Kimin əli daha təmizdir?

 

 
 
Bir-iki günə məktəblər də, universitetlər də öz işinə başlayacaq. Boğazından-əynindən kəsən valideynlər uşaqlarını tədris ilinə hazırlayıblar artıq. Bəziləri də hazırlıq mərhələsindədir. Ödənişli təhsil alanlar borc-xərc illik təhsil haqqını ödəyib, mağazalarda qiyməti “ceyran belinə” çıxan geyimlər, məktəb ləvazimatları artıq alınıb. Bütün bunlar xoş, gözəl, valideynliyin çətin olduğu qədər də şirin missiyasıdır. Amma di gəl ki...
 
Neçə ildir məni düşündürən, son bir neçə gündə isə beynimi daha çox məşğul edən bir sual... Niyə biz azərbaycanlıların böyük əksəriyyətinə elə gəlir ki, uşağın əlini çörəyə çatdırmağın yolu mütləq ali məktəb auditoriyasından keçir? Uşağına sənət, sənətkarlıq öyrətmək istəyən ata-analar niyə bunca azdır ətrafımızda? Hansı səbəbdən bizlərə elə gəlir ki, ildə 2000-2500 manat təhsil haqqı ödəyib, məsələn, marketinqin incəliklərini öyrənən uşağa qızıl xəzinəsinin açarı verilir? Axı bunun uyğun iş tapması, normal məvaciblə dolanması da var. Olmaya əlində diplomu olduğu halda “ali təhsilli işsizlər” karvanına qatılmaqdır əsas arzu? Sonra da mazoxistcəsinə bundan şikayətlənmək? 4 il oxuduğu halda iş tapa bilməmənin əziyyətini yaşamaq arzusu var kimlərinsə içində? Elədirsə, mən pəs...
Axı heç kimə sirr deyil ki, bu ölkədə sözün böyük mənasında professional kadrlara ehtiyac var. Həkimi, müəllimi keçdik zatən, o məsələdə Allah ümidinə qalmışıq. Həkim bir dəfə yanlış müalicə edəcək, iki dəfə səhv diaqnoz qoyacaq... Axırda ya öləcəyik, ya da sağalacağıq. Müəllim də həmçinin. Qabağımıza pis müəllim çıxacaq, pul verib, yaxşısını tapacağıq. Başqa çarə yox, kapitalizm... Amma ən elementar hesab etdiyimiz sahələrdə qeyri-professional insanların ucbatından əziyyət çəkirik. Saç ustasından tutmuş dərziyə, kondisioner, maşın, ayaqqabı ustasına.... qədər. Etiraf edin, neçə dəfə bu kateqoriyadan olanların öz işini yaxşı bilməməsi ucbatından əziyyət çəkib ikiqat xərcə düşmüsüz, əsəbləşmisiz? Mən dəfələrlə...
Məsələn, son iki günüm yaşadığım qəsəbədə dərzi axtarışına həsr olunub. Qəsəbədə ən azı 7 dərzi var. Amma ən elementar bir tikim-kəsim-biçim işini bacarmırlar. İnsafən öncədən də deyirlər – mənlik deyil... Məlum olur ki, bu xala-dayılar ancaq şalvar, ətək ayağı kəsmək üzrə ixtisaslaşıblar, bir də hazır paltarların ora-burasını daraltmaq, genəltmək... Hardadır bəs dəst kostyum tikən dərzilər ordusu? Kondisioner ustaları var, dəstə-dəstə. Elementar iş qaydasını bilmirlər. Səndən soruşurlar – bunu necə edək ki, kondisioner sərin vursun? Saç ustası, ayaqqabı ustası, digərləri onun kimi. Mən maşını xarab olanda yaxşı ustanın qapısında saatlarla növbədə dayanan nə ziyalılar, qalstuklu professorlar görmüşəm. Şəhərdə yaxşı ustanı əli çıraqlı axtarırlar, mübaliğə etmirəm.
 
Sonuncuların müştərisi də bol olur, qazancı da, hörməti də. İşini bilən, onu mükəmməl görən adam mənimçün ali məktəbləri dolduran, tələbəyə göz verib işıq verməyən 100 professordan, dosentdən, elmlər namizədindən üstündür. “Kim cəmiyyətə daha çox fayda verir” prinsipindən yanaşanda da eyni nəticəyə gəlirəm. Ona görə də düşünürəm ki, uşağımız gəlib sizə “saç ustası olmaq istəyirəm” deyəndə üzümüzü turşutmamalıyıq, çünki yaxşı sənətkar olmaq bir üstünlükdür, daimi qazanc, hörmət deməkdir. Evləri dolduran, içi də yiyəsinin başı kimi boş olan diplomlardansa... əli qızıl olan sənətkarlar daha üstündür.
 
Bilirəm, çox adam bu işlərdən niyə uzaq qaçır. “Əli-ayağı təmiz iş” deyib, tutdurub çoxu. Qışda isti, yayda sərin kabinetlər, tədbirlər, xarici səfərlər, bəlli qrafik, aydan-aya stabil maaş... Bütün bunlar yaxşıdır. Amma əgər o sadaladıqlarımı qazanıb da, işin öhdəsindən gələ bilmirsənsə, “sənə o diplomu verənin əli qırılsın” sözünü eşitmək də uzaq gələcəyin işi deyil. O zaman o “təmiz əl-ayaq” nə işinizə yarayacaq, çox maraq edirəm...