Killer tutan qadının cinayətinin detalları açıqlandı

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binəqədi rayonunda baş verən silahlı isnidentlə bağlı məlumat yayıb. “Report”a daxil olan birgə məlumatda bildirilib ki, paytaxtın polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayət hadisəsinin “isti izlər”lə açılması təmin edilib.
Aprelin 11-də saat 05:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə torədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, H.Qasımovu 40.000 manat müqabilində öldürmələri barədə razılığa gəlib, aprelin 11-də sonuncunun yaşadığı ünvana gəliblər. H.Qasımov binadan çıxıb avtomobilinə oturmaq istədikdə, R.Hüseynli qanunsuz olaraq gəzdirdiyi “Kalaşnikov” markalı avtomat silahdan H.Qasımova bir neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.
Bundan başqa, G.Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olub H.Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq ediblər.
Bakı şəhər prokurorluğunun İstintaq idarəsi tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində cinayətin R.Hüseynli, G.Süleymanova və R.Süleymanov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunub, R.Hüseynli 29,120.2.1 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29.120.2.5 və 228.1-ci, G.Süleymanova Cinayət Məcəlləsinin 29,120.2.1, 29.120.2.5 və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), R.Süleymanov isə 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
R.Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd “AKM” markalı avtomat silah və ona aid içərisində 22 ədəd patronlar olan 1 ədəd daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.