​Jirinovskidən Türkiyəyə inanılmaz xoş sözlər

 
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Türkiyə ilə münasibətləri şərh edib.
 
Axar.az xəbər verir ki, Rossiya-1 telekanalında yayımlanan “Axşam” (Veçer) proqramına qatılan siyasətçi rus iş adamlarına Türkiyədə fabrik açmağı təklif edib:
 
“Türkiyə ilə dostluq dərnəyi qurmalıyıq, münasibətlərimiz düzəlir. Bu iki ölkə dost olmalıdır, dava-dalaşa gərək yoxdur. Türkiyəyə tətilə yayda gedək, rublla alış-veriş edək. Rus dili Türkiyənin cənubunda danışılan bir dil olmalıdır. Keçmişdə baş verənlərdə ilişib qalmayaq. Qısası, Türkiyəni qucaqlamağımız lazımdır.
 
Bütün Türkiyə rus dilində danışacaq. Çimərliklərin hamısında rus turistlər olacaq. Bu yaxşıdır, çünki orada hər kəs rus turistlərin sayəsində çörək pulu qazanacaq. Xeyli vətəndaşımız orada ev alacaq; Moskvadakı evini kirayə verib, orada həm yaşayacaq, həm də istirahət edəcək.
 
Biz sovet dövründə Türkiyədə xeyli fabrik açmışdıq. İndi də bunu davam etdirməliyik. Daha sonra orada bazamız da olar. Məsələn, İncirlik bazası bizim ola bilər. Sadəcə bayraq dəyişər, yerinə Rusiya bayrağı dalğalanar”.
 
Jirinovskinin sözlərinə görə, Moskva-Ankara ittifaqı Suriya böhranını həll edə bilər:
 
“İki güc – Moskva və Ankara Suriya böhranını həll edə bilər. Sonra da İran prosesə qoşula bilər.
 
Tarixdə rus-türk müharibələrini Qərb təşkil edib. Türklər heç vaxt bizimlə savaşmaq istəməyib. Hətta II Dünya müharibəsində də belə olub. Moskva silah, pul yardımı ilə Türkiyəni qurtardı. Ona görə də türklərin ruslara münasibəti çox yaxşıdır, bizi sevirlər. Onlar rus dilini öyrənir, hər zaman bizi gözləyirlər. Bu çox önəmlidir. Başqa ölkələrdə ruslara qarşı hücumlar olsa da, türklər rusları öz ölkələrinə dəvət edir”.