Keyfiyyətli makaronu necə tanıyaq?

 
Makaronun ilk dəfə harada hazırlandığı bu gün də mübahisəlidir. Bəzi mənbələrə əsasən, makaron İtaliyaya 13-cü əsrdə Marko Polo tərəfindən gətirilib. Lakin Çin, Yaponiya, Fransa və İtaliyanın da daxil olduğu bir çox ölkələr bu icada iddiaçıdırlar. O da bəllidir ki, makaron Avropada ilk dəfə 15-ci əsrin əvvəlində İtaliyada istehsal olunub. Hazırda makaron istehsalına görə, dünyada birinci yeri 32 faizlik payla İtaliya, ikinci yeri 12 faizlik payla ABŞ, üçüncü yeri 11 faizlik payla Braziliya, dördüncü yeri 6 faizlik payla Rusiya, beşinci yeri isə 5.3 faizlik payla Türkiyə tutur.
O ki qaldı kimlərin daha çox makaron yeməsinə İtaliya ilk sıradadır. Bu ölkədə adambaşına düşən illik makaron istehlakı 28 kiloqramdır. Venesuelada 12.9 kq, Tunisdə 11.7 kq, Yunanıstanda 10.4 kq, Fransada 8.3 kq, Türkiyədə isə 6.1 kq-dır.
Azərbaycana gəlincə, makaron istehlaklı ilə bağlı dəqiq rəqəm yoxdur. Bu sahədə göstərici un məmulatlarının tərkibində yer alır.
Fakt odur ki, əhalinin 70 faizi makarondan yemək hazırlamağı bilmədiyi kimi, makaron alarkən nələrə diqqət etməlidir ondan da xəbərsizdir.
Oxucularımıza bu işdə Publika.az-ın “Ayırtman” layihəsi köməkçi olacaq.
Makaronun tərkibində nə var?
 
Makaronun tərkibində bütün vitamin və minerallar mövcuddur. Digər tərəfdən, makaronun xolesterol təhlükəsi yoxdur. Eyni zamanda makaron asan həzm olunur. Kalorisi az olduğu üçün kökəltmir. Sousla yedikdə belə kalori miqdarı 450-ni keçmir. Qidalandırıcıdır. Çörəklə müqayisədə mineral, protein və lif tərkibli daha zəngindir.
 
Makaronun fərqləri
Makaron yaxşı dadına və qidalılığına görə fərqlənir. Bu məhsuldan müxtəlif xörəklərin hazırlanmasında istifadə olunur. Makaron məmulatının tərkibində zülal, yağ, nişasta, şəkər, mineral maddələr və s. var. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, makaron orqanizmdə 94% həzm olunur.
Makaron məmulatları yüksək keyfiyyətli və birinci sort unların tərkiblərinin zənginləşdirilməsinə görə çeşidlərə bölünürlər. Yüksək keyfiyyətli undan hazırlanan makaron məmulatları yumurtalı və yumurtasız hazırlanır. Birinci sort unun tərkibi yumurta, süd unu, melanj, pomidor pastası, kök, ispanaq unu, müxtəlif vitaminlər və s. qarışıqlarla zənginləşdirilir. Qarışıqlardan asılı olaraq makarondan reseptlər əsasında uşaq və pəhriz xörəkləri hazırlanır.
Keyfiyyətli makaron necə tanıyaq?
 
 
Makaron məmulatları üçün una yumurta, yaxud yumurta unu qarışdırıldıqda onların keyfiyyəti, zülalların və yağın miqdarı artır, dadı yaxşılaşır, qidalılıq dəyəri yüksəlir. Belə halda onlar bişirildikdə dağılmır, çox hənir salmır, makaronun rəngi sarıya çalır. Makaron məmulatlarının keyfiyyət göstəriciləri onlara məxsus standartın tələbinə uyğun olmalıdır. Makaron məmulatının keyfiyyəti onların rəngi, səthinin vəziyyəti forması, bişirildikdən sonrakı iyi, dadı bişirmə artımı və həlim salması ilə təyin edilir. Fiziki-kimyəvi xassələrinə görə onların nəmliyi, turşuluğu, sınma bərkliyi, sınmış qırıntıları və deformasiyaya uğrama vəziyyəti müəyyən olunur.
Makaron məmulatının rəngi əsasən birtonlu olub sarıyaçalar, yaxud kremrəngli, hazırlandığı unun növünün rənginə və ya onu zənginləşdirmək üçün qatışıqların rənginə uyğun gəlməlidir. Səthi hamar olmalı, çox zəif çıxıntılı olmağa yol verilir. Sındırma halında şüşəvari olmalıdırlar.
Makaronun nəmliyi, saxlanma şəraiti

Makaron məmulatlarının nəmliyi 13%-dən çox, uşaq yeməkləri üçün hazırlanmış məmulatın nəmliyi isə 12%-dən çox olmamalıdır. Adı makaron məmulatının turşuluğu 40-dən və pomidor pastası ilə zənginləşdirilmiş məmulatlarda isə 100-dən çox olmamalıdır.
Makaron məmulatını kağız, yaxud sellofan paketlərə və karton karobkalara, kraft-kisələrə qablaşdırırlar. Bu məmulatlar quru, təmiz, nisbi rütubəti 70%-dən çox olmayan yerlərdə saxlanmalıdır.