir ki, şirkət Avropa bazarlarına dörd növ nar, albalı, ərik və qara qarağat şirələrini çıxardır: “Bu şirələrin hamısı Azərbaycanda yüksək keyfiyyətli meyvələrdən istehsal edilib”. “Jalə” şirələrinin www.jalajuice.com adlı saytı da yaradılıb.
 
 
“United Enterprises International”a daxil olan digər şirkətlər isə əsasən Böyük Britaniyada fəaliyyətlə məşğuldur. Bunlar «Azerbaijan Carpets» — (Azərbaycan xalçaları), «Turquoise Media Company» — (Turkuaz Media Kompaniyası), «Alten Group» turizm şirkəti, “UEI Real Estate”, “Private Equity”, “Azerbaijan — German Consultancy” (AGC), Azərbaycan restoranları və başqa səhmdar şirkətlərdir. “United Enterprises International” öz internet səhifəsində başqa tərəfdaş kompaniyaları də təqdim edir. Bunlar Azərbaycan çempionatında yarışan “Qəbələ” futbol klubu, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Gilan Holdinq”dir. Taleh Heydərov “Qəbələ” futbol klubunun da rəhbəridir.
 
 
Bundan başqa, 2008-ci ildə yaradılan Avropa Azərbaycan Cəmiyyətinin sədridir. Bu cəmiyyətdə ikinci şəxs — icraçı direktor isə “Xəzər kürüsü”nün direktoru Şahin Nemətidir. “Gilan Holdinq”ə rəsmən kimin rəhbərlik etdiyi internet səhifəsindən bəlli olmur. Ancaq bu holdinqin törəmə şirkətlərini rəsmi şəkildə məhz Kəmaləddin Heydərovun oğulları təmsil edirlər. “Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlər bunlardır: Tikinti materiallarının istehsalı zavodları — “Gilan İnşaat”; şərab istehsal edən Agro-Azinvest, Qəbələ Konserv Zavodu, Qəbələ Fındıq Emalı Zavodu, “Jalə” suları, Qəbələ Süd Emalı Zavodu, spirtli içkilər zavodu, dəri emalı zavodu, tikiş fabrikləri, dəyirmanlar , “Qəbələ” və “Gilan” hotelləri, “İpək yolu” və “Dəniz” restoranları .
 

Holdinqə daxil olan və xaricdə fəaliyyət göstərən digər şirkətlər haqda məlumat toplamağa çalışdıq. Məsələn, “Turquoise Media Company”. Bu şirkətin ayrıca internet səhifəsi var, (www.turquoisemedia.eu ) ancaq ön səhifədə yerləşdirilən məlumatdan görünür ki, səhifə yeni yaradılır və onun ayrı-ayrı bölmələrinə daxil olmaq mümkün deyil. Bununla belə, göstərilir ki, “Turquoise Media Company” rəngli çap mediası sahəsində bazarda liderlik edən şirkətlərdən biridir və ən müxtəlif rəngli çap məhsulları buraxır. Elə burada haşiyə çıxaraq qeyd edək ki, Heydərovun rəngli çap biznesi ilə məşğul olması yeni deyil. Azərbaycanda ilk rəngli çap nəşriyyatı olan SBS-in hələ Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtlardan Heydərova məxsusluğu haqda deyilirdi. İndi isə məlum olur ki, onun bu sahədəki biznesi təkcə Azərbaycanla məhdudlaşmır və Avropa ölkələrində də “fövqəlnazir”in rəngli çap biznesi mövcuddur.

“UEI Real Estate” şirkəti. Bu şirkətin də internet səhifəsi var, ancaq orada da məlumatlar məhduddur. Bununla belə, məlum olur ki, şirkət Avropa bazarlarında daşınmaz əmlak sahəsinə investisiyalar ayırmaqla məşğuldur. Saytda belə də deyilir: “UEİ Rael Estate özəl əmlak fondudur və bütün Avropa boyu kommersiya və özəl mülkiyyət sahəsinə investisiyaların yatırılması, aktivlərin inkişaf etdirilməsi ilə məşğuldur. Biz əsasən kapitalı kommersiya əhəmiyyətli daşınmaz əmlaka yatırırıq və bu aktivləri onu idarə edən şirkətlər vasitəsilə inkişaf etdirərək gəlirlərin təhlükəsiz axınını və tam kapital gəlirini təmin edirik. 2009-cu ilin qışında başlayan biznes sürətlə inkişaf etməkdədir”.
 
Yenə də haşiyə çıxaraq qeyd edək ki, Heydərovun və digər oliqarxların ötən il qlobal iqtisadi böhranının tüğyan etdiyi vaxtlarda xarici banklardakı, eləcə də əllərindəki nəğd pulları batmaqdan xilas etmək üçün tələm-tələsik Avropada və digər yerlərdə daşınmaz əmlaka yatırdığı haqda qəzetimiz yazmışdı. “UEI Real Estate”in biznesinin də məhz 2009-cu ilin qışında başlaması göstərir ki, bu məlumat nə dərəcədə həqiqətə uyğun olub. Bu şirkətin Londonda, Düsseldorf və Brüsseldə fəaliyyət göstərən ayrıca ofisləri var.
 
“Azerbaijan Carpets” şirkətinin ofisi isə Almaniyanın Essen şəhərində yerləşir. Şirkətin internet saytında göstərilir ki, o, Azərbaycanın qədim və əllə toxunana xalçalarının Avropa bazarlarında satışı ilə məşğuldur. Şirkət müştərilərə üç növ xalça təqdim edir: klassik, əntiq və modern. Şirkət on-line satış də təşkil edir və maraqlıdır ki, sayta daxil olan müştərilər haqda məlumatın tam təhlükəsizliyinə zəmanət verir. Bildirir ki, müştərilərin kompyuterlərini, İP ünvanları və onların kimliyini üzə çıxarmağa kömək edə bilən digər informasiyalar məxfi saxlanılır. Görünür, bu məxfilik şirkətin satdığı əntiq və olduqca bahalı xalçaların kimlər tərəfindən alınmasının üzə çıxmasını əngəlləmək üçündür.
 


 
“Azerbaijan — German Consultancy” şirkətinin veb-səhifəsinin hazırlanması başa çatmadığı üçün onun hansı fəaliyyətlə məşğul olduğu məlum deyil. Ancaq ehtimal olunur ki, bu, Almaniya və Azərbaycan iş adamlarına konsaltinq xidməti göstərən şirkət olacaq.
 
 
Bəs Heydərovların öz bizneslərini internetdə bu cür “faş etməsi” nə ilə izah oluna bilər? Ekspertlərə görə, bütün iri biznes sahibləri kimi “ fövqəlnazir ” də internetin biznesdə rolu haqda bilməmiş deyil. Ən azından ona görə ki, onun oğulları Qərb təhsili alıblar və müasir biznesdə internetin rolu haqda bilirlər.
Araşdırmalar davam edir