Jurnalisti döyüb öldürənlərə ağır cəza verildi - 54 il 6 ay...

Məmmədəli Əliyev: “5 nəfərin hər biri döyülmə prosesində iştirak edib”
Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin avqustunda jurnalist Rasim Əliyevi döyüb öldürənlərin işi üzrə son məhkəmə prosesi oldu. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçən prosesdə jurnalisti döyərək öldürməkdə təqsirli bilinən şəxslərə hökm oxundu.
Məhkəmə qərarı ilə Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11,  Kənan Mədətov və Samir Mustafayev 9 il müddətinə azadlıqdan məhrum edildilər. Hakimin qərarı elan etməsi zalda ciddi etirazlarla qarşılandı. Təqsirləndirilən şəxslərin yaxınları hökmə etiraz etdilər. Məhkəmə əməkdaşları tərəfindən zal boşaldıldı. Etirazlar bununla da bitmədi. Məhbusların yaxınları məhkəmə binasının önündə gərginlik yaratdılar. Əsas ittiham olunan tərəflər isə qərarı verənlər və media mənsubları idi. Jurnalistlər yalan xəbər yaymaqda, mövqe tutmaqda ittiham olundular. Bu da təqsirləndirilən şəxslərin yaxınları və mətbuat nümayəndələri arasında ciddi qarşıdurmanın yaranmasına səbəb oldu. Narazılıq saatlarla davam etdi. Cəza alan məhbusların yaxınları açıq şəkildə jurnalistlərin üzərinə gəlir, onları təhdid etməkdən belə çəkinmirdilər. 
Qardaşına oxunan 9 illik ağır cəzanı göz yaşları ilə qarşılayan Samir Mustafayevin bacısı təqsirləndirilən şəxslərdən Elşən İsmayılovu ittiham etdi: “Allah Elşənin bəlasını versin. Qardaşımı bədbəxt etdi. Hamı görür ki, qardaşım günahsız idi. Rasimi yerdən qaldırıb, ona kömək edib. Amma bu gün ən ağır cəza oxundu. Bu qədər ədalətsizlik olmaz axı. Artıq danışmağa söz tapmıram. Siz jurnalistlərin yazmasının nə mənası var? Başqa ölkəyə bayraq qaldırıb keçəndə barəmizdə yazarsız. Bu ölkəni tərk edəcəyik. Vuran bəlli, hadisəni təşkil edən bəlli, amma cəzanı qardaşım alır. Qardaşım kimisə öldürüb? Rasim Elşənin anasına söymüşdü, hadisəni o təşkil etmişdi. O zaman Elşən tutulmalı idi”.
Samir Mustafayevin qardaşı Seymur Mustafayev də qərarla bağlı sərt danışdı: “9 il cəza alan bir ölkədən şəxsən mən imtina edəcəm. Bu belə getməyəcək. Amerika səfirliyinə kimi gedəcəyik”.
9 il hökm oxunan daha bir məhbusun - Kənan Mədətovun anasının sözləri isə ciddi narazılığa səbəb oldu. O, mərhum jurnalist və anası barədə xoşagəlməz ifadələr işlətdi: “Zakir Qaralovun qəbuluna gedəcəm. Hökm ədalətsiz oldu. Bu qədər ədalətsiz hökmə heç vaxt inanmazdım. 50 il bu ölkədə yaşadım. Bu qədər ədalətsizliyin olduğunu təsəvvür etməzdim. Ölənə bir insanın əli dəymirsə, hətta onu ayırırsa, bu cəza həmin şəxsə verilə bilərmi? Hər şey kameradan açıq şəkildə görünür. Bu dövlətdən imtina etmək məcburiyyətində qalıram. Hansı dövlət məni qəbul eləsə, bu dəqiqə həmin dövlətin vətəndaşı olmağa hazıram. Bu dövlətdə artıq yaşamaq istəmirəm. Oğlum dava düşəndə ayırır. Necə ona qarşı 126.3 maddəsi irəli sürülə bilər? Ölənə rəhmət diləyirəm. Amma Rasimin anası düşünsün ki, 5 ailəni ağlar qoydular. Onun oğlunu öldürənlər həkimlər idi. Rasimin anası ifadəsində deyib ki, oğlumun qarın nahiyəsində əməliyyat yeri görmədim. Ən böyük ədalət hakim Allahdır”.
Mərhum jurnalistin atası Məmmədəli Əliyev də hökmə münasibətini bildirdi: “Oğlumu öldürənlərə qarşı tətbiq olunan maddəyə görə yəqin belə cəza verilməli idi. Apelyasiya şikayəti verib-verməyəcəyimizi hələ ki dəqiq bilmirik. Hakim düşünürəm ki, maksimum cəzanı verdi. Bu 5 nəfərin hər biri əvvəlcədən hadisəni planlaşdırıb və döyülmə prosesində iştirak ediblər. Hər bir valideynin övladına bəraət qazandırmaq borcudur. Amma mən belə fikirləşmirəm. Bunların hamısı cinayətkardır. Cəzalarını çəkməlidirlər. Ortada insan ölümü var. İstintaq müddətində 5 nəfərə verilən ittiham qüvvəsində qaldı. Ona görə məhkəmədən də bu qərarı gözləyirdim. Qərar bizi qismən qane edir”.
Mərhumun atası oğlunun ölümü ilə bağlı ittiham olunan, işi ayrı icraata  götürülən “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun da Səbayel Rayon Məhkəməsində gedən prosesinə toxundu: “Zərərçəkmiş ata olaraq, Cavid Hüseynovu bu hadisənin iştirakçısı kimi tanıyıram. Onun məhkəməsinin gedişi bizi qane etmir. İstintaq prosesində bizi zərərçəkmiş kimi tanımadılar. İstintaqın ilk səhvi bu oldu. Məhkəmə mərhumun anasını şahid qismində tanıyıb. Üç dəfə bizə bildiriş gəlib, biz də məhkəmədə iştirak etmişik. Amma sonuncu məhkəmə prosesinə buraxılmadıq. Buna görə də məhkəmənin gedişatı bizi qane etmir”.
Zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Fariz Namazlı qərarla bağlı bunları dedi: “Çıxışımızda Rasim Əliyevin ölümündə həkimlərin günahının olmasını vurğulamışdıq. Bununla bağlı Baş Prokurorluğa məlumat göndərilməsini xahiş etmişdik. Amma təəssüf ki, məhkəmə hökmdə bunu nəzərə almadı. Həmin hissə ilə razı deyilik. Verilən cəzaların dərəcəsi ilə bağlı zərərçəkmişin varisi qismən razıdır. Apelyasiya şikayətinin verilməsi ilə bağlı hələ ki müzakirə aparmamışıq. Müzakirənin sonunda məhkəmənin qərarından apelyasiya şikayəti verib-verməyəcəyimiz məlum olacaq”.
Qeyd edək ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun işinə Səbayel Rayon Məhkəməsi baxır. Həbs edilən şəxslərin bir neçəsi futbolçudur.