​Kamran Yunus: “Şəxsi həyatımla fəxr edə bilmirəm...” - MÜSAHİBƏ

 
Dekabrın 5-də doğum gününü qeyd edən “Vicdan haqqı” serialının Yusifi, tanınmış aktyor Kamran Yunis Teleqraf.com-un suallarını cavablandırıb.
 
-Kamran bəy, doğum gününüzdə maraqlı üsula əl atdınız. Siz gələn təbrikləri sosial şəbəkədə canlı yayıma qoşularaq cavablandırdınız.
 
-Gecə saat 12-dən sonra sosial hesabıma gələn təbriklər, mesajlar məni canlı yayıma qoşulmağa məcbur etdi. Doğrusu ağlasığmaz dərəcədə çoxlu təbrik mesajları vardı.
 
-Bəs əvvəlki illərdə sosial mediada təbriklərlə necə davranırdız?
 
-Təbriklər həmişə çox olurdu, amma bu qədər də yox... Belə deyək, məni yaxından tanıyan, tanımayan hər kəs yazırdı... Dostluğumda minə qədər insan varsa, təbrik mesajlarının sayı mini çoxdan keçmişdi.
 
-Bu artımı nə ilə əlaqələndirirsiniz?
 
-Güman ki, buna görə Yusifə (“Vicdan haqqı” serialındakı obraz - N.M.) minnətdaram.
 
-Kamran Yunis bir insan, bir aktyor olaraq yaşının üstə yaş gələndə özünü necə hiss edir?
 
-Gözəl məqamdır. Əzizimiz, dostumuz, rəhmətlik Telman Adıgözəlov doğum günlərində həmişə ağlayardı,  gözündən bir damla da olsa yaş axardı. Əlahəzrət yaş öz işini görür. Yaşın üstünə yaş gələ-gələ bir çox arzuların üstündən xətt çəkirsən, amma bir çox arzularımıza doğru addımlamağa da imkan qazanırıq. Gözəldir... Hər halda, Allahın yazdığı qismətdir, qismətimizi yaşayırıq. Ömür getməlidir, istəsək də, istəməsək də.
 
-Arzularınızın çoxusuna çata bilmisinizmi?
 
-Əslində insan kimi xoşbəxtəm. Əgər atamı-anamı sevindirə, qardaşlarımın başına tac ola bilirəmsə, bacılarıma – qardaşlarımın həyat yoldaşlarını nəzərə tuturam – mənim üçün çəkdikləri əziyyətin əvəzini qaytara bilirəmsə, bu, xoşbəxtlikdir.
 
Dünyasını dəyişənlərdən başlasam, Vaqif İbrahimoğlunun çörəyinə, Həsənağa Turabovun məsləhətlərinə, Adil Azayın hər dəqiqə mənim üzərimdə çəkdiyi əziyyətə, Fəxrəddin Manafovun mənə verdiyi tövsiyələrə, Rövşən İsaxın serialında çəkildiyimə görə çox xoşbəxtəm. İndi qazandığım uğurlarıma görə birmənalı şəkildə Rövşən İsaxa minnətdaram. Əgər Vaqif İbrahimoğlu Azərbaycana Kamran Yunis kimi bir sənətçi vermişdisə, onu Azərbaycana tanıdan məhz Rövşən İsax olub. Xoşbəxtəm ki, ətrafımda gözəl dostlarım var.
 
-Kamran bəy, axı indiyə qədər də seriallarda çəkilmisiniz...
 
