Kamran Həsənli: "Samir şantajla məşğuldur"

Müğənni Samir Piriyev dələduzluqda ittiham etdiyi şoumen Kamran Həsənli ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.
Müğənni Axşam.az-a açıqlamasında məhkəmə işinin ləngiməsindən şikayətlənib və bir çox məmura şikayət ünvanladığını açıqlayıb: “Baş prokuror cənab Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova, daxili işlər naziri Ramil Usubova, onun birinci müavini Vilayət Eyvazova teleqram vurmuşam ki, məni qəbul etsinlər. Teleqramların ünvana çatmağına kimsə mane olsa, bunu açıq şəkildə mətbuatda nümayiş etdirəcəyəm. Bu qədər sübutlarım olduğu halda Kamran Həsənlini himayə edənlər imkan vermir ki, istintaq düzgün aparılsın. Kamran Həsənli hər gün öz dələduz komandasına kimisə əlavə edir.
Bu günlərdə də Almaniyada mühacir kimi yaşayan, ölkədə arzuolunmaz şəxs Qismət Məmmədzadəni məsələyə qatıb. Çoxdan bilirdim ki, Kamran Qismətə də 50 min atıb. Sadəcə, məsələ mənə aid olmadığından bu barədə danışmırdım. Qismətlə danışığımın səs yazıları var. Qismət orada mənə deyir ki, “Kamran dedi, məni prokurorluğa verməsin. Versə, pulu ala bilirsə, alsın. Verməsə, borcumu qaytaracağam”. Qismət isə mənə deyirdi ki, sənin əlində sübutların var, ağıllı iş görmüsən, mən heç nə sübut edə bilmirəm. Qismətin bütün səs yazılarını istintaqa və mətbuata verəcəyəm. Kamranın keçmişi, Qismətin isə bu günü hər kəsə məlumdur”.
Teleaparıcı Kamran Həsənli S.Piriyevin ittihamlarına cavab verib.
O, musavat.com saytına açıqlamasında deyib ki, Piriyev öz yalanlarını özü ifşa edir: “Bu gün savaş gedir, igidlərimiz şəhid olur. Belə gündə bu cür açıqlama verməsi onun vicdanlı olmamasını göstərir. İnsan nə qədər cılız olar ki, çətin günləri kənara qoyub şərlə, böhtanla dolu açıqlama verər. Yalan danışdığını verdiyi açıqlamalarda dəfələrlə bəlli edib. Gah deyir ki, Kamran  Qismətə “atıb”,  gah da Kamranın Qismətin dostu olduğunu iddia edir. Bir qərar versin. Qismətə deyirmiş ki, “prokurorluğa gedək, Kamran evi adıma keçirsin, sənin pulunu da evdən sənə verim”. Onun müsahibəsini  oxuyan Samirin cılız adam olduğunu və yalan danışdığını görəcək”.
Teleaparıcı “Kamranın keçmişi, Qismətin isə bu günü hər kəsə məlumdur” ifadəsinə də münasibət bildirib: “Bu bir daha  sübut edir ki, Samir şantajla məşğuldur. Bilmirəm ki, hansı keçmişimdən danışır. Yəqin ki, Qismətin bugünkü fikrindən, mühacir olmasına işarə vurur. Mən isə heç vaxt mühacir olmamışam. Bu söhbətlərin bizim pul məsələsinə aidiyyatı yoxdur”.