Kann Film Festivalı başladı, terrora qarşı tədbirlər alındı - FOTOLAR

Ötən gün 69-cu Kann Film Festivalının açılış mərasimi baş tutub. 
Musavat.com xəbər verir ki, mərasimə qatılan məşhurlar qırmızı xalıda poza verdikdən sonra məkana daxil olub. Hər il olduğu kimi  qadın ulduzlar yenə də geyimləri ilə diqqət mərkəzində olublar.
Festival rejissor Woody Allenin yarışma xarici kateqoriyada yer alan "Cafe Society" filminin nümayişi ilə başlayıb. Tədbirin aparıcılığını Laurent Lafitte edib.
Fransanın Kann şəhərində keçirilən festivalda “Qızıl Palma” üçün yarışacaq filmləri qiymətləndirəcək münsiflərə "Mad Max" silsilə filmlərinin rejissoru Corc Millerin başçılıq edəcəyi məlum olub.
Bundan əlavə, münsif kürsüsündə macar rejissor Laszlo Nemes, fransız rejissor Arnaud Desplechin, italyan rejissor Valeria Golino, amerikan aktrisa Kirsten Dunst, danimarkalı aktyor Mads Mikkelsen, kanadalı aktyor Donald Sutherland, fransız aktrisa Vanessa Paradis və iranlı prodüser Katayoon Shahabi əyləşəcək.
Festivalda rejissorlar Pedro Almodovar, Ken Loach, Sean Penn, Xavier Dolan, Paul Verhoeven və Dardenne qardaşlarının filmlərinin də yer aldığı 21 film “Qızıl Palma” üçün yarışacaq. Festival mayın 22-ə kimi davam edəcək.
Qeyd edək ki, festivaldan öncə təhlükəsizlik tədbirləri görülüb. Mərasim keçirilən məkanı ziyarət edən Fransanın daxili işlər naziri Bernard Cazeneuve təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Məkanın ətrafında polislə yanaşı, 400 əsgər toplanıb və videokameralar yerləşdirilib.