Jirinovski “Bakı məhv edər” dedi: Sərkisyan Kremlə çağırıldı

 
Ermənistan lideri Serj Sərkisyanın Jirinovskinin İrəvan əleyhinə məşhur deyiminin ardınca Moskvaya səfərə hazırlaşması politoloqların bəzi şərhlərinə imkan tanıyıb.
 
Axar.az xəbər verir ki, Rusiya LDP sədri Vladimir Jirinovskinin hər hansı ölkənin ünvanına ən sərt ifadələrdən istifadə etməsinin, əslində, Kremlin mesajı sayıldığı artıq tez-tez vurğulanan aforizmə çevrilib. Belə ki, Kremlin narazı qaldığı, ancaq təmkinini pozmadan izlədiyi proses zamanı dərhal Jirinovskinin ortaya atılması və ən sərt ifadələrlə mövqe nümayişini bir çox müşahidəçi Rusiya iqtidarının rəsmi münasibətinin kobud şəkildə səsləndirilməsi kimi qəbul edir və bu məsələdə böyük həqiqət var.
 
İrəvanda ”Sasna çrer” silahlı qruplaşmasının polis məntəqəsini 15 gün əldə saxlaması, qeyri-ənənəvi müxalifətin (planlaşdırılmamış, təşkil olunmamış, “xalq etirazı” kimi təqdim edilən) silahlı qruplaşmaya dəstəyi, Rusiya əleyhinə verilən kəskin bəyanatlar (“Ermənistan Rusiyanın quberniyası olmaqdan çıxmalıdır” kimi), atışma, yüzlərlə xəsarət, həbs və ölümlərə Kreml heç bir reaksiya vermədən gözləməkdədir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiyanın ciddi təkliflərlə çıxış etdiyi bir məqamda İrəvanda baş verən prosesləri politoloqlar Moskvanın iradəsi əleyhinə Sərkisyanın oynadığı oyun kimi dəyərləndirirlər. Bu oyunda ənənəvi müxalifətin iştirak etməməsi isə diqqət çəkir. Çünki Ermənistanın kifayət qədər elektorata malik ənənəvi müxalifəti Rusiya ilə sıx bağlıdır və Kremlin siyasətinin əleyhinə getməyə lüzum görmürlər. Ona görə də Sərkisyan bu oyununda “Dağlıq Qarabağda vuruşmuş” silahlı qruplaşmadan və lidersiz, “spontan” mitinqlərə “toplaşan” etirazçılardan istifadə etməkdədir.
 
Dağlıq Qarabağın nizamlanması yönündə atılan ciddi addımlar və Sərkisyanın razılaşdığı ilkin məqamlardan yayınmaq üçün törətdiyi bu şouya Kreml nəhayət ki, Jirinovskinin sözləri ilə kəskin mövqe ortaya qoydu.
 
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının vitse-spikeri V.Jirinovskinin ötən gün “Layf” kanalında yayımlanan müsahibəsi əsl sensasiya yaratdı.
 
Musavat.com həmin dialoqu belə xatırladıb:
 
“Aparıcı: Vladimir Volfoviç, Amerika uzaqdır, Ermənistan isə yaxın. Ermənistanda baş verənləri xarakterizə edin...
 
V.Jirinovski: Tüpürüm Ermənistana...
 
Aparıcı: Nə danışırsınız?
 
V.Jirinovski: ...Orada müntəzəm olaraq çıxışlar olacaq. Balaca ölkədir, dağlıq ölkədir, dağların arasında, Türkiyə və Azərbaycanın arasında sıxışıb, heç bir perspektiv, heç bir iqtisadiyyat yoxdur. Orada artıq bir milyon erməni qalıb. Dünyada isə cəmi 6 milyondurlar. Hamısı qaçıb. Livan, İran, Rusiya, Fransa, Ştatlar - hər yerdə gəzirlər. Ermənistanda yaşamağa yer yoxdur - dağlardır. Təbii ki, orada müxtəlif qruplaşmalar bir-birinə qarşı nəsə edəcək.
 
Aparıcı: Yaxşı, axı orada bizim baza var, o, bizim strateji partnyorumuzdur, yəni strateji partnyora necə tüpürmək olar?
 
V.Jirinovski: Siz Allah, bəsdirin! Bax budur, bizə tüpürəcəklər - bazamızı götürəcəyik. Diz çöküb yalvaracaqlar ki, bazanı qaytaraq. Bu baza onların xilasıdır, əks halda, iki tərəfdən türklərlə azərbaycanlılar onları yer üzündən siləcək. Ona görə də Ermənistan haqda narahat olmağa dəyməz. Onlar bizdən heç yana qaçan deyil, çünki bu halda onların sonu, tam sonu çatacaq. Azərbaycanlılar dərhal Qarabağı götürəcəklər, türklər kömək edəcək. Üç yüz il əvvəl erməniləri II Yekaterina xilas edib".
 
***
 
Maraqlıdır ki, Jirinovskinin bu təhqiramiz fikirlərinə rəsmi İrəvan heç bir reaksiya bildirməyib.
 
Məsələ ilə bağlı müxalifyönlü “Lragir.am” portalında erməni siyasi şərhçi Akop Badalyan yazıb: “Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski bəyan edib ki, tüpürüm Ermənistana, Ermənistan Rusiyasız keçinə bilməz və o, Rusiyanın ayağına düşəcək ki, hərbi bazanı qaytarsın - əgər birdən həmin bazanı çıxarsalar... Faktiki surətdə bununla Rusiyanın Ermənistan haqda, “Sasna çrer”in oğlanları haqda nə düşündüyü ortaya qoyulur. Yəni bizə demək istəyirlər ki, Rusiyadan ayrılıb hara qaça bilərsiz ki? Üstəlik, bu zaman Ermənistana tüpürülür".
 
***
 
Əslində isə Ermənistan Kremlin Jirinovski vasitəsilə çatdırdığı mesaja Sərkisyanın avqustun 10-da Moskvaya rəsmi səfərə getməsi barədə yaydığı xəbərlə reaksiya vermiş oldu. Sərkisyan hansı oyun oynadığını və bu oyunun Kremlin maraqlarına qarşı çevrildiyini çox yaxşı bilir. Buna görə də Jirinovskinin təhqirini qəbul etmək məcburiyyətindədir.
 
Üstəlik, nəzərə almaq lazımdır ki, Rusiya Prezidenti Putin avqustun 8-də Bakıya gəlir və burada Əliyev-Putin-Ruhani görüşü baş tutacaq. İqtisadi-siyasi əlaqələrin inkişafında yeni mərhələ olacaq bu görüşdən dərhal sonra Sərkisyanın Moskvaya çağırılması isə təsadüfi deyil.
 
Qeyd edək ki, Kreml sözçüsü Peskov Sərkisyanın Moskva səfərinin “Putinin dəvəti ilə reallaşdığını” ötən gün xüsusi olaraq vurğuladı.