​Keçmiş polis rəisi məhkəməyə zorla gətiriləcək - Arvadının dələduzluq əməlində əli var

 
Keçmiş polis rəisinin arvadı dələduzluqda təqsirləndirilir. Hazırda məhkumluq həyatı yaşayan Leyla Əkbərovanın məhkəməsinə əri - sabiq polis rəisi Mahir Əkbərov da gətiriləcək. Bu barədə sonuncu məhkəmə prosesində qərar verilib
 
L.Əkbərova özünü internat evinin direktoru kimi təqdim edərək, yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu söyləyərək, bir neçə nəfərdən işə düzəltmək adı ilə külli miqdarda pul almaqda təqsirləndirilir. Onun pul aldığı şəxslərdən biri öz qohumu olub. Daha sonradan bu qohumluq da pozulub.
 
Politika.Az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan L.Əkbərova ondan şikayətçi olan şəxslərdən pulu işə düzəltmək adı ilə deyil, borc olaraq aldığını deyib.
 
Sonuncu məhkəmə prosesində iş üzrə şahid qismində Təfəkkür Universitetinin prorektoru İlham Musayev ifadə verib. İ.Musayev məhkəməyə saxta diplom epizodu üzrə çağırılıb.
 
Belə ki, həbs edilən Leyla Əkbərova bir zamanlar qohumu olan A.Məmmədovaya diplomunun saxta olduğunu deyərək, bu problemi həll etmək üçün ondan 5 min manat tələb edib. Diplomun saxta olduğunu sübut etmək üçün öz əməlinə İ.Musayevi də cəlb etmək istəyib.
 
L.Əkbərova universitetin prorektoru İlham Musayevin yanına gedərək ondan tələb edib ki, A.Məmmədovaya diplomunun saxta olduğunu desin. Ancaq prorektor diplomun saxta olmadığını deyərək, L.Əkbərovanın təklifini qəbul etməyib. Bundan sonra L.Əkbərova vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək prorektora hədə-qorxu gəlib. Prokroktor məhkəmədə deyib ki, o, diplomun saxta olması haqda heç bir fikir bildirməyib.
 
Zərərçəkmiş Anarə Məmmədova da ifadə verib: “Məni işə düzəldəcəkdi. Diplomumu aldı. Sonra dedi ki, diplom saxtadır. Bunun üçün 5 min manat istədi. Mən də inanıb verdim”.
 
Məhkəmədə zərərçəkmiş A.Məmmədovanın vəkili Vasif İsrafilov vəsatətlə çıxış edib. Vəkil daha iki şəxsin məhkəməyə əlavə şahid kimi gətirilməsini istəyib. Həmin şahidlər həbs edilən L.Əkbərovanın qızı Fidan Əkbərova və 45 saylı orta məktəbin direktor müavini Rəsmiyyə Nağıyevadır.
 
Vəkil vəsatətlərini belə əsaslandırıb: “Leyla Əkbərovanın qızı Fidan anasının insanlara saxta maaş kartları, rəsmi sənədlər hazırlamasında birbaşa iştirak edib və məlumatlıdır. Leyla Əkbərovanın dəlduzluq əməllərindən Rəsmiyyə Nağıyeva da məlumatlıdır. Onların məhkəmədə dindirilməsi bəzi məqamlara aydınlıq gətirəcək. Həmçinin tələbimiz budur ki, Leyla Əkbərova ilə əri Mahir arasında olan telefon danışıqları Daxili İşlər Nazirliyinin İstintaq İdarəsindədir və həmin danışıqlar məhkəməyə gətirilsin. Həmin diskin məhkəməyə təqdim edilməsini və burada araşdırılmasını istəyirik. Qeyd edilən telefon danışıqlarında onlar öz əməllərini etiraf edirlər. Hazırda həmin telefon danışıqları bu işdən ayrılan başqa cinayət işinin istintaqı zamanı araşdırılır”.
 
Məhkəmə telefon danışıqları ilə bağlı vəsatəti təmin edib. Əlavə şahidlərin gətirilməsi ilə bağlı vəsatət isə növbəti məhkəmədə baxılacaq.
 
Vəkilin vəsatətlərindən sonra məhkəmədə tərəflər arasında gərginlik yaşanıb. Leyla Əkbərova qızının adının bu işdə hallandırılmasına etiraz edib. Onun bu etiraznı zərərçəkmiş A.Məmmədova da reaksiya verib.
 
Hakim Rahib Salamov qeyd edib ki, iş üzrə şahid qismində dindirlməyən iki nəfər qalır. Onlardan biri Mahir Əkbərov, digəri isə onun anasıdır. M.Əkbərov məhkəyə çağırılsa da Naxçıvana yas mərasiminə getdiyini deyərək, prosesdə iştirak edə bilməyəcəyini bildirib. Hakim qeyd edib ki, M.Əkbərov növbəti məhkəmə prosesində iştirak etməyəcəyi təqdirdə, onun polis vasitəsi ilə məhkəməyə gətirlməsi ilə bağlı qərar veriləcək.
 
Onu da bildirək ki, bu iş üzrə bir neçə nəfər zərərçəkib. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları Anarə vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar. Bu işdə Anarə Məmmədovanın özü də zərərçəkən kimi tanınır. O, ərinə ikinci təhsil diplomu almaq, FHN-ə işə düzəltmək üçün Leyla Əkbərova və onun ərinə ümumilikdə 110 min manata yaxın pul veriblər.
 
Dələduzluqda təqsirləndirilən L.Əkbərova Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə idarəsinin keçmiş rəisi Mahir Əkbərovun arvadıdır. Qeyd edək ki, sabiq rəisin özü də dələduzluqda ittiham olunur.
 
Hazırda L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
 
Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
 
Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib. Onun barəsində də ayrıca cinayət işinin açıldığı bildirilir.
 
Məhkəmə prosesi dekabrın 9-da davam etdiriləcək.

Загрузка...
Загрузка...