​Kəbə hamam deyil! Allah da kisəçi!

 
 
 
“Cəhənnəmə aparan zehniyyət” silsiləsindən I yazı
 
Həcc ziyarətinin İslam dininin 5 əsas sütunundan biri olduğu, bu ziyarətin gərəkli maddi imkana malik hər bir müsəlman üçün vacib olduğu hər kəsə bəllidir. Həcc ziyarətinin hər bir müsəlman üçün hansı mənəvi anlam daşıdığı, onun üzərinə hansı məsuliyyət qoyduğu da hər bir normal məntiq sahibinə bəllidir. Lakin son illər Həcc ziyarətinin imkanlı təbəqə arasında bir yarış halına gəldiyi, maddi qüdrət nümunəsi, zənginlik əlaməti, düşmənlərə göz dağı və şan-şöhrət vaitəsinə çevrilməsi müşahidə edilməkdədir ki, bu da narahatlıq doğuran tendensiyadır.
Daha bir narahatlıq doğuran məqam isə varlı kəsimin bu ziyarətə “günahyuma mərasimi” kimi baxması, şüurlu şəkildə törətdikləri bütün günahların bu ziyarət sonucunda silinməsi gerçəyinə inanmasıdır.
Maraqlıdır, Həcci  ziyarət edən hər kəsin günahları doğrudanmı birmənalı şəkildə siliir? Həccə günahyuma mərasimi kimi baxmaq nə dərəcədə doğrudur?
 
Əmin ola bilmərik, sadəcə ümid edə bilərik...
 
Həcc ziyarətinə gedən, etdiyi günahlara görə səmimi şəkildə tövbə edən və bu səfərdən sonra öz həyatında sözün həqiqi mənasında yeni səhifə açan şəxslərin etdiyi günahların Allah tərəfindən bağışlanılması ehtimalı yüksəkdir. Burada ən önəmli amil həmin şəxsin bütün qəlbi, ruhu və məsumiyyəti ilə bağışlanmaq diləməsi və daha sonra bu günahlara yol verməməsidir. Həzrət Əli bu haqda deyir: “Günahlar xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar etmək (bağışlanmaq diləmək) və şəfası bir daha o günahı təkrar etməməkdir”. (“Mizanul-Hikmət”. Məhəmmədi Reyşəhri. İİR, Mədəniyyət Mərkəzi-2009, səh-342). Günahları bağışlamaq və ya bağışlamamaq yalnız Allahın ixtiyarında olan bir məsələ olduğu üçün hətta bu halda belə kimsə günahlarının tam olaraq bağışlanacağından əmin ola bilməz. Ən yaxşı halda buna ümid etmək mümkündür ki, bu da heç kimə qadağan edilmir.
 
Şüurlu şəkildə törədilən günahlar bağışlanmır!
 
Heç bir səmavi din şüurlu şəkildə törədilən günahları bağışlamır və bu qəbildən olan günahların hər hansı kəffarəsi yoxdur. Bu günahların Kəbə divarları qarşısında belə bağışlanacağı məntiqli və inandırıcı görünmür. Məsələn, günahsız bir insanı qətlə yetirməyin, azyaşlı bir qızı zorlamağın, yetimin malını əlindən almağın, namuslu adama ləkə atmağın günah olduğunu anlayan bir şəxsin bunu dərk etməsinə rəğmən bu əməli etməsi, daha sonra Kəbəni ziyarət etməklə qurtulduğunu düşünməsi absurddur. Belə bir bağışlanma sistemi insanı nəinki günahdan çəkindirər, əksinə onu yeni-yeni günahlara təhrik edər. Çünki bu həyatda heç nə insanı günaha bağışlanılacağına əminlik hissi qədər rahatlıqla sövq etmir.
 
Odur ki, şüurlu şəkildə hətta bir insanın belə haqqına girib Həccə yollanmaq, Kəbə ətrafında dövrə vura-vura etdiyi haqsızlığın əfv edildiyini, qırdığı qəlblərə görə bağışlanıldığını, qan və göz yaşı ilə yığdığı pulların  halallaşdığını düşünən insanların edə biləcəyi yeganə şey şeytanı güldürməkdir. Bu düşüncə ilə Həccə səfər etmələri onların sadəcə səfeh olduğunu göstərir, hansı ki, bu səfər onların səfehliyindən heç bir şeyi əksiltməz.
 
Allah qul haqqını bağışlamır, hətta şəhidlərə də!
 
İslamda qul və Allah haqqı deyilən anlayışlar var ki, Allah bu anlayışlardan yalnız ikincisini, yəni Allah haqqı anlayışına daxil olan günahları bağışlaya biləcəyini vəd edir. Qul haqqı anlayışına daxil günahları isə Allah bağışlamır. Bu cür günahlar yalnız məhşər günü qulun öz razılığı ilə Allah tərəfindən bağışlanıla bilər. Məsələn, əgər siz namaz qılmayıb, oruc tutmamasınızsa sizin bağışlanıb-bağışlanılmama məsələsinə Allah qərar verə bilər. Lakin kiminsə çörəyini əlindən almısınızsa, kimisə şərləyib həbsxanaya salmısınzsa, kiminsə taleyində mənfi mənada iz qoymusunuzsa, Allah bu məsələyə müdaxilə etmir. Məhşər günü bir qulun digər qul qarşısındakı günahını bağışlayıb-bağışlamamaq haqsızlığa məruz qalan qula həvalə ediləcək. Tapdalanan haqqın cəzası haqqı tapdalanın özü tərəfindən veriləcək. İlahi ədalət bunu vəd edir...
 
Allahın qul haqqı məsələsində nə qədər həssas və barışmaz olduğunu anlamaq üçün bu məsələdə hətta şəhidlərə də heç bir güzəştin edilmədiyinə diqqət yetirmçək kifayətdir. Məhəmməd peyğəmbər bu barədə deyir: “Allah-Təala şəhidin, qul haqqından başqa bütün günahlarını bağışlayar.” (Müslim).
 
Kəbə hamam deyil, Allah da kisəçi!
 
Göründüyü kimi, Kəbə bəzilərinin düşünüldüyü kimi, heç də bütün günahların birmənalı şəkildə bağışlanıldığı, insan ruhunun tamamilə yuyulub paklandığı yer deyil. Kəbə ziyarəti zəruri hesab edilən bir borc, etdiyi günahlardan səmimi peşmançılıq çəkən insanların bağışlanması üçün bir fürsətdir. Bu baxımdan, Kəbəyə hamam gözü ilə baxanlar anlamalıdırlar ki, Kəbə hamam, Allah isə kisəçi deyil. Ruhunu çirkaba bulaşdıran, şəri özünə yaşam tərzi seçən insanların Kəbədə belə nicat tapması mümkünsüzdür.
 
Həcc ziyarətinə şüurlu şəkildə bir sürü günahla şələlənib gələn və bununla da bütün günahlarının sıfırlandığını, Allahın bu günahları yuduğunu düşünən insanların öncə Kəbə ilə hamam arasındakı fərqi dərk etməsi zəruridir. Kəbə ilə hamam arasında heç bir fərq görməyən zehniyyətin nə bu, nə də o dünyada nicat tapması sadəcə mümkünsüzdür.