Kişi kimi tanınan, 4 dəfə evlənən, 70 kitab müəllifi olan türk qadın yazar – ARAŞDIRMA

 
 
“Həm realist, həm romantik tərəflərim var. Xoşniyyətliyəm. Dünyanı, insanı, çiçəyi xoşlayıram. Qaranlıqları sevmirəm; qaranlıq yazmadım heç vaxt. Yüngülvari kədərli yazılarım oldu, amma əsla zəhrimar yazmadım”.
 
Əvvəl yazıçı ilə, sonra futbolçu ilə evləndi, həyatında 4 dəfə evlilik yaşadı, 70-ə yaxın kitab yazdı…
 
A24.Az ədəbiyyatın ortasında, ədəbiyyat tarixinin kənarında qalan Cahid(ə) Uçukun rəngarəng həyatını ağ qara hərflərlə təqdim edir.
 

Türkiyənin cumhuriyyət dönəminin ilk qadın yazıçılarından olan Cahit Uçuk 1909-cu ildə Selanikdə doğulub. 2004-ci ildə İstanbulda vəfat edib. Ömrü qısa sayılmasa da, uğurları həyatından qat-qat böyükdür. Yazdıqları çox sevilib, kişi olduğu sanılıb, Cahid deyil Cahidə olduğu öyrənilincə sərt təpkilər də görüb, amma heç vaxt qələmini əlindən buraxmayıb.
Anası Hadiyə Selanikli, atası İbrahim Vəhbi isə Diyarbəkirli idi. Vəhbi bəy Osmanlı dönəmində də, cumhuriyyət illərində də məmur işləyib. Bu səbəbdən Cahid Uçukun uşaqlıq və gənclik illəri Anadoluda keçib. Uşaqlıqda caz musiqilərini ifa etməyi çox sevirmiş.
Ana və atasının mütaliə həvəskarı olması və zəngin kitabxanaları sayəsində Türkiyəli və xarici yazıçılarla çox kiçik yaşlarında tanış olub. Abdülhaq Həmid və Tofiq Fikrətin əsərlərini hələ mənalarını bilmədiyi vaxtlarda əzbərləyibmiş. Maksim Qorki və Viktor Hüqonu otağındakı şkaf qapaqlarına fotoşəkillərini asacaq qədər sevib. Təsirləndiyini ifadə etdiyi digər yazarlar, Yunus İmre, Halit Ziya, Rəşad Nuri, Ömər Seyfəddin, Faruk Nafiz, Nazim Hikmət, Pəyami Səfa və Halide Edip idi.
cahit-ucuk-4Uçuq kiçik yaşlarından etibarən şeirlər yazar, gündəlik tutardı. On altı yaşında bir qohumu vasitəsilə Abdülhaq Hamid ilə tanış olur və münasibtini öyrənmək üçün şeir gündəliyini ona verir.
Hamid üç ay sonra dəftəri qaytaranda arxa səhifəsinə yazdığı qeyddə yazmağa qarşı qabiliyyətli olduğunu, bir az da çalışsa daha yaxşı əsərlər yarada biləcəyini, ancaq nəsr yazarsa daha müvəffəqiyyətli olacağını düşündüyünü çatdırır. Şairin bu şərhi Uçuku həm ürəkləndirir, həm də nəsr yazmağa yönəldir.
İlk əsəri 1935-ci ildə Nazim Hikmətin çıxardığı “Yarım Ay” jurnalında nəşr olunan “Elə bir nağıl ki, hamı oxumalı…” adlı hekayəsi olur. Uçuk bir çox janrlarda əsərlər yazıb. On beş roman, doqquz hekayə kitabı, beş pyes, on iki uşaq romanı, on bir uşaq hekayə kitabı, on nağıl kitabı, bir dastan, bir şeir kitabı və xatirə kitabları…
1937-ci ildə nəşr olunan “Türk əkizləri” adlı uşaq kitabı ilə 1958-ci ildə Beynəlxalq Uşaq Kitabları Birliyinin “Hans Christian Andersen” mükafatını qazanıb. Dövrünün çox oxunan yazarlarından olan Uçuk əsərlərində vətən və təbiət sevgisi, ailə münasibətləri, qadın hüquqları, mistik mövzular və Anadolu insanlarının həyatını işləyib.
cahit-ucuk-3Cahid Uçuk qısa müddətdə həmkarı yazıçı Mahmud Yessari ilə evli olub. Daha sonra Qalatasaraylı futbolçu Cici Necdət ilə 10 il evlilik yaşayıb.. Üst-üstə 4 dəfə evlənən yazıçının yaradıcılığı kimi şəxsi həyatı da olduqca rəngarəng olub.
7 noyabr 2004-cü ildə, 93 yaşında dünyasını dəyişən Uçuk “Zəncirliquyu” qəbirstanlığında uyuyur… Bu günlər yazarın xatirə günləri sayılsa da, hazırda onu xatırlayanların sayı çox deyil.