​"Kataloniya referendumu Qarabağ məsələsində Azərbaycana ən böyük dəstək olan hadisələrdən biridir"

 
 
 
02.10.2017. “Kataloniyada referendum nəticə etibarı ilə son dönəmlərdə Azərbaycanın haqlı Qarabağ davasına ən çox dəstək verən hadisələrdən biridir”.
 
 
Bunu APA-ya açıqlamasında oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı keçirilən qanunsuz referenduma münasibət bildirən ADA Universiteti İctimai və beynəlxalq məsələlər fakültəsinin dekanı Elnur Soltanov deyib.
 
 
 
E. Soltanov bildirib ki, Avropanın ortasında, Avropa İttifaqının hörmətli bir ölkəsində muxtar hakimiyyətlər mərkəzi hökumətə, ölkənin Konstitusiyasına, qanuna, ölkənin ali məhkəmə qurumuna tabe olmalıdır, onların bunun xaricində addım atması məqbul sayıla bilməz: “İspaniya hökuməti bütün mümkün vasitələrdən istifadə etdi, Konstitusiya, məhkəmə qərarları ortadadır. Ancaq bu qanuni tələblərə riayət olunmadı, İspaniya hökuməti də qanuni yolla bunun qarşısını aldı. Ümumi ab-havaya baxılsa, ümumi mesaj belədir ki, qanuna hörmət edilməlidir. Əksər dövlətlər, beynəlxalq qurumlar açıq bəyanatlar verdi ki, bu, bir dövlətin daxili məsələsidir. Polisin davranışı ilə bağlı məsələlər bir az texniki məsələdir. Amma Avropa İttifaqının hörmətli bir ölkəsinin davranışı göstərir ki, vaxtında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən referendum da qeyri-leqal idi və Azərbaycanın atdığı bütün addımlar qanunidir. Düzdür, İspaniya hökuməti müəyyən mənada bizdən sərt davrandı, amma bütün hallarda qanun qazandı. Böyük ehtimalla, Kataloniya problemi hüquqi müstəvidə həll olunacaq. Böyük ehtimalla, Avropa qurumlarına da müraciət olunacaq. Amma Avropa İttifaqı qurumları da bu məsələnin İspaniya dövlətinin daxili məsələsi olduğunu vurğulayacaq. Bəlkə polisin davranışı ilə bağlı müəyyən tənqidlər olacaq, amma İspaniya kimi demokratik ölkənin qanun çərçivəsində atdığı addımlar nəticə etibari ilə ümumi ab-havanı müəyyənləşdirəcək”.
 
 
 
 
Avropa İttifaqının hörmətli bir ölkəsinin davranışı göstərir ki, vaxtında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən referendum da qeyri-leqal idi və Azərbaycanın atdığı bütün addımlar qanunidir. Düzdür, İspaniya hökuməti müəyyən mənada bizdən sərt davrandı, amma bütün hallarda qanun qazandı. Böyük ehtimalla, Kataloniya problemi hüquqi müstəvidə həll olunacaq.
 
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da APA-ya açıqlamasında bildirib ki, Kataloniyada keçirilən referendum qeyri-qanunidir: “Bu, İspaniyanın Konstitusiyasına zidd addımdır. Referendum rəsmi Madridlə razılaşdırılsaydı, heç bir mübahisə doğurmazdı. Bəzən deyirlər ki, Şotlandiyada da referendum keçirildi, bəs niyə müdaxilə olmadı? Kataloniya və Şotlandiyada keçirilən referendumlar arasında çox böyük fərq var. Şotlandiyada keçirilən referendum Böyük Britaniya hökuməti ilə razılaşdırılmışdı. Ona görə də Şotlandiyada referenduma hər hansı müdaxilə olmadı. Şotlandların da böyük əksəriyyəti müstəqilliyin əleyhinə səs verdi. Kataloniyada isə muxtar hökumət Madridlə razılaşdırmadan özbaşına qərar verib və dövləti parçalamaq üçün belə bir referendum keçirib. Əlbəttə, mərkəzi hökumət buna imkan verə bilməzdi”.
 
O, hazırda Avropada maraqlı situasiyanın yarandığını nəzərə çatdırıb: “Düzdür, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir. Amma məsələ bundadır ki, bu referendumda Avropadan bəzi müşahidəçilər iştirak edirdi. Avropa Parlamentinin hazırkı sədri  Antonio Tayani Kataloniyada müstəqilliklə bağlı referendumu qanunsuz adlandırsa da, Avropa Parlamentinin sədr müavini, Avstriya “Yaşıllar “Partiyasının sədri Ulrike Lunaçek Kataloniyanın müstəqilik təşəbbüslərini dəstək ifadə edən bəyanatla çıxış edir. Bəziləri referendumu qanunsuz adlandırsa da, polisin referendum iştirakçılarına qarşı güc tətbiq edilməsini düzgün saymır. Bu, əslində Avropanın ikili standartlarından xəbər verir. Yəni bir tərəfdən İspaniyanın ərazi bütövlüyünü dəstəkləyirlər, digər tərəfdən, bəzi ölkələrdə katalonlara gizli dəstək müşahidə olunur. Anlamırlar ki, katalonlara verilən bu dəstək İspaniyanın parçalanmasına və gələcəkdə bumeranq effektinə gətirib çıxara, dəstək verən ölkələrin özlərində də belə problem yarana bilər”.
 
 
 
E. Şahinoğlu Katalon probleminin Dağlıq Qarabağ münaqişəsi ilə müqayisəsinə də toxunub: “Fərq ondadır ki, Kataloniyadakı referendum nə qədər tənqid olunsa da, katalonlar indiyədək bir millət olaraq öz müqəddəratlarını təyin etməyiblər, ermənilər isə artıq Ermənistan adlı dövlət yaradıblar. Azərbaycan heç vaxt torpaqlarında ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verə bilməz. Azərbaycan Konstitusiyasına zidd olaraq heç vaxt Dağlıq Qarabağdakı ermənilərə referendum keçirməyə imkan verə bilməz. Kataloniya və Dağlıq Qarabağ problemi arasındakı ən böyük fərq də budur. Həm də katalonlar ermənilərdən fərqli olaraq, qonşu dövlətin ərazisini işğal edib, etnik təmizləmə həyata keçirməyib, soyqırımı törətməyiblər. Ona görə də biz Avropadan İspaniya kimi, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməsini tələb edirik. Çünki Avropa bəzi xalqlarının referendumuna dəstək verməklə, əslində xaosa dəstək vermiş olur. Dünya birliyini təhdid edən yeni münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu olaraq beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir. Dünya birliyi, xüsusən Qərbin aparıcı ölkələri ikili standartlar siyasətinə son qoymalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, separatçı rejimlərlə hər cür əlaqəni, onların dəstəklənməsini dayandırmalıdır”. 
 
www.apa.az

Загрузка...
Загрузка...