-Əgər bu qədər insan sevgisi varsa, deməli bu, birmənalı şəkildə uğurdur. Bəli, indiyə kimi də uğurlarım çox olub. 2012-ci ildə Adil Azayla işlədiyimiz “Son hədd” serialında yaratdığım Xəyyam personajını özüm üçün uğur hesab edirdim. Xəyyam mənfi personaj idi və ona görə məni Azərbaycanda tanıyan hər kəs söyürdü. Fikrimcə, bu da uğur idi, çünki aktyor üçün rolun mənfisi- müsbəti önəmli deyil. Həmişə teatrda İsgəndər, Hamlet kimi müsbət və böyük rollar oynayan Kamran Yunis birdən-birə mənfi obraza çevrilir... Bu mənada Xəyyam həyatımda dönüş nöqtəsi idi. Xəyyama görə Adil Azaya və “Son hədd” serialının bütün yaradıcı heyətinə minnətdaram. Bu günsə Kamran Yunis ağsaqqal Yusif kimi tamaşaçıların sevgisi ilə üz-üzədir.
 
-Bir zamanlar uzun, ağ saçlarınız vardı. Saçları Yusifə görə kəsdirdiniz?
 
-“Vicdan haqqı” serialından öncə bir klipə çəkilmişdim. Orda saçımı bütünlüklə ağ rəngə boyayanda yandırdılar, saçlarım yararsız hala düşdü. Saçlarımla vidalaşmalıydım, “Vicdan haqqı” bunun üçün sevimli bəhanə oldu.
 
-Yenidən saçlarınızı uzatmaq fikriniz varmı?
 
-Heç vaxt öncədən nəyisə planlamıram. Həyatdır – yaşayarıq, görərik.
 
-Bu sualı elə-belə vermədim. Azərbaycanın uzunsaçlı aktyoru olmağa iddialı idiniz. Deyirdiniz ki, belə uzunluqda saç Azərbaycan mədəniyyətində heç kəsdə olmayıb.
 
-Bu mənada birinci ya da birincilərdən idim, dəqiq xatırlamıram. Amma bu o qədər önəmli bir nüans deyil. Sənətçi saçı, gözü, əli, ayağı ilə qürrələnməz. Sənətçi ruhu ilə, personajları ilə qürrələnər. Sənətçi mərd, ləyaqətli, səmimi olmalıdır. Bu dəyərlər yoxdursa, deməli, o, sənətçi deyil.
 
Saçlarıma gəlincə, onları sevirdim, elə indi də sevirəm. O da mən idim, bu da mənəm. Saçım tökülə, qala, uzun, yaxud qısa ola bilər, bu, heç bir mahiyyət kəsb etmir. Əsas odur ki, ruh həmin ruhdur. Mən bununla fəxr edirəm. O ruh ki ona əlimi uzatmağı mənə Vaqif İbrahimoğlu öyrədib. Nə yaxşı, mən bu yollardan və məhz bu insanlarla birgə keçmişəm. Mən həyatımla çox fəxr edirəm. Şəxsi həyatımla fəxr edə bilməsəm də, sənət yolumla həmişə çox qürrələnirəm.
 
-Niyə elə dediniz? Bildiyim qədər ailəniz, qızınız var.
 
-Bir qızım var, ailəm yoxdur. Qızımla uzun müddətdir görüşmürük. İstəyərdim gözəl ailəm olsun, mən də ailənin nə olduğunu bilim. Amma görünür, həyat mənə ailəli olmağı nəsib etmir. Sənətçi ilə yaşamaq hər qadının işi deyil. Sənətçi həyatı dəhşətli, ağlasığmaz dərəcədə ağır həyatdır. Nə gecəsi var, nə gündüzü.
 
Mən ilk dəfə sənəti sevəndə 6-7 yaşım vardı. Görünür, 6 yaşımdakı sevgim 23-24 yaşımdakı sevgimdən mənə daha sadiqdir. Azərbaycan qadınları çox gözəldirlər, hamısını çox istəyirəm, çox sevirəm. Pisindən, yaxşısından asılı olmayaraq hamısının qarşısında baş əyirəm. Onlar anadırlar, bacıdırlar, dostdurlar, yoldaşdırlar. Yəqin mənim taleyimə tək yaşamaq yazılıb.
 
