Kəlbəcərdə öldürülən Həsən Həsənovun QARDAŞI: “Döyüşmək üçün müraciət etdik”

“Gecə-gündüz qisas və torpaq həsrəti ilə yaşayırıq. Ürəyində Vətən, Qarabağ sevgisi olan hər bir azərbaycanlı kimi mən və mənim qardaşlarımın da ürəyində bu sevgi var”.
Bu sözləri Modern.az saytına 2014-cü ildə Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov deyib. N.Həsənov son günlər cəbhə bölgəsində yaşanan gərginliklər fonunda xalqın birlik, bərabərlik nümayiş etdirməsini xüsusi vurğulayıb:
“Son zamanlar cəbhə bölgəsində baş verən hadisələr və bu kiçik uğura görə xalqımızda olan reaksiyalar bir daha göstərdi ki, bütövlükdə Azərbaycan xalqında ermənilərə olan kin-küdurət nəinki səngiyib, əksinə, birə -beş artıb...
Ermənilər keçmiş müdafiə naziri Səfər Əbiyevin 20 ildə ordudakı səriştəsiz islahatlarından bəhrələnərək çox güclü, keçilməz mühəndis istehkamlar quraraq top dağıtmaz sədlər çəkiblər. Təbii ki, hücum edən tərəf ümumiyyətlə müdafiə olunandan çox itki verir. Amma şükürlər olsun ki, milli ordumuz az itkilərlə cəbhənin ən çətin keçilməz səngərlərini dağıdaraq sübut etdi ki, biz nəyə qadirik”.
"Döyüşə getmək üçün Müdafiə Nazirliyinə müraciət etmişik"
O, bütün şəhidləri hər şəhid itkisinin Həsəni xatırlatdığını dilə gətirib: “Təəssüf ki, itkilərsiz ötüşə bilməzdik. Hər dəfə mətbuatda şəhid cənazəsi gördükdə, qardaşım Həsənin mərdliklə şəhid olması və onun dəfn olunması gözlərim önünə gəlir...Bütün şəhidləri özümə qardaş bilirəm...
Başda qardaşım Həsən olmaqla bütün şəhidlərə görə içimdə bir qisas, bir intiqam hissi ilə yaşayıram. Mən və digər qardaşlarım Rüfət, Emin, Namiq ayrı-ayrılıqda Müdafiə Nazirliyinə müraciət edərək cəbhəyə yollanmağımızı istəmişik, amma təəssüf ki, Müdafiə Nazirliyindən isə əks cavab almışıq.
 
“Güclü ordumuz var” deyərək bizə ehtiyac olmadığını və müraciətə görə də təşəkkürlərini bildiriblər. Çoxlu hərbçi dostlarım var. Onlara demişəm ki, Cəbrayıl istiqamətində hər hansı bir döyüş olarsa, ən azından bir bələdçi kimi getməyə hazıram. Çünki o yerlərin oğluyam mən.
Mən və qardaşım Rüfət keçmiş döyüşçülərik. İkimiz də döyüşlərdə yaralanmışıq. Qarabağ əlili olmağımıza baxmayaraq, bu gün əlimiz silah tutmağı bacarır”.
Vətən uğrunda ölmək şərəfdir
Şəhid qardaşı dəfələrlə doğulduğu Mehdiliyə üz tutub, amma arzusuna çatmayıb:
“Azad olunan məşhur Lələ təpə deyilən yer, doğulduğum Mehdili kəndinin 4 km-də yerləşir. İki dəfə getmək istəmişəm ora.
Təhlükəsizlik baxımından cəbhəyanı bölgələrdə, yollarda qurulmuş postlardan geri qaytarıblar. Neyləmək olar ki, məyus halda geri qayıtmışam. Belə bir kəlam var "düşmən nə qədər zəif olsa da, sən onu özündən güclü bil". Bir az əvvəl dediyim kimi, ermənilərin müdafiə səddi artıq yarılıb. Gərək atəşkəsə razılaşmayaydılar. Çünki, erməni mətbuatından onların necə panikaya düşərək qaçdığını görürük. Bu gün onların tülkü kimi çox bilmiş siyasətinin nəticəsində atəşkəsə məcbur olunduq. Çox heyf...
Amma buna baxmayaraq ermənilər bizim gücümüzü gördülər. Bir daha əmin oldular ki, bu savaş hələ bitməyib.
Ölüm belə bizi qorxutmur. Ermənilər itkilərinin yerini doldurmaq üçün mülkü əhalini səfərbər edirlər, amma gecdir. İnanıram ki, budəfəki zərbəmiz, onları torpaqlarımızdan çıxmağa vadar edəcək. O günə az qalıb, çox az qalıb. Mən bir şəhid qardaşı kimi bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onların ailələrinə səbir diləyirəm..Vətən uğrunda ölmək şərəfdir. Təki Vətən sağ olsun!”