​"Kişi boşadığı qadını bu şeylərlə təmin etməlidir" — İlahiyyatçı

 
Son zamanlar kişilərin keçmiş həyat yoldaşlarını öldürməsi, xəsarət yetirməsi halları artıb.
 
Ortada rəsmi rəqəmlər olmasa da, əksər hallarda bunu edən şəxslər qısqanclığı əsas gətirirlər. Maraqlıdır, islam dinində kişinin boşandığı qadın üzərində hüquqları nədən ibarətdir? Bir kişi boşadığı qadını qısqana bilərmi? Ona xəsarət yetirib və bunu qısqanclıqla əlaqələndirmək nə dərəcədə doğrudur?
 
İlahiyyatçı Elşad Miri bununla bağlı Ölkə.Az-a açıqlamasında bildirir ki, boşanandan sonra kişinin qadın üzərində haqqı qalmır, amma qadının kişi üzərində müəyyən haqqı olur:
 
"Boşanmamışdan əvvəlki mərhələlər var. Boşanandan sonra kişinin qadın üzərində haqqı yoxdur. Amma qadının müəyyən haqqı var. Məsələn, bu gün bizim hüquqda aliment məsələsi olduğu kimi, islamda da göstərilir ki, boşanmış kişi qadını yaşayış yeriylə, geyimlə, həmçinin övladlarını və qadının yeməklə təmin etmək məcburiyyətindədir. Bu, qadın yeni ərə gedənə qədər belə olmalıdır. Kişinin bu məsələlərdən savayı heç bir formada müdaxilə etməsinə haqqı çatmır".
 
İlahiyyatçı "Quran"ın tərcümə olunmuş bəzi variantlarında işlədilən "kişi qadına əl qaldıra bilər" cümləsinə aydınlıq gətirir:
 
""Quran" tərcümələrində Nisa surəsində qadının döyülə biləcəyi barədə məlumatlar var. Və bu yanlış tərcümənin nəticəsidir. Dində elə bir şey yoxdur. Çünki Allah heç bir formada qadına əl qaldırmağa, icazə verməyib. Yaxud bunun ən gözəl misalı həmin o kitabı insanlara çatdıran Peyğəmbər olub. Peyğəmbər özü xanımlarıyla çox ciddi problemlər yaşamasına, boşanma həddinə çatmasına baxmayaraq, heç zaman əl qaldırmayıb. Bildirilir ki, qadına əl əl qadırırsınız sonra da yaxınlıq edirsiniz. Bu necə olur?"