“Kitabi-Dədə Qorqud” təhrif olunub? - Tarix

 
Axar.az filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Kitabi-Dədəm Qorqud”: Oğuznamə, yoxsa alban abidəsi?” adlı yazısını təqdim edir:
 
(Əvvəli burada)
 
Dastanda biz dəfələrlə, məsələn, “Qanlı qoca oğlu Qanturalı”, “Uşun qoca oğlu Səgrək” boylarında Alp ərənlər, Alp yigitlər, Alp ər ifadələri ilə yanaşı, eyni zamanda, “Salur Qazanın evi yağmalandığı”, Basat Dəpəgözi öldürdügi”, “Bəkil oğlu Əmran”, “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı”, “İç oğuza Daş oğuz asi olup Begrək öldügi” boylarında Alp Ərən, Alp Rüstəm, Alp Uruz kimi şəxs adlarına və həmçinin, “Basat Dəpəgözi öldürdügi” və “Uşun qoca oğlu Səgrək” boylarında “Alpımız Salur oğlu Qazan”, “Alpımız Salur Qazan” ifadələrinə də rast gəlirik. Eyni zamanda, qeyd etdiyimiz kimi, “Alplar başı Qazan” ifadəsi də əsərdə bir neçə yerdə öz əksini tapır. Amma, maraqlıdır ki, yenə də qeyd etdiyimiz kimi, dastanda iki yerdə “Alpanlar” sözünə təsadüf edirik: “Qazılıq qoca oğlu Yegnək” boyunda Yegnək yoldaşlarına yuxusunu danışarkən deyir: “...Ağ-boz atlar çapdırır alpanlar gördüm. Ağ ışıqlı alpları yanıma saldım”. Və bu ifadələrdən biri, hətta düşmənin dilindən deyilir. Məsələn, “Qazan bəg oğlu Uruz bəgin dustaq olduğu” boyda oxuyuruq: “Məgər başı açuq Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusu vardı. Bunları görüp Təkurə gəldi. Aydır: “Hay, nə oturarsan, itüni ulatmıyan, çətügini molatmıyan! Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olup, yaturlar”, - dedi”. Beləliklə, gördüyümüz kimi, dastanda artıq Qalın Oğuz dövləti əhalisi başdan-başa Oğuzlardan ibarət olan və düşmənin də qəbul etdiyi Alban dövlətidir. Bizə elə gəlir ki, bu məqamda yeni yaranan Alpan-Alban dövləti də öz adını məhz alp-igid-ər sözündən almış olur.
 
Burada bir məsələni də xatırlatmaq yerinə düşər. Belə ki, biz bir qədər yuxarıda “Kitab”ın əlyazması üzərində ”Kitabı-Dədəm Qorqud ala-lisani-taifeyi-Oğuzan” yazıldığını söyləmiş və onun tərcüməsinin aşağıdakı şəkildə olduğunu demişdik: “Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı”. Bu cümlədəki “Oğuzlar” sözünü oxuduqda istər-istəməz qədim yunan tarixçisi Strabonun Albaniyadan bəhs edərkən onun əhalisinin 26 dildə danışdığını söylədiyi fakt yada düşür. Belə ki, Qalın Oğuz içində mövcud olan 24 sancağın, tayfanın hər birinin ən azı min nəfərdən ibarət olduğunu, hər tayfanın da Mahmud Kaşğari demişkən, özünəməxsus ləhcəsi, dili olduğunu nəzərə alsaq, Strabonun bəlkə də hərəsi bir ləhcədə danışan Oğuz tayfalarını nəzərdə tutduğunu da güman etmək olar.
 
