Kasıb təbəqəyə daha bir zərbə: Avtobus və metroda gediş haqqı 50 faiz bahalaşır - təfsilat

 
 
 Gələn ildən Bakı metropolitenində və avtobuslarda gediş haqqı 50 faiz bahalaşaraq 30 qəpiyə çatdırılacaq
 
Bu barədə istiqlal.az-hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
 
Mənbənin məlumatına görə, bununla bağlı təkliflər artıq Tarif (Qiymət) Şurasına göndərilib və yaxın vaxtlarda qərar qəbul ediləcək: “2017-ci ilin dövlət büdcəsi layihəsində “Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün ayrılan məbləğin 8 milyon manat azaldılması da bununla bağlıdır".
 
Hesablama Palatasının 2017-ci ilin dövlət büdcəsi ilə bağlı rəyində bildirilir ki, 2015-2016-cı illərdə metropolitenə 38, milyon manat ayrıldığı halda, gələn il bu məbləğ 21 faiz azaldılaaq 30 milyon manata endirilib.
 
Metropolitenin ziyanı qarşılamaq üçün alternativ mənbələri də yoxdur. Metro ticarəti ləğv edilib, reklam şitlərinin yerləşdiilməsi azalıb. Ən başlıcası isə sərnişin daşınmasında da azalma var. Bu ilin 7 ayında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 125,3 mln. nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır. Təbii ki, bu halda yeganə çıxış yolu qiyməti artırmaqdır.
Mənbənin iddiasına görə, şəhərdaxili avtobuslarda da eyni vaxtda qiymətlər artırılacaq. Vahid kart sisteminə keçilməsi bunu zəruri edir. O biri tərəfdənsə, vergi daxilolmalarının azalması hökuməti passiv vergi potensialının büdcəyə cəlb edilməsi üçün əməli addımlar atmağa vadar edib. Bu mənbələrdən biri də avtobusla sərnişin daşınmasını vergiyə cəlb etməkdir. İndiyə qədər sərnişin daşınması ilə məşğul olan şirkətlər büdcəyə demək olar ki, qəpik-quruş ödəyib. Kart sisteminə keçildikdən sonra bu mənbə üzrə vergi daxil olmalarında canlanma yaranıb. Odur ki, hökumət tezliklə bütün avtobuslarda kart sisteminə keçilməsini təmin etmək, bu sektoru büdcənin donorlarından birinə çevirmək istəyir. Bu baxımdan vergi daxilolmalarını artırmaq üçün hökumət tarifləri də qaldırmaq niyyətindədir.
 
Büdcə gəlirlərini artırmaq üçün hələ ki, hökumət təbii inhisarların qiymətlərini artırmaqdan başqa alternativ düşünə bilmir. Tarif Şurası bu il işıq, su, kanalizasiya və binaların isidilməsi tariflərini qaldırıb.
 
Bu il mayın 13-də "Azərsu" ASC-nin müraciəti əsasında Tarif Şurası 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr olması barədə qərar qəbul edib.
 
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
 
İyulun 14-də isə Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.
 
Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.
 
İndi də növbə ictimai nəqliyyata çatıb.