Keçmiş konsuldan sərt münasibət!

Keçmiş konsul, OYAN hərakatın təsisçisi, Nahid Cəfərov hesab edir ki, hakimiyyət əfv sərəncamı ilə siyasi divident qazanmaq niyətindədir.
"Bu hökumətin hər işə yanaşması bu cür bəsit məntiqlə qurulur: Əvvəl problem yaradırlar və sonra da o problemi "həll" edirlər və öz məntiqləri ilə "super qəhrəmana" çevrilirlər. O qəhrəmanları azad etdiyinizə görə sizə zərrə qədər də təşəkkür düşmür. Tam əksinə, ailələri illərdir gözü yaşlı qoyduğunuza görə, anaları övlad həsrəti ilə cəzalandırdığınıza görə, övladları atalarına həsrət qoyduğunuza görə sizlər yalnız lənətə layiqsiz.

Əmin olun ki, bir gün sizlər o barmaqlıqlar arasında bütün bunları düşünüb əfv üçün yalvaracaqsız. Həbsdən çıxan qəhrəmanlarımızdan neçəsi mübarizəni davam edəcək onu bilmirəm, amma o insanlarla qürur duyuram. OYAN hərəkatı qarşısında duran ən vacib iş bu qəhrəmanları millətə düzgün tanıtmaqdır.

Biz düşünürük ki, millətin siyasi proseslərə cəlb olunması yalnız bu insanların düzgün tanıtımı ilə baş verə bilər. Əgər xalq onlara görə azadlıqlarından və sevdiklərindən keçən bu insanları tanımırsa və onların müdafiəsinə qalxmırsa, demək hələ ümumxalq mübarizəsindən danışmaq tezdir. Əgər siz sizə görə övladlarını görə və sığallayıb öpə bilməyən İlqar Məmmədovu, xəstə ağbirçək anasını yalnız sizlərə görə tənha qoyan Xədicə İsmayılı, öz iki gül balasını bu bayram ərəfəsində görə bilməyən və bayramı onlarla qeyd edə bilməyən Fuad Qəhrəmanlını tanımırsız və ya dəstəkləmirsizsə, buna qarşı olaraq bu bayramda öz sevdiklərinizin yanında məzlum və çarəsiz halda oturub "mən siyasətə qarışmıram" deyə bilirsizsə, sizi əzən və sizin haqqınızı tapdalayan bu hökumətdən inciməyin. Zalımın zülmü məzlumun dözümü qədərdir"