Kabusun Neyrocərrahiyyədə rüşvət kabusu: “Oqtay Şirəliyev hara baxır?” - ÖZƏL

 
Məlum olduğu kimi, Bakının Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında rüşvət alan tibb işçisi kameraya düşüb
 
Xəstə yaxınının telefonla çəkdiyi kadrlarda tibb bacısı xəstə yaxınından "şirinlik" alır. Hətta 5 manatı az bilir, 10 istəyir. 10 manatlığı aldıqdan sonra isə üzr də istəyərək, təşəkkür edir.
 
Politika.Az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanası rüşvət yuvasına çevrilib. Bu səhiyyə müəsissəsində xəstələri soğan qabığı kimi soyurlar. Səhiyyə naziri Oqtay Şirəliyev isə Neyrocərrahiyyə Xəstəxanasında baş verənləri vecinə də almır.
 
Klinikaya müraciət edən xəstələr burada müayinə və müalicənin hədsiz baha olmasından şikayətlənirlər.
 
Burada qanın ümumi analizi 5-7 manat, UZİ müayinəsi 15-20 manat, rentgen 20 manat, EKQ 25 manat, tomoqrafiya 80-100 manat, MRT (Maqnit Rezonans Tomoqrafiyası) isə 110 manatdır. Səhiyyə Nazirliyinin 2005-ci il tarixli 141 saylı qərarı asılıb.
 
Respublika əhalisinə səmərəli tibbi yardımın təşkili ilə bağlı qərarda dövlət tibb müəssisələrində müayinə və müalicələrin pulsuz olduğu yazılıb.
 
Həmçinin 60 adda dərman preparatının, 23 adda isə tibbi ləvazimat və köməkçi materialların əhaliyə pulsuz verilməli olduğu qeyd edilib.
 
Qəbul otağında ondan sənədlərin qəbulu üçün 5 manat alındığını deyən mənbə isə bu qərarın heç kimə lazım olmadığını bildirir. Neyrocərrahiyyə Xəstəxanası təmirdən sonra müayinə və müalicə xərclərini daha da artırıb.
 
Politika.Az xəbər verir ki, vətəndaşlar naziri buradakı mənzərə ilə tanışlığa dəvət edir. Onların sözlərinə görə, nazir burada müayinədən keçsə daha yaxşı olardı.
 
Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Kabus Dadaşovun fəaliyyəti ciddi narazılıq doğurur. Xəstəxananın giriş qapısında dərman firması işçilərinə xəbərdarlıq yazılsa da, onlar da həkimlərlə sövdələşmə aparırlar.
 
Qeyd edək ki, Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında adlı hesabat sənədində xəstəxana ilə bağlı ilginc faktlar qeyd olunub.
 
Belə ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə riyaət edilməməsi halları müəyyən olunub.
 
Ümumiyyətlə əmək haqqının ödənilməsi ilə bağlı xərclərin auditlə əhatə olunmuş dövrdə səhiyyə müəssisəsinin cəmi xərclərinin 61,7%-ni təşkil edib.
 
Audit sübutları ilə müəyyən edilib ki, nəzarət obyektlərində əməyin ödənilməsi ilə bağlı maliyyə vəsaitlərinin həcmi və bir sıra icra göstəriciləri arasında bəzi uyğunsuzluqlar mövcuddur.
 
İddialara görə, baş həkim bəzi yollara baş vuraraq Hesablama Palatasının açıqladığı faktları ört-basdır etməyə nail olub.