“Əkinçi” haqda yeni şok faktlar - Keçmiş nazir yazır...

 
Azərbaycan milli mətbuatının tarixi 1872-ci ildən də başlaya bilərdi. Bakı qubernatoru Dmitri Staroselski olmasaydı, yəqin ki, ilk qəzetimiz 1875-ci ildə də çıxa bilməzdi.
 
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev dilə gətirib.
 
O, sosial şəbəkədə “Əkinçi”nin ərsəyə gəlməsində D.S.Staroselskinin rolu haqda qeyd paylaşaraq maraqlı faktlar açıqlayıb.
 
Diplomat xatırladıb ki, Həsən bəy Zərdabi ilk dəfə Qafqaz canişinliyi Baş idarəsinə və Qafqaz Senzura Komitəsinə Azərbaycan türkcəsində kənd təsərrüfatı istiqamətli “Əkinçi” adlı qəzet nəşr etmək təşəbbüsü ilə məhz 1872-ci ildə baş vurmuşdu: “Amma 1905-ci il I rus inqilabına qədər şərq dillərində ədəbiyyat və mətbuatın senzurasını əllərində saxlayan ermənilər dərhal “at gedişi” etmişdilər. Milliyyətcə acar və müsəlman olan, İstanbulda dövrünə görə mükəmməl türkcə təhsil alan, amma sonradan xristianlığı qəbul edən İvan Semyonov adlı bir nəfər peyda olub gürcü və tatar dillərində “Saspalo qazeta”-“Kənd qəzetəsi” adlı dövri nəşr buraxmaqla bağlı icazə istəmişdi.
 
Təbii ki, ona dərhal icazə vermiş, Zərdabinin ərizəsini isə Qafqaz kimi kiçik yerdə iki “müsəlman kənd qəzetinə” ehtiyac olmadığı bəhanəsi ilə rədd etmişdilər. Amma ilk uğurdan həyasızlaşan İvan Semyonov ya Qafqaz canişinliyinin, ya da müsəlman əhalinin qəzet nəşrinə başlamaq üçün ona 900 manat verməsini tələb etmişdi. Təbii ki, bu pulu verən olmamışdı. Amma eyni zamanda Zərdabinin istəyi də qeyri-müəyyən müddətə təxirə salınmışdı.
 
1875-ci ilə qədər dəfələrlə Tiflisə getməsi, onlarla məktub və ərizə yazması da heç bir nəticə verməmişdi. Bu dəfə qarşısına yeni kötük itələmişdilər. Qəzetin bütün materialları rus dilinə tərcümə edilməli, orijinalla birlikdə Tiflisə göndərilməli, yalnız senzura razılıq verəndən sonra nəşr olunmalı idi. Dövrün nəqliyyat şərtləri baxımından bu, qeyri-mümkün idi.
 
Digər tərəfdən əgər bütün materiallar rus dilinə tərcümə olunacaqdısa, Zərdabi eyni asanlıqla mükəmməl bildiyi rus dilində də qəzet nəşr edə bilərdi. Lakin o nəyin bahasına olursa-olsun ana dilində qəzet çıxarmaq istəyirdi”.
 
Səfir vurğulayıb ki, 1875-ci ildə general-leytenant D.S.Staroselskinin Bakı qubernatoru təyin olunması vəziyyəti dəyişmişdi:
 
“O, canişinlik qarşısında “Əkinçi”nin şəxsi məsuliyyəti altında - özü senzor, tərcüməçisi isə milli mətbuatımızın borclu oduğu daha bir naməlum ziyalı Nuhbəy Hüseynbəyov olmaqla qəzetin çapına icazə ala bilmişdi. “Əkinçi”nin qara günləri sovet tarixşünaslığının “qırmızı qubernator” adlandırdığı Staroselski Bakıdan gedəndən sonra başlanmışdı.
 
H.Zərdabinin və M.F.Axundzadənin dostu olan Dmitri Staroselski həm də Bakıda rus dilində “Bakinskiye izvestiya” qəzetini açmış, qız gimnaziyası təsis etmiş, azərbaycanlı ixtiraçı və sənayeçi Cavad bəy Məlikovun tikdiyi ilk neft istehsalı zavoduna dəstək vermişdi. Bakıdan gedəndə Bakı Duması onu ömürlük fəxri üzv seçmişdi”.
 
Vilayət Quliyevin sözlərinə görə, Dmitri Staroselski böyük gürcü yazıçısı İlya Çavçavadzenin bacanağı idi:
 
“Oğlu, general-mayor V.D.Staroselski (1875-1935) Birinci Dünya müharibəsində qəhrəmanlığı ilə ad çıxaran, Azərbaycan Cümhuriyyəti ordusunun özəyini təşkil edən Tatar Süvari polkunun komandiri olmuş, 1918-1920- ci illərdə isə Əhməd şah Qacarın dəvəti ilə İran kazak briqadasına komandanlıq etmişdi. Böyük oğlu, Bakı Dairə məhkəməsinin andlı iclasçısı S.D.Staroselski 1895-ci ilin noyabrında Bakıda öldürülmüşdü. Bu iş üzrə müttəhim sayılanlardan birinin - İbrahim bəy Məşədibəyovun müdafiəsini Həsən bəyin kürəkəni Əlimərdan bəy Topçubaşov öz üzərinə götürmüş və onun bəraət almasına nail olmuşdu.
 
D.S.Staroselskinin qız nəvəsi Con Şalikaşvili (1934-2011) dörd ulduzlu ABŞ generalı olmuş və 1991-1997-ci illərdə NATO-nun Ştab rəislərinin birləşmiş komitəsinə rəhbərlik etmişdi.
 
Qızlarından biri tatar əsilli rus ictimai-siyasi xadimi, II-III Dövlət dumalarının üzvü P.Keldışeva ərə getmişdi. Nəvəsi İrina Osmanlı sultanları ailəsinin gəlini olmuşdu. Maraqlıdır, Şərq və türk dünyası ilə bu bağlılıq bəlkə də “Əkinçi”dən başlanmışdı”.

Загрузка...
Загрузка...