Beləliklə, “Dədə Qorqud kitabı”na bütövlükdə nəzər saldıqda, bu əsərin mahiyyətindən, məğzindən, onun Azərbaycanda ən qədim zamanlardan, ən geci Hun dövründən yaşayan Oğuzlardan, bu Oğuzların həyat tərzlərindən, məişət şəraitlərindən, onların qəhrəmanlıqlarından, sevgilərindən, dünyagörüşlərindən bəhs edən, heç bir əfsanəyə, mifə bürünmədən, onları çox real şəkildə əks elətdirən və eyni zamanda, bu Oğuzların tayfa ittifaqından yeni bir mərhələyə, daha yüksək mərhələyə, dövlət quruculuğu mərhələsinə qədəm qoyduqları dövründən bəhs edən bir əsər olduğunu görürük. Bu mənada, “Dədə Qorqud kitabı” Alban abidəsi, Alban dövründə Azərbaycan Oğuzlarının ortaya qoyduqları əsərdir. Bizə elə gəlir ki, bu əsər tarix baxımından hələ ki, məlum olan ən qədim Oğuzlardan bəhs edən əsər, həm də, eyni zamanda, ən qədim bədii Oğuz abidəsidir. Bu mənada, “Dədə Qorqud kitabı”, həmçinin, ən qədim “Oğuznamə” və sonralar yaranan bütün “Oğuznamə”lərin başında duran və onların yaranmasında bilavasitə iştirak edən “Oğuznamə”dir. Lakin məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, “Kitab”ı XI-XVII əsrlərdə meydana çıxan “Oğuznamə”lərlə eyniləşdirmək də olmaz. Çünki artıq bir dəfə yuxarıda söylədiyimiz kimi, XI-XVII əsrlərdə meydana çıxan “Oğuznamə”lərdə qoyulan məqsədlər “Kitab”ın qarşısında qoyulmur. “Kitab”da dediyimiz kimi, sadəcə olaraq, Alban Oğuzlarının həyatı, sevgisi, məişəti təsvir olunur. Bu əsərin məhz XV-XVI əsrlərdə meydana çıxmasının səbəbi isə, XV-XVI əsrlərdə, dediyimiz kimi, yeni Oğuzların, Səlcuq Oğuzlarının intibah dövrü ilə əlaqədardır. Çünki məhz bu dövrdə yeni Oğuzlar öz tarixlərinə, öz köklərinə bir daha qayıtmaq istəmiş, öz şanlı tarixlərini bütün Şərq xalqlarına bildirməyə çalışmışlar. Və bu anda təbii ki, Əbu Bəkr Tehraninin “Kitabi- Diyarbəkiriyyə”, Dəvadarinin “Dürər üt-tican”, Ətayinin “Leyli və Məcnun” poemalarından və başqa əsərlərdən anlaşıldığı kimi, xalq arasında məlum olan, lakin islamın, islam mədəniyyətinin, islam təfəkkürünün gəlişi ilə bir qədər arxa plana keçmiş “Dədə Qorqud kitabı” yenidən ehya tapıb və XI-XVII əsrlərdə meydana çıxan “Oğuznamə”lərdən birinə çevrilib. Diqqətlə baxsaq, əslində, “Dədə Qorqud kitabı” nın o “Oğuznamə”lərlə bir o qədər də əlaqəsi yoxdur. Sadəcə olaraq, yeni “Oğuznamə”lər yaranan dövrdə “Dədə Qorqud kitabı” nın ortaya çıxması, yeni Oğuzlar üçün, Səlcuq Oğuzları üçün öz dədə-babalarını şanlı bir tarixə bağlamaq nöqteyi-nəzərindən sanki göydəndüşmə bir əsər olub və onlar da bu əsərdən lazımınca istifadə ediblər. Və istər Osmanlı, istər Ağqoyunlu, istərsə də Qaraqoyunlu dövlətlərinin Oğuzları Alban dövrü Oğuzlarını unutduqları və öz tarixlərini Orta Asiyayla, Türküstanla bağladıqları üçün bu məqamda, “Dədə Qorqud kitabı”nı sonuncu dəfə köçürüb, ortaya çıxarıb, eyni zamanda onu “Oğuznamə” kimi təqdim edərkən, “Kitaba” “Türküstanın dirəyi”, “Amid soyunun aslanı” və s. Türküstanla bağlı ifadələr, anlayışlar əlavə ediblər. Və həmçinin, bu əsəri mütləq “Oğuznamə” kimi görmək istədikləri üçün bəzi boyların sonuna “Oğuznamə” ifadəsini də artıblar. Bu fakt “Kitab”ın əvvəlki əsrlərdə, əvvəlki dövrlərdə üzünü köçürdən katiblərin ona xristianlıq, islam və s. donu geydirdikləri katib əlavəsi kimi özünü açıq-aydın göstərir. Bu mənada, bəzi boyların başında gələn “Oğuz zamanında” ifadəsi də yeni Oğuzların əlavəsindən və Oğuzların tarixinin qədim olduğun göstərməkdən başqa bir şey deyil...
 
Beləliklə, bütün bu deyilənləri, yəni “Dədə Qorqud kitabı”nın mənşə etibarilə Türküstanla bağlı olmadığını, bu abidənin Alban dövründə Azərbaycanda yarandığını, sonradan Orta Asiyaya transfer olduğunu sübut etmək üçün, daha bir faktı da nəzərə çatdırmaq olar. Belə ki, məlum olduğu kimi, elmi ədəbiyyatda Oğuzlardan ilk dəfə və geniş şəkildə danışan Mahmud Kaşğarinin “Divanü lüğat- it-türk” əsərində biz heç yerdə “Dədə Qorqud kitabı”na, dastanına, onun qəhrəmanlarına təsadüf etmirik. Bu isə o deməkdir ki, XI əsrə qədər Orta Asiya türkləri bu və ya digər mənada, demək olar ki, “Dədə Qorqud dastanları”nı tanımırlar. Və yaxud da tanısalar da, bu dastan onların arasında o qədər də populyar deyildir. Digər tərəfdən, “Dədə Qorqud kitabı”nı Azərbaycanla bağlayan ilk növbədə, məhz bütün tədqiqatçıların da dediyi kimi, onun dil xüsusiyyətidir. Məlum olduğu kimi, tədqiqatçılar, hətta, indi də “Dədə Qorqud kitabı”nın bəzi ifadələri üzərində mübahisələr aparır, anlaşılmaz bəzi ifadələri bu və ya digər şəkildə yozurlar. Bizə elə gəlir ki, məhz bu anlaşılmaz ifadələr Səlcuq Oğuzlarının deyil, bilavasitə Alban Oğuzlarının dillərində işlənmiş kəlmələrdir ki, onlar da unudulub və müasir dilimiz üçün arxaikləşib. Beləliklə, bütün yuxarıda deyilənləri ümumiləşdirsək, “Dədə Qorqud kitabı”nın “Oğuznamə” deyil, Alban Oğuzlarının, “Dədə Qorqud Oğuzları”nın həyatından bəhs edən Azərbaycan tarixində özünəməxsus yer tutan Alban dövlətinin abidəsi olduğunu demək olar. Bu əsər sadəcə olaraq, XI-XVII əsrlərdə “Oğuznamə”lər meydana çıxan zaman yenidən ortaya, ərsəyə çıxıb və bu zaman yaranan bütün “Oğuznamə”lərin başında durmaqla, özü də bir “Oğuznamə”yə çevrilib.