-Feysbukda bir statusunuz diqqətimi çəkmişdi. Yazırdınız ki, uşaq olanda bəzi aktyorları sevib, onları az qala Allah bilirdiniz. Zaman ötdükcə bir-bir gözünüzdən düşdü. 
 
-Mənim üçün aktyorun şəxsi həyatı o qədər önəmli deyil. Mən bütün aktyorları sevirəm. Müsahibələrimdə özümdən çox aktyor dostlarımdan danışıram. Onlara dəyər verməyi sevirəm. Azərbaycanda təəssüf ki, aktyorların çoxu bunu bacarmır. Fikirləşirəm ki, görəsən, niyə onlar biri-biriləri haqda xoş söz demir, biri-birilərinə dəyər verməyi bacarmırlar?.. Bu, onların sənətdə böyük olmalarına baxmayaraq insan kimi kiçikliklərindən qaynaqlanır. Bütün bunlara baxmayaraq mən onları sevirəm, sənətlərinə dəyər verirəm.
 
-Sevdiyiniz aktyorların çoxumu gözünüzdən düşdü?
 
-Çoxu düşdü, qalını da az deyil. Ad çəkmək istəmirəm. Amma onu deyim ki, yaşadığımız zəmanədə gözəl, dəyərli insanlar tanımışamsa, gözümdən düşənlərdən mənə zaval yoxdur. Gözümdən düşən dəyərsiz insanları dəfn etmişəm, onlar sağ olsalar belə. Xoşbəxt insanam ki, Həsənağa Turabovu tanımışam. Ömrünün sonlarında onunla birgə tamaşada oynayacaqdıq, amma alınmadı. Fuad Poladovla dəfələrlə söhbətləmişik. Mən onun qarşısında baş əyirəm. Bir insan bu qədərmi qürurlu, bu qədərmi ləyaqətli, bu qədərmi böyük ola bilər? Allah-təala sən demə, insanı böyük yaradıbmış. Əgər Turabov, Fuad Poladov kimi insanlar varsa, deməli, böyük olmaq çətin deyil. Mənim bütün cəhdlərim o yaşa çatanda özümdən sonrakı nəslin haqqımda bu cür düşünə bilməsinə nail olmaqdır.
 
-İnsanlara yenə də güvənirsiniz?
 
-İnsanlara güvənməsəm gərək bu həyatda olmayam. Mən heç tanımadığım adama belə ürəyimi verməyə hazıram. Bir insanı tanıyanda onu bütün varlığımla sevirəm. Düzdür, insanlar çox vaxt bu sevgini qırırlar, olsun, özləri bilər. Onlar məni itirirlər, mən onları yox...
 
-Sonda bir məsələni dəqiqləşdirmək istərdim. Bildiyim qədər “Son addım” serialının istehsalatına Adil Azayla birgə başlamışdınız. O serialdan “Vicdan haqqı” serialına görə uzaqlaşdınız, yoxsa başqa səbəblər vardı?
 
-Serialın çəkilişlərinə Adil Azayla başlamamışdıq. Adil Azay filmin bədii rəhbəri idi. Adil müəllimin əlində sənədli film olduğuna görə bizə iki-üç aydan sonra qoşulmalı idi. Amma serialı uzaqdan nəzarətdə saxlayırdı. Çox təəssüf ki, ordakı yaradıcı qrupun başında duran insanlar çox qeyri-peşəkar olduqlarına görə - bunun Adil Azaya heç bir aidiyyəti yoxdur -  həmin iş məhvə doğru gedir.
 
Mənim haqqımı heç kim yeyə bilməz. Mən kasıb adamam, varım-dövlətim ancaq sənətimdir. Serialın prodüser heyəti, eləcə də rejissoru Gəray Həsənov mənim haqqımı tapdaladılar. Onlara son müddət vermişəm, ola bilsin, daha yuxarı dairələrə müraciət edib, haqqımı tələb edəcəm. Biz haqqımızı tələb etmədikcə insanlar elə bilir ki, dünya başqa cür fırlanır...

Загрузка...
Загрузка...